Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3914/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi, İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17529,97 manat məbləğində əsas bоrc və 1917,71 manat faiz borcu оlmaqla, cəmi 19447,68 manat borcun və 148,74 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 27 iyul 2023 il tariхli, 106804-690632/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 17% dərəcəsi ilə 20000 (İyirmimin (.00)) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 11 sentyabr 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 17529.97 manat məbləğində əsas bоrc və 1917.71 manat faiz borcu оlmaqla, cəmi 19447.68 (On doqquz min dörd yüz qırx yeddi (.68)) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Proses iştirakçılarının izahatı İddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, işi ilə əlaqədar yaşadığı ünvan dəyişdiyi üçün onunla əlaqəli olan müraciəti faktiki qeydiyyatda olduğu Kürdəmir Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaya etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60 (İ). Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 33. Birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Maddə 34. Məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.
Məhkəmənin mövqeyi Məhkəmə, ərizəni (vəsatəti) və mülki iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, N nömrəli hərbi hissədə qeydiyyatdadır. Bundan başqa müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək etibarlı olmaqla Kürdəmir rayonu, Xırdapay kəndinə müvəqqəti qeydiyyata düşmüşdür. Göründüyü kimi, Cavabdeh hərbi qulluqçudur və Kürdəmir rayonu, Xırdapay kəndində müvəqqəti qeydiyyatdadır. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Azərbaycan Respublikasının Qanununun 147-ci maddəsində göstərilmişdir ki, xidməti mənzillər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir. “Hərbi qulluqçuların statusu haqqında” barədə Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh hərbi qulluqçu statusuna malik olmaqla, Kürdəmir rayonu, Xırdapay kəndində xidmət yeri üzrə müvəqqəti yaşayış ünvanı üzrə qeydiyyata alınmışdır. Hazırda onun yaşayış ünvanı Kürdəmir rayonudur. Yuxarıda göstərilən qanunvericiliyin normalara qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin olunmaqla, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə)Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Emin Məmmədli