Məhkəmə qərarları › İş №e-2(003)-4138/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4138/2023

13.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4138/2023 13.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2017ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2017-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixində İddiaçı MMC-nin – “OBA Mərdəkan 5” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5598,17 (beş min beş yüz doxsan səkkiz manat, on yeddi qəpik) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1412,55 (bir min dörd yüz on iki manat, əlli beş qəpik) manat borc qalmışdır. Beləliklə Cavabdeh halhazırda İddiaçı MMC-yə ümumilikdə 1412,55 (bir min dörd yüz on iki manat, əlli beş qəpik) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Keçirilən yoxlamalarda cavabdeh özü də iştirak etmiş və yoxlamaların nəticələri ilə tanış olmuşdur. Bu səbəbdən, cavabdeh vurulan ziyana görə 1412,55 manat və ödənilmiş mediasiya xərcinə görə 60 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4.-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdrımaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanılmış və ona hər ay 153 manat məbləğində əmək haqqı ödənilməklə satıcı-kassir vəzifəsinə götürülmüşdür. Həmin müqaviləyə əsasən Cavabdeh Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. xx.xx.2017-ci il 432-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış departamentinin satış şöbəsində xx.xx.2017-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 175 manat müəyyən edilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli X2 haqqında müqavilədən görünür ki, Cavabdeh, tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Həmin Müqavilədən görünür ki, Cavabdeh aşağıdakı vəzifələri yerinə yetirməlidir: -ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; -işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesablarını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; -ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlməlidir; -inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. Cəmiyyət üzrə xx.xx.2022-ci il tarixli 364 saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixdən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. xx.xx.2022-ci il tarixli “İnventarizasiya siyahısından” və həmin siyahıya əsasən aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktlardan görünür ki, cavabdeh tərəfindən öz üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi səbəbindən iddiaçıya zərərin dəyməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə iddiaçıya olan ümumi borcu 1412,55 manat təşkil edir. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq edilmiş və həmin borcun ödənilməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmiş, lakin onlar prosesin davam etdirilməsinə razı olmamışlar, İddiaçı MMC-nin nümayəndəsi 60 manat məbləğində mediasiya xərcini ödəmişdir (mediator: M.A.Bayramov). 13 iyul 2022-ci il tarixli imtina Aktından görünür ki, bu akt ondan ötrü tərtib edilmişdir ki, İddiaçı MMC-nin Bakı şəhəri, Xəzər rayonu, S.Yesenin döngə 2 ünvanında yerləşən “Oba-Mərdəkan 5” mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə 13 iyul 2022-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-5598,16 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Cavabdeh tərəfindən imzalanmış iltizamnamələrdən görünür ki, o, yoxlama işçi qrupunun apardığı yoxlamaya heç bir etiraz etməmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh ilə "OBA Market” MMC arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2017-ci il tarixdən "OBA Market” MMC-də satıcı-kassir vəzifəsində (153 manat əmək haqqı olmaqla) işləməyə başlamış, xx.xx.2017-ci il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməklə həmin tarixdən (175 manat əmək haqqı olmaqla) administrator vəzifəsinə təyin edilmişdir. Eyni zamanda tərəflər arasında X2 haqqında müqavilə bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs ( borclu ) başqa şəxsin ( kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə Olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu mədəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq iş üzrə cavabdehə xx.xx.2022ci il tarixli inventarizasiya aktına əsasən satış məqsədilə cəmi 66370,33 manat məbləğində mallar təhvil verilmiş, 7847,79 manat artıqgəlmə və 13445,95 manat əskikgəlmədən sonra 5598,16 manat ziyan dəymiş dəymişdir. Cavabdehin iddiaçı qarşısında X2 barədə öhdəlik götürməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1412,55 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 1412,55 manat və mediasiya xərcinə görə 60 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6-1., 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı MMC-yə vurulmuş maddi ziyana görə 1412,55 manat və mediasiya xərcinə görə 60 manat məbləğində pul İddiaçı” MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar