Məhkəmə qərarları › İş №e-2(003)-4093/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4093/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4093/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin “28 May” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-032233/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 banka olan 1184,01 AZN əsas, 99,79 AZN faiz, 302,13 AZN cərimə borcu olmaqla, cəmi borcu 1585,93 AZN məbləğində borcun və ödənilmiş 35,86 AZN məbləğində dövlət rüsumunun cavabdehlərdən (borcalan – Cavabdeh2 , zaminlər – Cavabdeh1, Cavabdeh3) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “28 May” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-cu il tarixli, İK-032233/22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 20 % olmaqla, 18 ay müddətinə 2000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, TuranBank ASC və Cavabdeh1, Cavabdeh3 arasında xx.xx.2022-cu il tarixli, İK- 032233/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 1184,01 AZN əsas, 99,79 AZN faiz, 302,13 AZN cərimə borcu olmaqla, cəmi borcu 1585,93 AZN təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdehlər tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış İK-032233/22 nömrəli, xx.xx.2022cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC 2000 manat məbləğində krediti illik 20 faizlə 18 ay müddətinə Cavabdeh2 mülkiyyətinə vermiş, Cavabdeh2 isə həmin kreditdən borcalanla bank arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunu borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İK-032233/22 nömrəli, xx.xx.2022-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış İK-032233/22 nömrəli, xx.xx.2022-cu il tarixli kredit müqaviləsinə əsasən öhdəliklərin təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 zamin qismində borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşlər. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı ASC-yə hər ay 129,53 manat (sonuncu ay 129,45 manat) ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1184,01 manat məbləğində əsas borc, 99,79 manat məbləğində faiz borcu və 302,13 manat məbləğində cərimə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, cavabdehlər borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. X5 ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 35,86 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 18 ay müddətinə illik 20% olmaqla 2000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə zaminlər Cavabdeh1 və Cavabdeh3 “borclu” Cavabdeh2 kreditor bank qarşısında öhdəliklərinin icra edilməsinə görə birgə məsuliyyət daşımaq öhdəliyini öz üzərilərinə götürmüşlər. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin İddiaçı ASC-yə cəmi 1585,93 manat borcu yaranmışdır. İş üzrə İddiaçı ASC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki qanunvericiliyin qeyd olunan normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə şişirdilmiş məbləğdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 302,13 manat cərimə cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda digər cavabdehlərin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin digər cavabdeh(lər) Cavabdeh1 və Cavabdeh3 cavabdehin iddiaçıya olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, bununla da iddiaçı qarşısında olan cavabdehin pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzər(lər)inə götürmüşdür(lər). Buna görə də cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən digər cavabdeh(lər) Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 ilə birlikdə iş üzrə İddiaçı ASC qarşısında birgə məsuliyyət daşıyır(lar). Məhkəmə həmçinin iddianın 35,86 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 35,86 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı bank İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1184,01 manat əsas borc, 99,79 manat faiz borcu, 100 manat məbləğində cərimə borcu və 35,86 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1419,66 manat pul tutulmalı, iddia qalah hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1184,01 manat əsas borc, 99,79 manat faiz borcu, 100 manat məbləğində cərimə borcu və 35,86 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1419,66 (min dörd yüz on doqquz manat, altmış altı qəpik) manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar