Məhkəmə qərarları › İş №e-2(003)-3433/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3433/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3433/2024 01.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Cavabdeh iştrakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə 6.981,05 manat məbləğində əsas borc, 1.251,88 manat məbləğində faiz borcu, 314,93 manat cərimə borcu olmaqla cəmi 8.547,86 manat borcun və 105,48 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1,8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8700 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1718,95 manat ödəniş etmiş və оnun iddiaçıya 6.981,05 manat məbləğində kredit bоrcu qalmışdır.Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, işdən çıxmışdır və bu səbəbdən krediti ödəyə bilmir. İddiaçı QSC xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, müştəri tərəfindən edilən ödənişlərə dair yeni maliyyə arayışını və hesabdan çıxarışı təqdim etdiyini bildirmiş, mülki işin bankın nümayəndəsinin iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 48 ay müddətinə ilik 22% ödəmək şərtilə 8.700 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək olan 48 ay müddətə İddiaçı QSC-yə hər ay 276 manat, sonuncu ay 257,43 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş OUT-2024/09/30-101 nömrəli, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 6.737,18 manat əsas, 1.272,60 manat faiz, 261,85 manat cərimə, cəmi 8.271,63 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746-5.2 maddəsinə əsasən istehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 105,48 manat xidmət haqqı ödənilmişdi. Məhkəmə hesab edir ki, 105,48 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi kredit müqaviləsi bağlanmış və 48 ay müddətinə illik 22% ödəmək şərtilə 8700 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı hazırkı iddia ilə əlaqədar 105,48 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı QSC müştəri tərəfindən edilən ödənişlərə dair yeni maliyyə arayışını və hesabdan çıxarışı təqdim etmişdir.Həmin maliyyə arayışından göstərilən borca əsasən iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı QSC-nin xeyrinə cavabdeh X1 6.737,18 manat əsas, 1.272,60 manat faiz, 261,85 manat cərimə və 105,48 manat dövlət rüsumu olmaqla cəmi 8.377,11 (səkkiz min üç yetmiş yeddi manat on bir qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar