Məhkəmə qərarları › İş №e-2(003)-3799/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3799/2024

05.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3799/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki hüquq pozuntusu nəticəsində onlara vurduqları 25000 (iyirmi beş min) azn həcmində maddi və mənəvi zərərin əvəzinin hüquq pozuntusu törətmiş cavabdeh şəxslər tərəfindən tam həcmdə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə oğlu İlham Elyasovun toyu xx.xx.2021-ci il tarixində, rəsmi nikahı isə xx.xx.2021-ci il tarixində olub. Toydan sonra Cavabdeh2 ilə oğlu İlham Elyasov onun şifahi razılığı əsasında Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən ona məxsus 6 saylı mənzildə müvəqqəti olaraq fasilələrlə yaşayıblar. Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən, ona məxsus 6 saylı mənzil paylı mülkiyyət deyildir. Cavabdeh2 və oğlu İlham Elyasov qeyd edilən mənzildə pay sahibi olmayıblar. Qeyd edilən ünvanda pasport qeydiyyatları da olmayıb. İlham Elyasov hərbiçidir, hərbi hissədə qeydiyyatdadır, dəqiq daimi yaşayış yeri yoxdur, daşınmaz əmlak mülkiyyətçisi deyildir. 2022-ci ilin noyabr ayında o və həyat yoldaşı Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən ona məxsus 6 saylı mənzildə oğlu və gəlini ilə birgə yaşamaq istədikdə Cavabdeh2 və onun valideynləri etiraz etmişlər. 17 noyabr 2022-ci il tarixində Cavabdeh2 və valideynləri gün ərzində İlham Elyasovun telefon zənglərinə və mesajlarına cavab verməmiş, günün sonunda Cavabdeh2 İlham Elyasova SMS yazaraq valideynləri ilə getməsi, geri qayıtmayacağı, boşanmaq istədiyini, mənzilin giriş qapısının açarını 1 nüsxəsini pilləkən qəfəsində su sayğacının yanına qoyması (digər nüsxəsini isə özü ilə aparmışdır) barədə məlumat vermişdir. Saat 19.00 radələrində İlham Elyasov tərəfindən mənzilə baxış keçirilmış, Cavabdeh2 və valideynləri tərəfindən Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən, 6 saylı mənzilin giriş qapısı, mətbəxin və yaşayış otaqlarının qapıları qeyri-qanuni yolla ayrı-ayrı açarlarla bağlanılması və azyaşlı nəvəsi Fidan İlham qızını da götürərək, qeyd edilən ünvanı birlikdə tərk etmələri məlum olmuşdur. Mətbəxin və yaşayış otaqlarının qapılarının açarları qeyd edilən ünvanda aşkar edilməmişdir. Növbəti gün onlar tərəfindən mənzilin giriş qapısının açarı dəyişdirilmişdir. 10 gündən sonra Xətai RPİ-nin 34-cü PB-nin əməkdaşlarının iştirakı ilə Xətai rayonu,S.Ə.Şirvani küçəsi 9, mənzil 6 ünvanında mətbəxin və yaşayış otaqlarının qapıları Cavabdeh2 atası Cavabdeh1 tərəfindən 17 noyabr 2022-ci il tarixdən özündə saxladığı ayrı-ayrı açarlarla açılmış, Cavabdeh2 məxsus qiymətli əşyalar, paltar, yataq dəsti, uşaq beşiyi, uşaq arabası, qabqacaq və s. aparılmış, qeyd edilən ünvanda yalnız mebel qalmışdır. Cavabdeh1 mətbəxin və yaşayış otaqlarının qapılarını özündə saxladığı ayrıayrı açarlarla yenidən bağlamış, açarları mənzil sahibinə təhvil verməkdən imtina etmiş və qeyd edilən ünvanı tərk etmişdir. Mənzilin yaşayış otaqlarının və mətbəxinin boşaldılıb təhvil verilməsi barədə Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh şəxslər mənzilin boşaldılıb təhvil verilməsindən imtina etmişlər. Cavabdeh2 iddia ərizəsi əsasında İlham Elyasovla birgə nikahlarına Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-637/2023 nömrəli qətnaməsi ilə xitam verilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 anası Cavabdeh2 himayəsində saxlanılmış və cavabdeh X2 aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq Cavabdeh2 ödənilməsi təmin edilmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı ( X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış sahəsinə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və s.” ilkin iddia tələbi üzrə ərizəsinə və İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış otaqlarının və mətbəxin boşaldılması” barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə Xətai Rayon Məhkəməsində baxılmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-2189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 “yaşayış sahəsinə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və s.” ilkin iddia tələbi təmin edilməmiş; qarşılıqlı iddia tələbi təmin edilmiş, Cavabdeh2 məxsus əşyalar (yataq otaq mebeli dəsti, qonaq otağında olan mebel dəsti - divan, kreslo, masa, oturacaq, televizor altlığı, mətbəxdə yerləşən mətbəx mebeli, soyuducu, elektronik əşyalar və s.) ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus 6 saylı mənzildən çıxarılması qət edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-2189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 vəkili Rauf Abdullayev tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4294/2023 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-2189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4294/2023 saylı qətnaməsindən Cavabdeh2 vəkili Rauf Abdullayev tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasnı ın xx.xx.2024-cü il tarixli, 2(102)-153/2024 nömrəli qərarı ilə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(103)-4294/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-2189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası üçün Xətai Rayon Məhkəməsi tərəfindən 02 aprel 2024-cü il tarixində icra vərəqəsi verilmiş,cavabdehlər 2 ay məhkəmə qətnaməsinin icrasından müxtəlif bəhanələrlə boyun qaçırmış, 04 iyun 2024-cü il tarixində məhkəmə icraçılarının iştirakı ilə mənzil boşaldılaraq mənə təhvil verilmişdir. Xətai rayonu,S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən mənə məxsus 6 saylı mənzilin mətbəxinin və yaşayış otaqlarının qapılarının açarları mənzil tam boşaldıldıqdan sonra Cavabdeh1 tərəfindən 04 iyun 2024-cü il tarixində axşam saatlarında təhvil verilmişdir. 16 noyabr 2022-ci il tarixindən 04 iyun 2024-cü il tarixinədək onun mənzil hüququ cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur. Bir il 6 aydan artıq müddətdə mənzilimdən istifadə edə bilməmişdir. O özü və həyat yoldaşı təqaüdçüdür, mübahisəli mənzilin yaxınlığında yerləşən 7 nömrəli poliklinikada qeydiyyatlı xəstədirlər. O, 2-ci qrup əlildir. Hər ikisi qeyd edilən mənzildə pasport qeydiyyatındadırlar. Davamlı olaraq həkim məsləhətinə və tibbi müayinələrə ehtiyacı olur. Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən ona məxsus 6 saylı mənzilin mətbəxinin və yaşayış otaqlarının qapılarının cavabdeh şəxslər tərəfindən bir il 6 aydan artıq müddətdə bağlı saxlanılması, qeyd edilən mənzildən istifadə hüquqlarının cavabdeh şəxslər tərəfindən qanuna zidd şəkildə qəsdən məhdudlaşdırılması, 7 nömrəli poliklinikada müalicə və müayinədən yetərincə istifadə edə bilməməyi səbəbindən, eyni zamanda ona və oğlu İlham Elyasova qarşı cavabdeh şəxslər tərəfindən qaldırılmış əsassız qeyri-hüquqi hərəkətlər, çoxsaylı məhkəmə çəkişmələri (16(003)-80/2022, 2(003)-637/2023, 2(003)-830/2023, 16(003)-1/2023, 2(011)-2189/2023, 2(003)-637/2023, 2(103)-4294/2023, 2(103)-4510/2023, 2(103)-5885/2023, 2(102)- 153/2024, 2(102)-857/2024, 2(011)-2189/2023, 2(103)-3210/2024, 2(102)-153/2024, 2(102)-2938/2024, 2(003)-3311/2024,1-1(093)-177/2024) nəticəsində keçirdikləri mənəvi sarsıntı və iztirablar səbəbindən ailə üzvlərinin sağlamlığı hədsiz dərəcədə pisləşmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, üç otağın biri ata və anası üçün ayrılmışdır. Qapılar hər zaman açıq olmuşdur. O, aldığı mebelləri otağa qoyub qapını bağlamışdır. Otaqda iddiaçıya məxsus olan əşya olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarına nəzər yetirib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-2189/2023 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh2 cavabdeh İddiaçı qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "cavabdeh İddiaçı məxsus Baki şəhəri, Xətai rayonu, X7 küçəsi ev 9, mənzil 6, iddiaçı - Cavabdeh2 və körpə övladı xx.xx.2022-ci il təvəllüdlü X1 istifadə hüquqlarının tanınması, hər ikisinin həmin mənzilə köçürülmələri və cavabdeh İddiaçı Cavabdeh2 ilə bu istifadə hüququ barədə razılaşmanın köçürülmədən əvvəl, yəni 20 sentyabr 2021-ci əldə edilmiş (bağlanmış) hesab olunması" barədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, Cavabdeh2 məxsus əşyalar (yataq otaq mebeli dəsti, qonaq otağında olan mebel dəsti - divan, kreslo, masa, oturacaq, televizor altlığı, mətbəxdə yerləşən mətbəx mebeli, soyuducu, elektronik əşyalar və s.) İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmalı, ödənilmiş dövlət rüsumunun tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respubikasının Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçı keçmiş gəlininin və onun atasının ona məxsus olan mənzili təhvil verməmələrinə görə onlara qarşı müxtəlif iddialar qaldırmışdır. İddiaçı hesab edir ki, həmin iddiaları qaldırmaqla müxtəlif məhkəmə çəkişmələri olmuş və nəticədə ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Məlum olduğu kimi zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Lakin, iddiaçı məhkəmə çəkişmələri zamanı onun pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərcləri (məsələn: dövlət rüsumunun geri ödənilməsi və sair) cavabdehdən həmin mülki işlər üzrə tələb edə bilərdi. Həmçinin, iddiaçının əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, yəni ona dəymiş real zərər də müəyyən edilmir. Bundan başqa, hər hansı şəxsin öz pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etməsi və onun iddiasının təmin edilməsi qarşı tərəfin maddi ziyanla bağlı hər hansı öhdəliyinin yaranmasına dəlalət etmir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, mənəvi zərər əmlak və ya qeyri-əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməni ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iclasında iddiaçının cavabdehlərlə aralarında olan məhkəmə çəkişmələrinin nəticəsində sağlamlığının pozularaq iztirab keçirməsi və ya mənəvi sarsıntılar keçirməsi öz təsdiqini tapmamışdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar