Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3923/2025 12.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması barədə” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5918.2 manat məbləğində əsas bоrc və 1178.85 manat faiz borcu оlmaqla, cəmi 7097.05 (yeddi min doxsan yeddi (.05) manat borcun və 91.43 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalanCavabdeh1 arasında bağlanmış 16 sentyabr 2022 il tariхli, 106804-382704/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 12000 (On ikimin (.00)) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh2 arasında 16 sentyabr 2022 il tariхli, 106804-382704/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 16 sentyabr 2022 il tariхli, 106804-382704/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 09 sentyabr 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5918.2 manat məbləğində əsas bоrc və 1178.85 manat faiz borcu оlmaqla, cəmi 7097.05 (Yeddimin doxsan yeddi (.05)) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eynizamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.
3. İddiaçı ASC tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, 5418.2 manat əsas borc və 1283.57 manat faiz borcu olmaqla, cəmi 6701.77 manat və 91.43 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh1 ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında protokol qaydasında qərar qəbul edilməklə, ərizə iş materiallarına əlavə edilmişdir.
Proses iştirakçılarının izahatları:
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddiaçı bankdan 12000 manat məbləğində kredit götürdüyünü, bir il yarım davamlı olaraq ödəniş həyata keçirdiyini, daha sonra işdən çıxması səbəbilə ödənişi tam ödəyə bilmədiyini, qalan müddətdə ara-sıra ödənişlər həyata keçirdiyini, hazırda evinin satılıqda olduğunu, satıldığı təqdirdə borcu tam ödəyəcəyini bildirmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında özünün sözügedən müqavilə üzrə zamin olduğunu, övladını təkbaşına böyütdüyünü, maddi imkanın yaxşı olmadığını bildirərək borc məbləğinin ondan deyil əsas borcludan tutulmasını xahiş etdiyini bildirmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
8. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 106804- 382704/1 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 48 ay müddətinə, illik 20 % ödəmək şərti ilə 12 000 manat məbləğində kredit verilməsi, borcalan tərəfindən isə həmin məbləğin təyinatına uyğun istifadə edilməsi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarılması qarşılıqlı razılaşdırılmışdır.
9. xx.xx.2022-ciil tarixli, 106804-382704/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 106804-382704/1 saylı müqaviləsi üzrə borclu Cavabdeh1 ilə birlikdə kreditor İddiaçı ASC qarşısında birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür.
10. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünüür ki, xx.xx.2022-ci il tarixli, 106804- 382704/1 saylı kredit müqaviləsinə əsasən 5918.2 manat əsas borc və 605.05 manat faiz borcu olmaqla, cəmi 6523.25 manat borc mövcuddur. 7 gün müddətində həmin məbləğin banka ödənilməsi tələb olunmuşdur.
11. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ciil tarixli, 106804- 382704/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 12 may 2025-ci il tarixinə banka 5918.2 AZN əsas borc və 605.05 AZN faiz borcu olmaqla, cəmi 6523.25 AZN məbləğində borcu yaranmışdır.
12. 09.09.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən hazırkı tələb üzrə məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 90.98 AZN məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
13. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
14. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
16. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
17. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. 472.1-ci maddəsinə əsasaən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
19. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
20. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
22. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
23. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
24. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir.
26. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı (bank) tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək cavabdehə 48 ay müddətinə, illik 20% ödəmək şərtilə 12000 manat məbləğində pul vəsaiti verilmişdir. Lakin cavabdeh tərəfindən əsas borc və ona hesablanmış faizlər razılaşmaya uyğun olaraq müəyyən edilmiş müddət ərzində ödənilməmiş və nəticədə cavabdeh müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2025-ci il tarixli xəbərdarlıq (pretenziya) göndərilərək bütün borcun tam qaytarılması tələb edilməklə sözügedən müqavilədən imtina (ləğv) edilmişdir.
27. Məhkəmə qanunvericiliyin tələblərinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, cavabdehlər özlərinin risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, müqavilə üzrə yaranmış borcunu razılaşdırılmış qaydada iddiaçıya ödəmədiyi üçün cavabdehlərin hərəkəti öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Habelə iş materiallarında olan zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, zamin olan cavabdeh də borclu olan cavabdehlə eyni həcmdə birgə məsuliyyət daşıyır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı (bank) müqavilədən imtina etməklə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi (dəqiqləşdirilmiş iddia ərizəsinə əsasən) əsas borc hissəsində əsaslı olduğundan təmin edilməli, 5418.2 AZN (beş min dörd yüz on səkkiz manat iyirmi qəpik) məbləğində əsas borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
28. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödənilməli borc barədə cavabdehə xx.xx.2025-ci il tarixli bildirişlə (pretenziya) müraciət edərkən 7 gün müddətində xx.xx.2022-ciil tarixli, 106804-382704/1 saylı kredit müqaviləsi üzrə bütün borc məbləğinin ödənilməsini tələb etmiş, bununla da yuxarıda qeyd olunan müqaviləyə vaxtından əvvəl xitam verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini əsas alaraq hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərməklə ondan bütün borcun qaytarılmasını tələb etməsi, əks halda barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilməsi (birtərəfli qaydada iradə ifadəsinin qarşı tərəfə bildirilməsi) kredit müqaviləsinin bildirişdə göstərilən əlavə müddət bitdiyi tarixdən birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Ona görə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi bildiriş cavabdehə çatdırıldığı andan ləğv edilmiş hesab edilir. Belə olan halda müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki faiz dərəcəsi ilə hesablanması qanuni yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Lakin kreditor müqavilə ləğv edildiyi vaxtdan gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin (qanuni faiz) ödənilməsini tələb etmək hüququna malikdir. Hazırda isə bununla bağlı heç bir tələb mövcud deyil. Ona görə hazırki vəziyyətdə iddia tələbi faiz hissəsində qismən, yəni bildirişdə göstərilən 605.05 AZN (altı yüz beş manat beş qəpik) məbləğində təmin edilməlidir.
29. Məhkəmə iddia tələbinin ödənilmiş 91.43 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənilmişdir və iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı həmin məbləği də təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq tələb etməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təmin edilmiş tələbə (6023.25 manat) mütənasib olaraq 80.24 AZN (səksən manat iyirmi dörd qəpik) məbləğində dövlət rüsumunun məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
31. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5418.2 manat əsas borc və 605.05 manat faiz borcu olmaqla, cəmi 6023.25 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 80.24 manat dövlət rüsumunun məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh lərCavabdeh1 və Cavabdeh2 5418.2 AZN (beş min dörd yüz on səkkiz manat iyirmi qəpik) əsas borc və 605.05 AZN (altı yüz beş manat beş qəpik) faiz borcu olmaqla, cəmi 6023.25 AZN (altı min iyirmi üç manat iyirmi beş qəpik) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 80.24 AZN (səksən manat iyirmi dörd qəpik) dövlət rüsumunun məbləği tutularaq İddiaçı Kommersiya Bankı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov