Məhkəmə qərarları › İş №e-2(003)-3455/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3455/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3455/2025 16.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması barədə” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızndan 25296.02 manat əsas borc, 1745.24 manat məbləğində vaxtı keçmiş faiz borcu olmaqla, cəmi 27041.26 (iyirmi yeddi min qırx bir manat iyirmi altı qəpik) manat məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 171,13 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 631/FV-KM-0224 saylı istehlak krediti müqaviləsinə əsasən, Cavabdeh qızna 48 ay müddətinə, illik 14.5% olmaqla 27 000 (iyirmi yeddi min) manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinə əsasən Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. xx.xx.2025-ci il tarixli hesablamalara əsasən cavabdehin İddiaçı ASC-nə 25296.02 manat əsas borc, 1745.24 manat məbləğində faiz borcu olmaqla, cəmi 27041.26 (iyirmi yeddi min qırx bir manat iyirmi altı qəpik) manat məbləğində borcu vardır.Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.

3. İddiaçı ASC tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, mülki işi üzrə məhkəməyə müraciət olunduğu tarixdən sonra keçən müddət ərzində faiz borcu yarandığından cəmi iddia tələbi həcminin artırılması zərurəti yarandığını, bu səbəbdən məhkəmədən qətnamə çıxarılarkən Cavabdeh İddiaçı ASC-nin xeyrinə ödənilməli olan borcun 25296.02 (iyirmi beş min iki yüz doxsan altı manat iki qəpik) manat əsas borcu, 2443.06 (iki min dörd yüz qırx manat altı qəpik) manat faiz borcu olmaqla, cəmi 27739.08 (iyirmi yeddi min yeddi yüz otuz doqquz manat səkkiz qəpik) manat məbləğinin, iddia ərizəsi üzrə ödənilmiş 173,22 manat dövlət rüsumunun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir.

Proses iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 631/FV-KM- 0224 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 48 ay müddətinə, illik 14.5 % ödəmək şərti ilə 27 000 manat məbləğində kredit verilməsi, borcalan tərəfindən isə həmin məbləğin təyinatına uyğun istifadə edilməsi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarılması qarşılıqlı razılaşdırılmışdır.

7. 09 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, 631/FV-KM-0224 saylı kredit müqaviləsi üzrə Cavabdehnun 09 iyul 2025-ci il tarixinə banka 25296.02 AZN əsas borc və 1745.24 AZN faiz borcu olmaqla, cəmi 27041.26 AZN məbləğində borcu yaranmışdır.

8. xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilərək, xx.xx.2025-ci il tarixinə 25296.02 AZN əsas borc və 1745.24 AZN faiz borcu olmaqla, cəmi 27041.26 AZN məbləğində borcunun yarandığı bildirilmiş və bütün borcun tam ödənilməsi və kredit müqaviləsinin ləğv olunması tələb edilmiş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

9. 12.08.2025-ci il tarixli, **********84 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən hazırkı tələb üzrə məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 171.13 AZN məbləğində dövlət rüsumu ödənilmişdir.

10. 16 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, 631/FV-KM-0224 saylı kredit müqaviləsi üzrə Cavabdehnun 16 sentyabr 2025-ci il tarixinə banka 25296.02 AZN əsas borc və 2443.06 AZN faiz borcu olmaqla, cəmi 27739.08 AZN məbləğində borcu yaranmışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

11. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

12. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

13. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

14. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

15. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

16. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir.

19. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı (bank) tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək cavabdehə 48 ay müddətinə, illik 14.5% ödəmək şərtilə 27000 manat məbləğində pul vəsaiti verilmişdir. Lakin cavabdeh tərəfindən əsas borc və ona hesablanmış faizlər razılaşmaya uyğun olaraq müəyyən edilmiş müddət ərzində ödənilməmiş və nəticədə cavabdeh müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq (pretenziya) göndərilərək bütün borcun tam qaytarılması tələb edilməklə sözügedən müqavilədən imtina (ləğv) edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyə müraciət olunan tarixdən sonrakı hesablanmış faiz məbləğinin və ona mütənasib olaraq ödənilmiş dövlət rüsumunun cavbdehdən tutulmasını xahiş etmişdir.

20. Məhkəmə qanunvericiliyin tələblərinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, müqavilə üzrə yaranmış borcunu razılaşdırılmış qaydada iddiaçıya ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı (bank) müqavilədən imtina etməklə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməli, 25296.02 AZN (iyirmi beş min iki yüz doxsan altı manat iki qəpik) məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödənilməli borc barədə cavabdehə xx.xx.2025-ci il tarixli bildirişlə (pretenziya) müraciət edərkən hazırki iddia ərizəsində göstərilən məbləğ (2443.06 manat) barədə deyil, başqa məbləğ (1745.24 – bir min yeddi yüz qırx beş manat iyirmi dörd qəpik) barədə borclunu məlumatlandırmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini əsas alaraq hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərməklə ondan bütün borcun qaytarılmasını tələb etməsi, əks halda barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilməsi (birtərəfli qaydada iradə ifadəsinin qarşı tərəfə bildirilməsi) kredit müqaviləsinin bildirişdə göstərilən əlavə müddət bitdiyi tarixdən birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Ona görə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi bildiriş cavabdehə çatdırıldığı andan ləğv edilmiş hesab edilir. Belə olan halda müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması qanuni yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Lakin kreditor müqavilə ləğv edildiyi vaxtdan gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin (qanuni faiz) ödənilməsini tələb etmək hüququna malikdir. Hazırda isə bununla bağlı heç bir tələb mövcud deyil. Ona görə hazırki vəziyyətdə iddia tələbi faiz hissəsində qismən, yəni bildirişdə göstərilən 1745.24 AZN (bir min yeddi yüz qırx beş manat iyirmi dörd qəpik) məbləğində təmin edilməlidir.

22. Məhkəmə iddia tələbinin ödənilmiş 173.22 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənilmişdir və iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı həmin məbləği də təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq tələb etməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təmin edilmiş tələbə mütənasib olaraq 171.13 AZN (bir yüz yetmiş bir manat on üç qəpik) məbləğində dövlət rüsumunun məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

24. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 25296.02 manat əsas və 1745.24 manat faiz olmaqla, cəmi 27041.26 manat məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 171.13 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. Cavabdeh 25296.02 AZN (iyirmi beş min iki yüz doxsan altı manat iki qəpik) məbləğində əsas və 1745.24 AZN (bir min yeddi yüz qırx beş manat iyirmi dörd qəpik) faiz borcu olmaqla, cəmi 27041.26 AZN (iyirmi yeddi min qırx bir manat iyirmi altı qəpik) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 171.13 AZN (bir yüz yetmiş bir manat on üç qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı Kommersiya Bankı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar