Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3669/2022 26.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevinc Hüseyn qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması, tələbin girov predmetinə yönəldilməsi və girov predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3572,6 manat əsas borc, 391,52 manat faiz borcu, 527,12 manat cərimə, cəmi 4491,24 manat məbləğində borcun və 64,92 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin girovla yüklü edilmiş 750 əyar 4,8 qram 1 ədəd sep, 750 əyar 5,5 qram 2 ədəd üzük, 750 əyar 1,3 qram 1 ədəd klon, 583 əyar 11 qram 3 ədəd sep, 583 əyar 8,3 qram 2 ədəd qolbağ, 583 əyar 4,5 qram 1 ədəd komplekt, 583 əyar 7,6 qram 2 ədəd sırğa, 583 əyar 9,5 qram 2 ədəd üzük, 583 əyar 10,8 qram 3 ədəd klondan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, qeyd olunan qızıl-zinət əşyalarının açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına cəmi 4491,24 manat məbləğində borcun və 64,92 manat məbləğində dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin satışından əldə edilən vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2022-ci il tarixli YSLMB-08461 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 27,5 % hesablanmaq şərti ilə 3690,0 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərin icrasından qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdehin qeyd olunan müqavilə üzrə əsas borca görə 3572,6 manat, faiz borcuna görə 391,52 manat, cərimə borcuna görə 527,12 manat, cəmi 4491,24 manat təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi 12 aprel 2022-ci il tarixli girov müqaviləsinə əsasən cavabdehə məxsus qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 19 sentyabr 2018-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Yasamal” filialına saxlanca verilmişdir. Həmin əşyalar 750 əyar 4,8 qram 1 ədəd sep, 750 əyar 5,5 qram 2 ədəd üzük, 750 əyar 1,3 qram 1 ədəd klon, 583 əyar 11 qram 3 ədəd sep, 583 əyar 8,3 qram 2 ədəd qolbağ, 583 əyar 4,5 qram 1 ədəd komplekt, 583 əyar 7,6 qram 2 ədəd sırğa, 583 əyar 9,5 qram 2 ədəd üzük, 583 əyar 10,8 qram 3 ədəd klondan ibarətdir. Kredit müqaviləsinin 4.6cı bəndinə əsasən, müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər. Bundan başqa, müştəri bir dəfə kredit müqaviləsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyi tələb etmək hüququ vardır. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcun ödənilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185. maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə arasında bağlanmış 12 aprel 2022-ci il tarixli YSLMB- 08461 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən ona 24 ay müddətinə, illik 27,5 % hesablanmaq şərti ilə 3690,0 manat məbləğində kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı üsulu kimi ona məxsus qızıl-zinət əşyalarını banka girov qoymuşdur. İddia ərizəsində göstərilən qızıl-zinət əşyaları ona məxsusdur və 63,30 qramdır. Girov müqaviləsində Bu vaxtadək banka cəmi iki dəfə ödəniş etmiş, sonradan borcun qalanını ödəyə bilməmişdir. O, cərimə və faiz borcu ilə razı deyildir. Məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2022-ci il tarixli YSLMB-08461 №-li kredit müqaviləsinin 1.1. bəndinə əsasən sonuncuya istehlak məqsədi ilə 24 ay müddətinə illik istifadə haqqı 27,5 % hesabı ilə 3690,0 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 12 aprel 2022-ci il tarixli YSLMB-08461 №-li saxlanc girovu haqqında müqavilənin 1.1 və 4.2-ci bəndlərinə görə, kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təminatı Cavabdeh məxsus 5770,35 manat dəyərində olan qızıl-zinət əşyalarıdır. Həmin müqavilənin 5.4 və 5.5-ci bəndlərinə əsasən, girov qoyan saxlanc girovu ilə təmin edilmiş öhdəliyi vaxtında və tam icra etmədikdə, qanunla müəyyən olunmuş digər əsaslar olduqda girov qoyanın saxlanc girovunun predmetinə dərhal tutma yönəldilməsi hüququ yaranır. Əsas kredit borcunun, yaxud onun bir hissəsinin, faizlərin, dəbbə və cərimə borclarının vaxtında ödənilməməsi, bu müqavilədə nəzərdə tutulmuş kredit üzrə faizlərin ödənilməsi müddətinin bir dəfə pozulması girov saxlayanın girova tutma yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan, İddiaçı ASC-nın “Yasamal” filialına girov qoyulan əmlakın və qiymətli əşyaların siyahısından görünür ki, girovun predmetini cəmi dəyəri 4518.365 manat, bazar dəyəri 5770,35 manat təşkil edən 750 əyar 4,8 qram 1 ədəd sep, 750 əyar 5,5 qram 2 ədəd üzük, 750 əyar 1,3 qram 1 ədəd klon, 583 əyar 11 qram 3 ədəd sep, 583 əyar 8,3 qram 2 ədəd qolbağ, 583 əyar 4,5 qram 1 ədəd komplekt, 583 əyar 7,6 qram 2 ədəd sırğa, 583 əyar 9,5 qram 2 ədəd üzük, 583 əyar 10,8 qram 3 ədəd klondan ibarət qızıl-zinət əşyalarıdır. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında 12 aprel 2022-ci il tarixli kredit müqaviləsi və eyni tarixli saxlanc girovu haqqında müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yeni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya 3572,6 manat əsas, 391,52 manat faiz olmaqla, cəmi 4491,24 manat məbləğində borcu yaranmış, cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. İşin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 3572,6 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 572,12 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 100,0 manat cərimə tutulmalıdır. Məhkəmə, tələbin girov predmetinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə görə, bununla bağlı tərəflər arasında notarial qaydada təsdiq edilmiş razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə görə, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298-ci maddəsinə görə girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Məhkəmə iddianın “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan hissənin cavabdehdən tutulması”na dair iddiaçının dəlillərini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın 64,92 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 64,92 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3572,6 manat əsas borc, 391,52 manat faiz borcu, 100,0 manat cərimə, cəmi 4064,12 manat borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 64,92 manat məbləğində pul vəsaiti tutulmalı, göstərilən tələb girov qoyulmuş əşyalara yönəldilməli, həmin qızılzinət əşyaları açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait 4129,04 manat məbləğində borcun ödənilməsinə yönəldilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 3572,6 manat əsas borc, 391,52 manat faiz borcu, 100,0 manat cərimə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 64,92 manat olmaqla, cəmi 4129,04 (dörd min yüz iyirmi doqquz manat, dörd qəpik) məbləğində pul vəsaiti tutulsun. Göstərilən tələb Cavabdeh məxsus girov qoyulmuş əşyalara - 750 əyar 4,8 qram 1 ədəd sep, 750 əyar 5,5 qram 2 ədəd üzük, 750 əyar 1,3 qram 1 ədəd klon, 583 əyar 11 qram 3 ədəd sep, 583 əyar 8,3 qram 2 ədəd qolbağ, 583 əyar 4,5 qram 1 ədəd komplekt, 583 əyar 7,6 qram 2 ədəd sırğa, 583 əyar 9,5 qram 2 ədəd üzük, 583 əyar 10,8 qram 3 ədəd klondan ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Qeyd olunan qızıl-zinət əşyaları açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait 4129,04 manat məbləğində borcun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Qaralov
Məhkəmə qərarları › İş №e-2(003)-3669/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3669/2022
26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver