Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4114/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 12306.51 manat məbləğində əsas borcun, 1647.35 manat məbləğində faiz borcunun, 440.34 manat məbləğində cərimə borcunun, cəmi 14394.2 manat borcun və 134 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 16 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 20.5 faiz olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, izahatında əlavə olaraq bildirdi ki, 16 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh bank qarşısında öhdəlik götürsə də, müəyyən edilmiş qaydada ödənişləri etməmişdir. Hazırda cavabdehlə razılığın əldə edilməsi, eləcə də yaranmış borcla bağlı yeni ödəniş cədvəlinin müəyyən edilməsi qeyri-mümkündür. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul edərək, izahatında əlavə olaraq bildirdi ki, ailə vəziyyəti ilə əlaqədar İddiaçı ASC-dən kredit götürmüşdür. Hazırda maddi vəziyyəti ilə bağlı müəyyən edilmiş qaydada ödəniş edə bilmir. Bu barədə İddiaçı ASC-yə məlumat vermiş və aylıq 200-250 manat ödəniş edə bilər. Hesab edir ki, maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 fevral 2022-ci il tarixli CC/01121/85/22 nömrəli kredit sazişinin məzmunundan görünür ki, kreditor borcalana illik 20.5 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 15000 (on beş min) manat məbləğində pul vəsaiti verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 16 fevral 2022-ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, kredit sazişi üzrə Cavabdeh 15000 (on beş min) manat məbləğində pul vəsaitini almışdır. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16 fevral 2022-ci il tarixli kredit sazişinə əsasən 16 mart 2022-ci il tarixdən etibarən 16 sentyabr 2025-ci il tarixə qədər 460,46 manat, 16 oktyabr 2025-ci il tarixdə 422,93 manat, 17 noyabr 2025-ci il tarixdə 429,15 manat, 16 dekabr 2025-ci il tarixdə 438,25 manat, 16 yanvar 2026-cı il tarixdə 444,97 manat, 16 fevral 2026-ci il tarixdə isə 461,27 manat olmaqla, 48 ayın tamamında 21996,35 manat ödəməlidir. İş materiallarında olan İddiaçı ASC-nin 17 oktyabr 2023-cü il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 16 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 12306,51 manat əsas, 1647,35 manat faiz və 440,34 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 134 (yüz otuz dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh İddiaçı ASC ilə ilə bağladığı 16 fevral 2022-ci il tarixli kredit sazişi (müqaviləsi) üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz və cərimə borcunu İddiaçı ASC-yə ödəməlidir. Bununla yanaşı məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı ASC-nin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə məhkəmə iclasında iddia tələbini qəbul etdiyini, ailə vəziyyəti ilə əlaqədar İddiaçı ASC-dən kredit götürdüyünü, lakin maddi vəziyyəti ilə bağlı müəyyən edilmiş qaydada ödəniş edə bilməməsi, bu barədə İddiaçı ASC-yə məlumat verməsini eləcə də aylıq 200-250 manat ödəniş edə bilməsini bildirməklə, sonda maddi vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Göründüyü kimi cavabdeh tərəf hazırki iddia tələbini qəbul etsə də, maddi vəziyyətinin pisləşməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə isə bununla bağlı qeyd edir ki, cavabdehin maddi vəziyyətinin pisləşməsi onun iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən azad etmir. Bununla yanaşı məhkəmə iddia tələbinin - faiz borcu məbləğinə dair hissəsi ilə bağlı qeyd edir ki, cavabdehlə bağlanmış kredit müqavilələri üzrə müqavilənin müddəti bitmədiyindən, faiz borcu məhz maliyyə arayışı üzrə hesablanmış məbləğdə müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin - cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 12306.51 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı 440.34 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğ əsas borca mütənasib olmaqla, ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməli, 16 fevral 2023-cü il tarixli kredit sazişi (müqaviləsinə) əsasən 12306.51 manat məbləğində əsas borc, 1647.35 manat məbləğində faiz borcu və 440.34 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 14394.2 (on dörd min üç yüz doxsan dörd manat, iyirmi qəpik) manat məbləğində borc Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 134 (yüz otuz dörd) manat məbləğində dövlət rüsumu da Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 16 fevral 2023-cü il tarixli kredit sazişi (müqaviləsinə) əsasən Cavabdeh 12306.51 (on iki min üç yüz altı manat, əlli bir qəpik) manat məbləğində əsas borc, 1647.35 (min altı yüz qırx yeddi manat, otuz beş qəpik) manat məbləğində faiz borcu və 440.34 (dörd yüz qırx manat otuz dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 14394.2 (on dörd min üç yüz doxsan dörd manat, iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 134 (yüz otuz dörd) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №e-2(003)-4114/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4114/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver