Məhkəmə qərarları › İş №e-2(003)-4010/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4010/2025

31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4010/2025 31.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı "xxxx" MMC borclu Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit üzrə əsas borcun məbləği 300 (üç yüz) AZN, kredit üzrə faiz borcunun məbləği 15 (on beş) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 121.5 (bir yüz iyirmi bir manat əlli qəpik) AZN, iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 43.5 (qırx üç manat əlli qəpik) AZN olmaqla, cəmi 480 (dörd yüz səksən) AZN məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğdə dövlət rüsumunun cavabdeh - Cavabdeh tutularaq iddiaçı- "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, ‘SF Azerbaijan” BOKT MMC ilə cavabdeh - Cavabdeh arasında elektron qaydada 23 oktyabr 2023-cü il tarixli, **********001 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh 1 (bir) ay müddətinə, illik 60,85%,verilmiş kredit məbləğindən istifadəyə görə haqq 5.0%,verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 43.50 AZN olmaqla,300 (üç yüz) AZN məbləğdə kredit verilib. Müqavilənin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliklər Borcalan tərəfindən yerinə yetirilmədikdə BOKT buMüqavilə üzrə hüquqları (tələbləri) Borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 1505/25 saylı “tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları İddiaçı MMC-yə ötürülmüşdür. (xx.xx.2025-ci il tarixli, 1505/25 saylı müqavilə üzrə təhvil-təslim aktı iddia ərizəsinə əlavə olunur.) Qeyd olunmalıdır ki, cavabdeh - Cavabdeh uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh - Cavabdeh 23 oktyabr 2023-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 300 (üc vüz) AZN, kredit üzrə faiz borcunun məbləği 15 (on beş) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 121.5 (bir vüz iyirmi bir manat əlli qəpik) AZN.iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 43.5 (qırx üç manat əlli qəpik) AZN olmaqla, cəmi 480 (dörd vüz səksən) AZN təşkil edir. 23 oktyabr 2023-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsinin 1.14-cü maddəsinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT Borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85% həcmində faiz tələb etmək hüququna malikdir. Həmin kredit müqaviləsinin 1.17-ci maddəsinin 4-cü bəndinə əsasən, BOKT-un pozulmuş hüquqlarının müdafiəsi və müqavilə üzrə borc məbləğinin ödənilməsi üçün Azərbaycan Respublikasının məhkəmə orqanlarına müraciət etmək hüququ var. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanıb (bildiriş məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz ərizəyə əlavə edilir). Buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməyib. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb.

3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvana rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilən müddətdə iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir etiraz təqdim edilməmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

4. "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2023-cü il tarixli, **********001 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 30 gün müddətinə 60,85 faiz hesablanmaqla 300 manat kredit verilmişdir. Həmçinin həmin müqavilədən görünür ki, verilmiş kredit məbləğindən istifadəyə görə haqq: 15 manat, verilmiş kredit məbləğindən istifadəyə görə haqq, faizlə: 5 faiz, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 43.5 manat, illik faiz dərəcəsi: 60.85 faiz, ödəniləcək ümumi məbləğ: 358.5 manat, verilmiş kredit məbləğinin ödənilmə tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir.

5. "AİİAİİFinance” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

6. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın "AİİAİİFinance MMC-yə olan borcu ümumilikdə 480 (dörd yüz səksən manat) təşkil edir.

7. 18.09.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

8. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

9. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

10. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

11. 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

12. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

13. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

14. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

15. 458.1-ci maddəsinə əsasən, kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.

16. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

17. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

18. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

19. 24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

20. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

22. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar əsasında işin müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" BOKT ilə Cavabdeh arasında 23 oktyabr 2023-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit mqaviləsinə əsasən cavabdehə 1 ay müddətinə, illik 60.85 faizlə, kredit məbləği üzrə xidmət haqqının məbləği 43.5 manat olmaqla, 300 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə üzrə müəyyən edilən müddət ərzində tam ödəniş etməmiş və 300 manat borcu yaranmışdır. Eyni zamanda "xxxx" BOKT həmin müqavilədən irəli gələn tələb etmə hüququnu faktorinq müqaviləsinə əsasən "xxxx" MMC-yə güzəşt etdiyindən nəticədə Cavabdehnın iddiaçı "xxxx" MMC qarşısında icra edilməmiş 300 manat pul öhdəliyi yaranmışdır.

23. Məhkəmə qanunvericiliyin tələblərinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, müqavilə üzrə yaranmış borcunu razılaşdırılmış qaydada ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC yaranmış əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan tam təmin edilməli, 300 manat məbləğində əsas borc, 15 manat məbləğində faiz borcu və 43.5 manat məbləğində komissiya borcu olmaqla, cəmi 358.5 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. İddia tələbinin cərimə hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçının müqavilə üzrə cərimə ödənilməsini tələb etmək hüququ yaranmışdır. Lakin Mülki Məcəllənin tələbinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin davranışının zərərin artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır və kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Göründüyü kimi, cavabdehə xx.xx.2023-cü il tarixində sadəcə 1 (bir) ay müddətinə kredit verilmiş, iddiaçı isə həmin müddət bitdikdən sonra borcu tələb edə, ödənilmədiyi təqdirdə isə dərhal məhkəməyə müraciət edə biləcəyi halda 2 ilə yaxın müddət ərzində bu hüquqlarından lazımınca istifadə etməyərək cərimə məbləğinin süni şəkildə artmasına səbəb olmuşdur. Digər tərəfdən, Mülki Məcəlləyə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. O da qeyd edilməlidir ki, cərimə borcu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 300 manat məbləğində əsas borca münasibətdə 121.5 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 15 AZN məbləğində cərimə tutulmalıdır.

25. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və xidmət haqqının cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu məbləği cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb edilməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 300 AZN (üç yüz manat) əsas borc, 15 AZN (on beş manat) faiz borcu, 43.5 AZN (qırx üç manat əlli qəpik) komissiya borcu və 15 AZN (on beş manat) cərimə olmaqla, cəmi 373.5 AZN (üç yüz yetmiş üç manat əlli qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. Cavabdeh 300 AZN (üç yüz manat) əsas borc, 15 AZN (on beş manat) faiz borcu, 43.5 AZN (qırx üç manat əlli qəpik) komissiya borcu və 15 AZN (on beş manat) cərimə olmaqla, cəmi 373.5 AZN (üç yüz yetmiş üç manat əlli qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği tutularaq iddiaçı "xxxx" MMCyə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar