Məhkəmə qərarları › İş №e-2(003)-3260/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3260/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3260/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5078,88 manat əsas, 1,95 manat faiz, cəmi 5080,83 manat borcun və ödənilmiş 70,81 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında kredit müqaviəsi bağlanmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən müqavilə üzrə kredit borcu xx.xx.2019-cu il tarixdə restrukturizasiya olunmuşdur. Müqaviləyə əsasən kredit məbləği 15878,58 manat illik 1% dərəcəsi ilə 60 ay müddətinə verilmidir. Lakin, borclu şəxs X1 üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə isə 3942,33 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kreditalanın vəzifəsidir. İşə baxılması zamanı iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaldaraq məhkəmədən Cavabdeh 3940,38 manat əsas, 1,95 manat faiz, cəmi 3942,33 manat borcun və ödənilmiş 70,81 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək izahatında bildirdi ki, əmək haqqısının verilməsi ilə bağlı gecikmələr olduğundan kredit üzrə vaxtı-vaxtıdan ödənişlər edə bilməmişdir. Bununla bağlı bankada müraciət etmiş və ona şərait yaradılmasını xahiş etmişdir. Lakin bank tərəfindən heç bir şərait yaradılmamışdır. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 123149-1-15431/2 nömrəli nağd pul krediti müqaviləsindən görünür ki, həmin müqavilə iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 15878,58 manat məbləğində pulun kreditə verilməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən müştərinin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. - ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli 123149-1-15431/2 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək, ilk 12 ayı 13,23 manat, 14,11 manat və sairə məbləğlərdə, sonrakı aylarda isə hər ay 337,60 manat, sonuncu ay isə 337,88 manat ödəniş etməklə yerinə yetirməlidir. - kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 5373,67 manat məbləğində pul verilmişdir. -maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5078,88 manat əsas, 1,95 manat faiz, cəmi 5080,83 manat məbləğində borcu vardır. -maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3940,38 manat əsas, 1,95 manat faiz, cəmi 3942,33 manat məbləğində borcu vardır. - xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 70,81 manat məbləğində rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülki qanunvericiliyin tələblərinə uyğun qaydada İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, sonuncu həmin kredit müqaviləsi üzrə bankdan 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 15878,58 manat məbləğində kredit götürmüşdür. Borcalan (cavabdeh) kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş və kredit müqaviləsi şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışında qeyd məbləğlərdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçı tərəfindən ondan tələb olunan borc məbləğini mübahisələndirməmişdir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3940,38 manat əsas, 1,95 manat faiz borcu, cəmi 3942,33 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 70,81 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3940,38 manat əsas, 1,95 manat faiz borcu, cəmi 3942,33 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 70,81 manat tutularaq İddiaçı ASCyə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar