Məhkəmə qərarları › İş №e-2(003)-3480/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3480/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3480/2023 19.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0084075AZN16960 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 239,56 manat əsas borc, 21,18 manat faiz borcu, 317 manat cərimə borcu olmaqla, cəmi 577,74 manat borcun, AVNS331 saylı maliyyələşdirmə üçün ərizəyə (41010AZNFK********** saylı kart hesabına bağlı) əsasən 298,40 manat əsas borc, 28,02 manat faiz borcu, 261,53 manat cərimə borcu olmaqla, cəmi 587,95 manat borcun, həmçinin ödənilmiş 32 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2018-ci il tarixli 1.1.1 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-09556İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərfləri (müvafiq redaksiyada) qəbul edir. Daha sonra həmin Ümumi Şərtlər toplusu çərçivəsində: - 0084075AZN16960 saylı xx.xx.2019-cu il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2020-ci il tarixədək ilik faiz dərəcəsi 20.3%, illik cərimə faizi 180% olmaqla 550 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmiş, AVNS331 saylı xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizəyə (41010AZNFK********** saylı kart hesabına bağlı) əsasən Borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 20%, illik cərimə faizi 24% olmaqla 300 manat məbləğində istehtak xərcləri məqsədilə kredit xətti ayrlmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazmi qaydada icra etməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusundan görünür ki, bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya overdraft), ödəniş kartlarının verilməsi və bu xidmətlərinin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Həmin toplunun İV-cü hissəsinin 1.1.1-ci bəndinə əsasən Bank “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik kredit və ya kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Müştəriyə “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən şərtlərlə Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası, istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunacaq və bu Müqaviləyə əlavə ediləcək. Həmin toplunun İV-cü hissəsinin 5-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə, kreditdən “fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə və digər hallarda bank kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. -xx.xx.2019-cu il tarixli GTC-09556İB/2019 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2018-ci il tarixli 1.1.1 N-li versiyasının şərtlərinin qəbul etməsi barədə razılıq ərizəsindən görünür ki, Cavabdeh bu razılıq ərizəsini imzalamaqla Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2018-ci il tarixli 1.1.1 N-li versiyanı diqqətlə oxuduğunu, onun bütün şərtlərini, müştəriyə aid hüquq və vəzifələri baş düşdüyünü təsdiq etmişdir. - xx.xx.2019-cu il tarixli 0084075AZN16960 saylı fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixinə qədər 20.03 illik faiz dərəcəsi ilə 550 manat məbləğində kredit verilmişdir. -xx.xx.2019-cu il tarixli AVNS331 saylı fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixinə qədər 20 illik faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açılmışdır. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı Banka xx.xx.2023-cü il tarixə 0084075AZN16960 saylı fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizəsi əsasında 239,56 manat əsas, 21,18 manat faiz borcu, 317 manat cərimə olmaqla cəmi 577,74 manat, AVNS331 saylı fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə əsasında 298,40 manat əsas, 28,02 manat faiz borcu, 261,53 manat cərimə olmaqla cəmi 587,95 manat borcu vardır. -xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən yaranmış öhdəliklərin 7 iş günü müddətində yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə müvafiq məhkəmə orqanlarına müraciət ediəcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2023-cü il tarixli qəbz əsasında iddiaçı tərəfindən 32 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 408.1 və 408.2-ci maddələrinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır Həmin Məcəllənin 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən kreditin verilməsi ilə bağlı göndərilmiş oferta şərtlərinə uyğun qaydada cavabdeh tərəfindən verilmiş razılıq əsasında xx.xx.2019-cu il tarixli 0084075AZN16960 saylı fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə üzrə iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixinə qədər 20.03 illik faiz dərəcəsi ilə 550 manat məbləğində kredit verilmiş, həmçinin xx.xx.2019-cu il tarixli AVNS331 saylı fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə üzrə iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixinə qədər 20 illik faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açılmışdır. Kreditalan (cavabdeh) üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmiş və kredit müqaviləsi şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışında qeyd məbləğlərdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. Yuxarıda sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən verilmiş kreditlər üzrə əsas və faiz borcunun qaytarılması hissəsində haqlı olmuşdur. Eyni zamanda məhkəmə, iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, cərimə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, cərimə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 084075AZN16960 saylı fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə üzrə 239,56 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 317 manat cərimə pulunun, AVNS331 saylı fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə üzrə 298,40 manat əsas borca münasibətdə cavabdehdən 261,53 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 084075AZN16960 saylı fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə üzrə 20 manat, AVNS331 saylı fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə isə 25 manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 0084075AZN16960 saylı maliyyələşdirmə üçün ərizə əsasında 239,56 manat əsas, 21,18 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 280,74 manat borcun, AVNS331 saylı maliyyələşdirmə üçün ərizə əsasında 298,40 manat əsas, 28,02 manat faiz, 25 manat cərimə borcu olmaqla, cəmi 351,42 manat borcun, ümumilikdə 632,16 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 32 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 0084075AZN16960 saylı maliyyələşdirmə üçün ərizə əsasında 239,56 manat əsas, 21,18 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 280,74 manat borcun, AVNS331 saylı maliyyələşdirmə üçün ərizə əsasında 298,40 manat əsas, 28,02 manat faiz, 25 manat cərimə borcu olmaqla, cəmi 351,42 manat borcun, ümumilikdə 632,16 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 32 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar