Məhkəmə qərarları › İş №e-2(003)-3544/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3544/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3544/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 109804-562656/1 nömrəli kredit müqaviləsi üzrə 1570,09 manat məbləğində əsas bоrcu və 665,28 manat faiz borcu, 109797-PC********** nömrəli kredit müqaviləsi üzrə isə 509,58 manat məbləğində əsas bоrcu və 83,51 manat faiz borcu оlmaqla, hər iki müqavilə üzrə ümumilikdə 2828,46 manat borcun və 42,69 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 109804-562656/1 nömrəli kredit müqaviləsinə əsasən, 12 ay müddətinə, illik 12% dərəcəsi ilə 1700 manat və xx.xx.2023-cü il tarixli, 109797-PC********** nömrəli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 24% dərəcəsilə 509,58 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh tərəfindən müqavilənin və ödəniş cədvəlinin şərtlərinə əməl edilməmiş, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə istinad edilən maddələrin tələblərinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci tarixli, 109804-562656/1 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC 1700 manat məbləğində krediti borcalana verməyi, borcalan isə 12 ay müddətinə və illik 12% dərəcəsilə krediti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci tarixli, 109797-PC********** nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC 500 manat məbləğində krediti borcalana verməyi, borcalan isə 36 ay müddətinə və illik 24% dərəcəsilə krediti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında əlavə edilmiş "xxxx" ASC tərəfindən borcalan Cavabdeh ünvanlanmış xx.xx.2023-cü-ci il tarixli bildirişdən görünür ki, 109804-562656/1 nömrəli kredit müqaviləsi üzrə cavabdehin əsas borcu 1570,09 manat, faiz borcu isə 55,23 manat olmaqla, cəmi 1625,32 manat təşkil edir. Həmin bildirişə əsasən cavabdeh borc barədə xəbərdar edilmiş, gecikdirilmiş borcun 20 mart 2023-cü il taixədək ödənilməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında əlavə edilmiş "xxxx" ASC tərəfindən borcalan Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, 109797-PC********** nömrəli kredit müqaviləsinə əsasən cavabdehin əsas borcu 487,21 manat, faiz borcu isə 18,47 manat olmaqla, cəmi 505,68 manat təşkil edir. Həmin bildirişə əsasən cavabdeh borc barədə xəbərdar edilmiş, gecikdirilmiş borcun 22 mart 2023-cü il taixədək ödənilməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş 13 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 109797-PC********** nömrəli kredit müqaviləsi üzrə borcalanın banka 509,58 manat əsas borcu və 83,51 manat faiz borcu olmaqla, cəmi 593,09 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 139 gün təşkil edir. İş materiallarına əlavə edilmiş 13 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 109804-562656/1 kredit müqaviləsinə əsasən borcalanın banka 1570,09 manat əsas borcu və 665,28 manat faiz borcu olmaqla, cəmi 2235,37 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 215 gün təşkil edir. Məhkəmə iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə işin müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur. Həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Belə ki, cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən əsaslı olmuşdur. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixli, 109804-562656/1 nömrəli kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli, 109797-PC********** nömrəli kredit müqaviləsi üzrə yaranmış borcu 13 sentyabr 2023-cü il tarixli maliyyə arayışlarına əsasən tələb etmişdir. Halbuki iddiaçı tərəfindən borcalan Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdə 109804-562656/1 nömrəli kredit müqaviləsi üzrə cavabdehin əsas borcunun 1570,09 manat, faiz borcunun isə 55,23 manat olmaqla, cəmi 1625,32 manat, eləcə də xx.xx.2023-cü il tarixli bildirişdə 109797-PC********** nömrəli kredit müqaviləsinə əsasən cavabdehin əsas borcunun 487,21 manat, faiz borcunun 18,47 manat olmaqla, cəmi 505,68 manat təşkil etməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar)”. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışlarını, eləcə də cavabdehə göndərilmiş bildirişləri işin faktiki halları baxımından araşdıraraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrdə verilən borc illik 12 və 24 faizlə verilmişdir, lakin cavabdehə göndərilmiş bildirişlərin üzərindən 5 ay keçdikdən sonra tərtib edilmiş maliyyə arayışlarında tələb edilən borc məbləğləri arasında nəzərə çarpan fərqlər mövcud olmuşdur ki, iddiaçı tərəf də həmin fərqin hansı qaydada hesablanması barədə mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına istinad etməklə hesab edir ki, iddiaçı tərəf cavabdehə bildirişlər göndərməklə müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) niyyətini göstərmişdir, çünki digər tərəf, yəni borcalan müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlə bağlanmış kredit müqavilələri üzrə müqavilələrin müddəti bitmədiyindən, eləcə də iddiaçı tərəf cavabdehə bildiriş göndərməklə müqavilənin birtərəfli qaydada ləvği barədə niyyətini göstərdiyindən, əsas və faiz borcu məhz cavabdehə göndərilmiş bildirişdə hesablanmış məbləğdə müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, сavabdehə rəsmi qaydada bildiriş göndərilsə də iddia tələbinə dair öz mülahizəsini təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci tarixli, 109804-562656/1 nömrəli kredit müqaviləsinə əsasən 1570,09 (min beş yez yetmiş manat, doqquz qəpik) manat əsas borc, 55.23 (əlli beş manat iyirmi üç qəpik) manat faiz borcu, həmçinin xx.xx.2022-ci tarixli, 109797-PC********** nömrəli kredit müqaviləsinə əsasən 487.21 (dörd yüz səksən yeddi manat, iyirmi bir qəpik) manat əsas borc, 18.47 (on səkkiz manat, qırx yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 2131 (iki min yüz otuz bir) manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 42.69 manat məbləğində dövlət rüsumunun 21,34 (iyirmi bir manat, otuz dörd qəpik) manat hissəsi cavabdeh iddiaçı xeyrinə tutulmalı, rüsumun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 284-1 - 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci tarixli, 109804-562656/1 nömrəli kredit müqaviləsinə əsasən 1570,09 (min beş yez yetmiş manat, doqquz qəpik) manat əsas borc, 55,23 (əlli beş manat iyirmi üç qəpik) manat faiz borcu, xx.xx.2022-ci tarixli, 109797-PC********** nömrəli kredit müqaviləsinə əsasən 487,21 (dörd yüz səksən yeddi manat, iyirmi bir qəpik) manat əsas borc, 18,47 (on səkkiz manat, qırx yeddi qəpik) manat faiz borcu olmaqla cəmi 2131 (iki min yüz otuz bir) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 21,34 (iyirmi bir manat, otuz dörd qəpik) manat hissəsi tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar