Məhkəmə qərarları › İş №e-2(003)-3947/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3947/2025

19.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3947/2025 19.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi

1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 10572,36 (on min beş yüz yetmiş iki manat 36 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 347,55 (üç yüz qırx yeddi manat 55 qəpik) manat və 122,76 (bir yüz iyirmi iki manat 76 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 11042,67 (on bir min qırx iki manat 67 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “ünvan 1 ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, X1 məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G- 4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X6nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli 0424427saylı akt əsasında 440,64 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 688,20 manat (video); cəmi 10 572,36 (on min beş yüz yetmiş iki manat 36 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Bildiririk ki, cavabdehin ödənilməmiş 2025-ci ilin aprelmayayları üzrə 67,75 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Azəriqaz İB-nın əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 9657 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2025-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 279,80 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir (67,75+279,80=347,55). 2025-ci ilin mart ayından 2025-ci ilin mayayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 347,55 (üç yüz qırx yeddi manat 55 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gasrep üzrə ümumi 10919,91 (on min doqquz yüz on doqquz manat 91 qəpik) manat təşkil etməkdədir. Həmçinin nəzərinizə çatdırırıq ki, cavabdehin 2022-ci ilin aprel ayınadək 1413,20 manat vəsaitin barədə xx.xx.2024-cü il tarixli, 2(103)-5377/2024 saylı Birliyin xeyrinə qətnamə çıxarılmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izhatında iddiaçı qurumun əməkdaşları tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsinin aşkarlandığını, bununla bağlı olaraq iddiaçı qurumun əməkdaşları tərəfindən dəfələrlə akt tərtib olunduğunu, yalnız xx.xx.2024-cü il tarixli akta münasibətdə Energetika Nazirliyi tərəfindən inzibati tənbeh vermə haqqında qərarın mövcud olduğunu, həmin akt və tələbnamə Nəzərova Minaxanımın adına tərtib olunsa da inzibati qərarın Cavabdeh barəsində qəbul olunduğunu, sayğacın və abonent saldosunun Nəzərova Minaxanımın adına olduğunu, aktda ölmüş şəxsin iştirakı ilə evə baxış keçirilməsinin qeyd edilməsinin texniki səhv olduğunu və bunun əməkdaşlar tərəfindən şablon kimi yazıldığını bildirmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh iddia ərizəsinə etiraz edərək, evin və sayğacın anası Nəzərova Minaxanımın adına olduğunu, onun vəfat etdiyini, anası öldüyü halda guya qaz xəttinə qanunsuz qoşulma etdiyi barədə aktlar tərtib edidliyi, halbuki hər hansı qanunsuz qoşulmanın olmadığını, baxış keçirilərkən və aktlar tərtib edilərkən nə ona, nə də ailəsinə məlumat verilmədiyini, aktlar və inzibati qərar barədə məlumatnın olmadığını və həmin sənədlərin ona təqdim edilmədiyini, iddianın əsassız olduğunu bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

5. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

6. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

7. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

8. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə (əqd) olmalıdır.

9. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 10.1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

11. 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 12.3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. 13.11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X6 ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın: 15.3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. 16.4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 17.4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 18.6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

19. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən, iddiaçı orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülkiprosessual qanunvericiliyin tələbinə görə də qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz) 20.Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilir ki, İddiaçı İB tərəfindən ünvan 3 ünvanında quraşdırılmış sayğac üzrə **********0000 nömrəli abonent kodu istehlakçı X2 məxsusdur. İddiaçı qurum tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi məhz Minaxanım Nəzərova barəsində onun tərəfindən pozuntu halına yol verildiyi qeyd edilərək 22 (iyirmi iki) Akt və tələbnamə tərtib edilmiş və məhz onun barəsində vurulmuş zərərə görə borc hesablanmışdır. Həmin aktlarda da məhz istehlakçı Minaxanım Nəzərova tərəfindən fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar edildiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı qurum tərəfindən tərtib edilmiş akt və tələbnamələrin heç biri iş üzrə cavabdehə heç bir aidiyyəti yoxdur. Bununla yanaşı, yalnız sonuncu xx.xx.2024-cü il tarixli akt əsasında Cavabdeh X4 Agentliyinin Bakı filialı tərəfindən inzibati xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Halbuki həmin qərarın əsasında duran zərər aktının və tələbnamənin hazırki iş üzrə cavabdehə heç bir aidiyyəti yoxdur (həmin akt da yenə istehlakçı Minaxanım Nəzərova barəsində tərtib edilmişdir). Digər akt və tələbnamələrə münasibətdə isə inzibati məsuliyytə cəlb edilmə barədə qərar iddiaçı tərəfindən ümumiyyətlə məhkəməyə təqdim edilmədiyi kimi, iddiaçı qurumun nümayəndəsi özü də izahatında belə qərarların olmadığını təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı qurum tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi tərtib edilmiş və əsasında zərər hesablanaraq hazırda tələb edilən 22 (iyirmi iki) ədəd Akt və tələbnamənin heç birinin hazırki iş üzrə Cavabdeh aidiyyyəti sübuta yetirilmir. Halbuki, Mülki-prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, onlardan istifadə etməli və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Habelə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olduğu təqdirdə məhkəmə qeyd edir ki, cavabdehin qazın talanmasında təqsirli olması faktı sübut edilmədən vurulmuş maddi zərərin ödənilməsinin cavabdehdən tələb edilməsi əsassız və qanunsuzdur. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş maddi zərərlə bağlı iddia tələbi təmin edilməməlidir.

21. İddia tələbinin debitor borcun (təbii qazın sərfiyyat borcunun) tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən, öhdəliyin qanunda nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı (qaz paylayıcısı) ilə cavabdeh arasında müqavilə bağlanmamışdır. Yəni iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud deyil. Müqavilə münasibətləri çərçivəsində öhdəliyin icrasının tələb edilməsi isə yalnız müvafiq müqavilə mövcud olduğu halda mümkündür. Hazırda tərəflər arasında müqavilə olmadığından cavabdehin müqavilə üzrə məsuliyyət daşıması da qanuna uyğun hesab edilə bilməz. Ona görə məhkəmə hesab edir ki, cavabdehdən təbii qazdan istifadəyə görə debitor (müqavilə üzrə sərfiyyat) borcun tutulması tələbi də təmin edilməməlidir.

22. Məhkəmə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə də qeyd edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcinə aid olan dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

24. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar