Məhkəmə qərarları › İş №e-2(003)-3407/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3407/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3407/2025 23.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlərdən əsas borc üzrə 1264.6 AZN, faiz borcuna görə 102 AZN, cərimə borcuna görə 163.94 AZN, cəmi 1530.54 (bir min beş yüz otuz manat, əlli dörd qəpik) AZN məbləğində borcun və 35.31 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1053 saylı kredit müqaviləsinə əsasən, borcluya ailə-kəndli təsərrüfatının yaradılması və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə, illik 28 faiz olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən, borclunun hər ay 166 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilmişdir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********1053 –1277419 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmin zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğində hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə İddiaçı-a 1264.6 manat əsas borc, 102 manat faiz borcu, 163.94 manat cərimə borcu olmaqla, ümumilikdə 1530.54 (bir min beş yüz otuz manat, əlli dörd qəpik) manat məbləğində borcu yaranmışdır.

3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərin rəsmi qeydə alındığı ünvana rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən qanunla müəyyən edilən müddətdə iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir etiraz təqdim edilməmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

4. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1053 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28 faiz ilə 3000 manat məbləğində kredit xətti açılmışdır.

5. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, **********1053 saylı müqaviləyə əsasən İddiaçı-a 1264.6 manat məbləğində əsas borc, 102 manat məbləğində faiz borcu, 163.94 manat məbləğində cərimə olmaqla, cəmi 1530.54 manat məbləğində borcu yaranmışdır.

6. xx.xx.2023-cü il tarixli, **********1053 –1277419 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, **********1053 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür.

7. xx.xx.2023-cü il tarixli “Kredit Kartının Mədaxil” Aktından görünür ki, kredit məbləği nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********205340saylı saylı kredit kartında Cavabdeh1 təqdim edilmişdir.

8. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 xəbərdarlıq məktubu göndərilərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1053 saylı kredit müqaviləsi üzrə 1264.6 manat əsas borc, 102 manat faiz borcu, 163.94 manat cərimə borcu olmaqla, ümumilikdə 1530.54 manat borcunun olduğu barədə xəbərdar edilmiş və həmin borcu ödəmədiyi təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

9. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 xəbərdarlıq məktubu göndərilərək, xx.xx.2023-cü il tarixli, **********1053 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirmədiyi, həmçinin, onun zaminlik müqaviləsi əsasında yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə kredit alanla eyni həcmdə məsuliyyət daşıması barədə məlumatlandırılmışdır.

10. 04 avqust 2025-ci il tarixli **********19 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən hazırkı tələb üzrə məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 35.31 AZN (otuz beş manat otuz bir qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

11. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

12. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

13. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

15. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

16. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

17. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

18. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

21. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

22. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

23. 24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

24. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

26. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək cavabdehə 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 3000 manat məbləğində pul vəsaiti verilmişdir. Lakin cavabdeh tərəfindən əsas borc və ona hesablanmış faizlər razılaşmaya uyğun olaraq müəyyən edilmiş müddət ərzində ödənilməmiş və nəticədə cavabdeh müqavilə öhdəliklərini pozmuşdur. Həmçinin, sözügedən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq zaminllik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə borc alan tərəfindən öhdəliklər yerinə yetirilmədiyinə görə, cavabdehlərə (borc alan və zaminə) xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək bütün borcun tam qaytarılması tələb edilməklə sözügedən müqavilədən imtina (ləğv) edilmişdir.

27. Məhkəmə qanunvericiliyin tələblərinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, cavabdehlər onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, müqavilə üzrə yaranmış borcu razılaşdırılmış qaydada iddiaçıya ödəmədiyi üçün cavabdehlərin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı müqavilədən imtina etməklə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi əsas borc və faiz borcu hissəsində əsaslı olduğundan tam təmin edilməli, 1264.6 AZN (bir min iki yüz altmış dörd manat altmış qəpik) əsas borc və 102 AZN (bir yüz iki manat) faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırda cərimə (dəbbə pulu) tələb etməsi mülki qanunvericiliyin və müqavilənin şərtlərinə uyğundur. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hazırda tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Hər bir konkret iş üzrə cərimənin azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, cərimə məbləğinin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər, ancaq onun azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, qanunverici cərimə məbləğini zərər vurulmasından asılı etməmiş və onu əldə ediləcək qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 1264.6 manat məbləğində əsas borca münasibətdə 163.94 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 63.23 AZN (altmış üç manat iyirmi üç qəpik) cərimə məbləği tutulmalıdır.

29. Məhkəmə iddianın ödənilmiş 35.31 (otuz beş manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi səbəbilə iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb etməkdə haqlıdır. Ancaq iddianın qismən təmin edildiyi nəzərə alınaraq həmin məbləğin də təmin edilmiş hissəyə (1264.6+102+63.23=1429.83) mütənsaib olaraq cavabdehdən tutulması qanunauyğundur. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində qismən təmin edilməli, 34.3 AZN (otuz dörd manat otuz qəpik) məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

31. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1264.6 AZN (bir min iki yüz altmış dörd manat altmış qəpik) əsas borc, 102 AZN (bir yüz iki manat) faiz borcu, 63.23 AZN (altmış üç manat iyirmi üç qəpik) cərimə olmaqla, cəmi 1429.83 AZN (bir min dörd yüz iyirmi doqquz manat səksən üç qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 34.3 AZN (otuz dörd manat otuz qəpik) dövlət rüsumunun məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MM QBKT-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1264.6 AZN (bir min iki yüz altmış dörd manat altmış qəpik) əsas borc, 102 AZN (bir yüz iki manat) faiz borcu, 63.23 AZN (altmış üç manat iyirmi üç qəpik) cərimə olmaqla, cəmi 1429.83 AZN (bir min dörd yüz iyirmi doqquz manat səksən üç qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 34.3 AZN (otuz dörd manat otuz qəpik) dövlət rüsumunun məbləği tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar