Məhkəmə qərarları › İş №e-2(003)-3856/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3856/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3856/2022 23.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevinc Hüseyn qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı “X1” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “X1” ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X1” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 8710 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 23 iyun 2022-ci il tarixinə "xxxx" KB ASC-yə 7707,7 manat əsas, 968,59 manat faiz, 11,22 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8687,51 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 7707,7 manat, 968,59 manat faiz, 11,22 cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 8687,51 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 107,28 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı Bank ilə arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 8710,0 manat kredit götürmüşdür. İddia ərizəsində tələb olunan məbləğlə razı deyil. Belə ki, o, avqust, sentyabr, oktyabr və noyabr aylarında əsas borcdan ödəniş etmişdir. Sonradan uşaqları xəstə olmuş, işində problemlər yaranmış və borcu çoxalmışdır. Pandemiya ilə əlaqədar yaranan məhdudiyyətlər də borcunu ödəməyə mane olmuşdur. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı Bank ilə arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında öhdəliyinin təminatı olaraq üzərinə onunla birgə məsuliyyət götürmüşdür. O, digər cavabdehin izahatındakı xüsusatları qeyd edərək iddianın qismən təmin edilməsini xahiş etdi. Digər Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 ilə “X1” Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixli 705MİCMDK/20-EM saylı Əsas kredit və bank hesabı müqaviləsi, eyni tarixli 705MİCMDK/20 saylı Əlavə kredit müqaviləsinə əsasən bank borcluya, 60 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 8710 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə bağlanılmış zaminlik müqaviləsindən aydın olur ki, “X1” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən öhdəliklərin təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 zamin qismində borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “X1” ASCyə olan borcunu hər ay 256,0 manat (sonuncu ay 231,80 manat) olmaqla ödəməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 “X1” ASC-yə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 7707,7 manat əsas kredit borcu, 968,59 manat faiz borcu, 11,22 manat dəbbə borcu olmaqla, cəmi 8687,51 manat borcu vardır. İş materiallarına əlavə olunmuş “X1” ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan görünür ki, bank cavabdehləri borc barədə xəbərdar edərək gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh2 705micMDK/20 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 400 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 107,28 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin Cavabdeh3 və Cavabdeh1 iddiaçı ilə tərəfindən Cavabdeh2 arasında kredit müqaviləsi bağlanan zaman zaminlik müqaviləsini imzalayaraq əsas borclu ilə birlikdə bank qarşısında üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktı normalarına avə xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materillarından görünür ki, iddiaçının hazırkı iddia ərizəsində cavabdehlərdən tələb etdiyi borc xx.xx.2022-ci il tarixədək olan dövri əhatə edir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, mübahisəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən sonrakı dövrdə, yəni xx.xx.2022-ci il tarixdə 350,0 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 400 manat olmaqla ümumilikdə 1450,0 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən (iddia tələbi üzrə borcun hesablandığı tarix) sonrakı dövrdə aparılmış ödənişlər nəzərə alınaraq, cavabdehin banka olan əsas borcundan silinməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulmasına dair hissədə qismən təmin edilərək cavabdehdən tutulmalı olan əsas borc 6257,7 (7707,7 – 1450,0) manat müəyyən edilməlidir.. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1nın mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər Cavabdeh3 və Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit sazişi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1nın iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 107,28 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 107,28 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1dan müştərək qaydada 6257,7 manat əsas borc, 968,59 manat faiz borcu və 11,22 manat cərimə olmaqla, cəmi 7237,51 manat pul tutularaq “X1” ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada ödənilmiş dövlət rüsumu üzrə 107,28 manat tutularaq “X1” Açıq Səhmdar Cəmiyyəti-n ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar