Məhkəmə qərarları › İş №e-2(003)-3446/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3446/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3446/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu borcu 490.77 (dörd yüz doxsan manat, 77 qəpik) manat, cərimə borcu 73,62 (yetmiş üç manat 12 qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 594.79 (beş yüz doxsan dörd manat, 79 qəpik) tutularaq BOKT "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 1170,00 (min yüz yetmiş manat, 00 qəpik) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında 19 noyabr 2020-ci il tarixli, 043-EMB-1442-20 saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Krеdit Müqaviləsinin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022ci il tarixə əsas borcu 490.77 (dörd yüz doxsan manat, 77 qəpik) manat, faiz borcu 0.00 (sıfır manat 00 qəpik) manat, cərimə borcu 73,62 (yetmiş üç manat 12 qəpik) manat olmaqla ümumi borcu 564,39 (beş yüz altmış dörd manat 39 qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixli, 0111/22 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Lakin bizdən asılı olmayan səbəblərdən xəbərdarlıq (pretenziya) məktubunun cavabdehə çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, Cavabdeh lakin o, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış 19 noyabr 2020-ci il tarixli, 043- EMB-1442-20 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh 12 ay müddətinə illik 32 faiz ödəmək şərtilə 1182 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə BOKT "xxxx" QSC-yə 490.77 (dörd yüz doxsan manat, 77 qəpik) manat, cərimə borcu 73,62 (yetmiş üç manat 12 qəpik) manat olmaqla ümumi borcu 564,39 (beş yüz altmış dörd manat 39 qəpik) manat borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, 19 noyabr 2020-ci tarixli müqaviləyə əsasən, 490.77 manat əsas və 49.38 manat faiz borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 19 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən 490.77 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 73,62 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 19 noyabr 2020-ci il il tarixli müqaviləyə əsasən 7 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10,40 manat isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 490.77 manat əsas, 7 manat cərimə, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməli, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun qalan 10,40 manatı iddiaçı BOKT "xxxx" QSC -yə aid edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 19 noyabr 2020-ci il tarixli, 043-EMB-1442-20 saylı Krеdit Müqaviləsi üzrə 490.77 manat əsas, 7 manat cərimə, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumu ümumilikdə 517.77 (beş yüz on yeddi manat 77 qəpik) manat tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun qalan 10,40 manatı iddiaçı BOKT "xxxx" QSC -yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar