Məhkəmə qərarları › İş №e-2(003)-364/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-364/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-364/2024 02.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh notarial qaydada verdiyi 21000 ABŞ dolları (35700 manat) məbləğində pulun,13000 ABŞ dolları (22100 manat) pulun, ümumilikdə 34000 ABŞ dolları borcun ödəniş gününə Azərbaycan manatına uyğun alınaraq ona verilməsi və iddianın verilməsi üçün ödənilmiş 264 manat dövlət rüsumunun, vəkil xidmətinə görə ödənilmiş 220 manat xidmət haqqının tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh 22 yanvar 2021-ci il tarixdə 21000 ABŞ dolları ekvivalentində - 35700 manat məbləğində 22 aprel 2021-ci il tarixində qaytarmaq şərti ilə borca pul vermişdir. Bununla əlaqədar onunla Cavabdeh arasında Abşeron rayonu 2 saylı notariat kontorunun xususi notariusu X3 tərəfindən təsdiq edilmiş 22 yanvar 2021 ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh borca verilmiş pulu 22 aprel 2021-ci il tarixədək ödəyəcəyini bildirsə də, borcu hazırki vaxtadək qaytarmamışdır. Bundan başqa cavabdeh notarial qaydada borc verildikdən 2 ay sonra əlavə borca pul lazım olduğunu bildirərək ondan əlavə olaraq 13000 ABŞ dolları ekvivalentində - 22100 manat borca pul almışdır . Onun müqavilə üzrə müəyyənləşdirilmiş borcunun, ümumiyyətlə borclarının qaytarılmasını xahiş etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə pulları qaytarmaqdan imtina etmiş və hazırda da imtina etməkdədir. Cavabdeh ərizələrlə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı 34000 ABŞ dolları məbləğində borcun tutulması barədə iddiasını qəbul etdiyini bildirmiş və tələb olunan borcu birdəfəlik ödəməyə maddi imkanının olmadığı, 34000 ABŞ dolları məbləğində borcun hissə-hissə olmaqla 8 ay ərzində qaytaracağı nəzərə alınaraq bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: 22 yanvar 2021-ci il tarixli, notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 35700 manat (21000 ABŞ dolları) məbləğində borc pul vermiş, Cavabdeh krediti xx.xx.2021-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Gunay Bank ASC-nin 6 saylı filialı tərəfindən verilmiş 22 yanvar 2021-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı Cavabdeh 35700 manat məbləğində pul vermişdir. “Expresspay” ödəniş sisteminin xx.xx.2023-cü il tarixli, 19808 nömrəli qəbzindən görünür ki, İddiaçı tərəfindən 220 manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə xeyrinə ödənilmişdir. X2 ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 264 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc mnüqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh onlar arasında bağlanmış kredit müqaviləsinə əsasən 21000 ABŞ dolları məbləğində borc pul, həmçinin 13000 ABŞ dolları məbləğində borc pul, cəmi 34000 ABŞ dolları məbləğində borc pul vermişdir. İddiaçı Cavabdeh 34000 ABŞ dolları məbləğində borc pul verməsi Cavabdeh tərəfindən ərizə ilə etiraf edilmişdir. Cavabdeh 34000 ABŞ dolları məbləğində pulu qaytarmağı öhdəsinə götürmüş olsa da, o, heç bir ödəniş etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının ödədiyi pul məbləğinin qaytarılmaması iş materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyi üçün iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilərək ödənilməmiş 34000 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, vəkil xidmətinə görə ödənilmiş 220 manat və dövlət rüsumu üçün ödənilmiş 264 manat məbləğində pul iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ödəniş günü Azərbaycan manatına olan nisbəti nəzərə alınaraq 34000 (otuz dörd min) ABŞ dolları məbləğində borc pul, vəkil xidmətinə görə ödənilmiş 220 manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 264 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödəniş günü Azərbaycan manatına olan nisbəti nəzərə alınaraq 34000 (otuz dörd min) ABŞ dolları məbləğində borc pul, vəkil xidmətinə görə ödənilmiş 220 (iki yüz iyirmi) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 264 (iki yüz altmış dörd) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar