Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3487/2023 03.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğinin artırılaraq hər ay 220 manat aliment sabit pul məbləğində alimentin və 60 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, azyaşlı övladları Leylanın onun himayəsində saxlanılması və cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 108 manat sabit pul məblğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda aliment məbləğinin artırılması zərurəti vardır. Belə ki, 108 manat sabit pul məbləğində alimentin təyin olunmasından 7 il ötür. Bu müddət ərzində bazar qiymətləri artmış və bunun nəticəsində uşağın saxlanılması çətinləşmişdir. Uşaq böyüdükcə xərcləri də çoxalır. Onun geyim, yemək və təhsil xərcləri 108 manat hesabına qarşılamaq mümkün deyil. Cavabdehin rəsmi iş yeri var. Belə ki, o, "xxxx" MMC-də çilingər vəzifəsində çalışır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, ikinci dəfə ailə qurmuş və iki uşağı vardır. "xxxx" MMC-də çilingər işləyir və ondan tutulan aliment çıxıldıqda 450-460 manat əmək haqqı alır. Hazırda iddiaçıya 150 manat məbləğində aliment verə bilər. Yəni ondan tutulan alimentin 50 manat məbləğində artırılmasına etirazı yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı tarixli, 2(003)-41/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X2 anası, X3 yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015ci il tarixdən başlayaraq Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 16 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, alimentin artırılması barədə mübahisə üzrə Cavabdeh mediasiya prosesində iştirak etməməsi səbəbindən ilkin mediasiya sessiyasının keçirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. -Mediland hospital tərəfindən veirlmiş arayışdan görünür ki, Leyla Mirzəyeva xx.xx.2023-cü il tarixdə burun əti əməliyyatı olmuşdur. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, İddiaçı, "xxxx" MMC-də mühəndis vəzifəsində işləyir və əmək haqqı 627 manat təşkil edir. İş materiallarında olan AZ-İİ seriyalı, 295791 nömrəli nikah haqqında şəhadətnamənin surətindən və Elektron Məhkəmə informasiya sistemindən görünür ki, Cavabdeh, X1 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından iki uşaqları- xx.xx.2022ci il təvəllüdlü Jasmin Mirzəyeva və xx.xx.2019-cu il təvəllüdlü Vaqif Mirzəyev adlı uşaqları vardır. O, "xxxx" MMC-də çilingər-alətçi vəzifəsində işləyir və əmək haqqı 714 manat təşkil edir. Beləliklə, iddiadan və iş materiallarının görünür ki, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin, bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və s. dəyişmişdir. Həmçinin, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin, bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Həmçinin qeyd edilməlidir ki, cavabdeh də bir valideyn kimi uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında vəzifəlidir. Onun ikinci dəfə nikaha daxil olması və ikinci nikahından iki uşağının olması halları isə birinci nikahından olan uşağın tələbatlarını ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-41/2016, xx.xx.2016-cı tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, uşağın tərbiyəsində və saxlanmasında himayəsində olan ananın (iddiaçının) üzərinə daha çox yükün düşməsi nəzərə alınmaqla iddia tələbi əsaslı hesab edilməli və cavabdehdən tutulan alimentin miqdarı artırılaraq tələb olunan miqdarda, yəni 220 manat məbləğində müəyyən edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Həmçinin məhkəmə, iddia tələbinin cavabdehdən mediasiya xərcinin tutulması hissəsinə qiymət verərək hesab edir ki, cavabdehdən mediasiya xərci üçün 50 manat iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 16 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərci üçün ödənilmiş məbləğ 50 manat olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-41/2016 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment , həmçinin 50 manat məbləğində mediasiya xərci tutulmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun tutulması məsələsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan maddələri nəzərə alınmaqla, iş üzrə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Həmçinin tutulmalı olan dövlət rüsumunun məbləğinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 112 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1344 (112x12) manat müəyyən edilməklə iddianın qiyməti 1000 manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 33,44 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-41/2016 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulsun. Həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 33,44 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-3487/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3487/2023
03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver