Məhkəmə qərarları › İş №e-2(003)-3710/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3710/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3710/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 3658,18 manat məbləğində əsas borc, 220,86 manat məbləğində faiz borcu, 102,36 manat cərimə borcu olmaqla cəmi 3.981,40 manat borcun və 60 manat məbləğində ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK-00524-16/21A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya istehlak məqsədi ilə 36 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 20.000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh3 xx.xx.2021-ci il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə MKZ-00524-16/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Həmçinin Cavabdeh2 xx.xx.2021-ci il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə MKZ2-00524-16/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehlər kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminlərə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməmişlər. Cavabdehlərin MK-00524-16/21A kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 3658.18 AZN , faiz məbləği 220.86 AZN , dəbbə borcu 102.36 AZN təşkil edir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK-00524-16/21A saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə ilik 23 % ödəmək şərtilə 20.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər 775 manat (sonuncu ay 725,01) ödəniş etməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borcu 3658,18 manat, faiz üzrə borcu 220,86 manat, cərimə üzrə borcu 102,36 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 14.082024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 3 iş günü müddətində borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, MKZ-00524-16/21A saylı zaminlik müqaviləsinin surətindən görünür ki, X1 borcalanın öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməməsinə görə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, MKZ2-00524-16/21A saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 borcalanın öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməməsinə görə məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Mülki Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746-5.2 maddəsinə əsasən istehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30+1000 manatdan yuxarı olan iddia məbləğinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 60,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 60,40 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3658,18 manat məbləğində əsas borc, 220,86 manat məbləğində faiz borcu, 102,36 manat cərimə və 60 manat məbləğində ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı olmaqla cəmi 4.041,80 manat məbləğində pul vəsaiti tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3658,18 manat məbləğində əsas borc, 220,86 manat məbləğində faiz borcu, 102,36 manat cərimə və 60 manat məbləğində ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı olmaqla cəmi 4.041,80 (dörd min qırx bir manat səksən qəpik) manat pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar