Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4194/2023 14.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı Eıvaz İsmaılov və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə İddiaçı Eıvaz İsmaılovun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Eıvaz İsmaılov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 22000 manat, dövlət rüsumu kimi ödədiyi 156 manat və vəkilin hüquqi xidmətinə görə ödədiyi 500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cari ilin sentyabr ayının 23-də cavabdeh ona müraciət edərək pula ehtiyacı olmasıını bildirib ona borc verməsin xahiş etmiş, pulu 10 günə qaytaracağını demişdir. Onu tanıdığından inanaraq həmin gün Bakı şəhəri 32 saylı notariat ofisində təsdiq edilmiş kredit müqaviləsi ilə ona 22000 (iyirmi iki min) manat borc pul vermişdir. Müqavilənin 3-cü bəndində borclunun pulu 03 oktyabr 2023-cü il tarixinədək qaytarması qeyd edilsə də, cavabdeh borcundan ümumiyyətlə ödəniş etməmişdir. Həmin pulu ödəməsi barədə dəfələrlə olan müraciətləri nəticəsiz qaldığından bu barədə məhkəməyə müraciət etməli olmuşdur. Buna görə isə 156 (bir yüz əlli altı) manat dövlət rüsumu, vəkilin hüquqi xidmətinə görə 500 (beş yüz) manat ödəməli olmuşdur. Qanunvericiliyin tələbinə əsasən cavabdehə borc verməklə o, isə həmin borc pulu onu qaytarmağı öhdəsinə götürməklə aralarında yazılı borc müqaviləsi bağlanmışdır. Lakin özünün öhdəliyimi yerinə yetirsəm də cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Cavabdehə verdiyim pul vəsaitindən məhrum olmağım nəticəsində mənə ziyan dəymişdir. Cavabdeh ondan borc aldığı pulu hazırkı vaxta kimi qaytarmamışdır ki, nəticədə həmin pulumdan məhrum olmuşdur. Qanunun tələbinə əsasən həmin hallar ona vurulmuş zərər hesab edilir və həmin zərərin əvəzi tam şəkildə mənə ödənilməlidir. Məhkəmənin 30 noyabr 2023-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, izahatında əlavə olaraq bildirdi ki, iş üzrə iddia tələbini qəbul edir. İddia tələbinə hər hansı etirazı yoxdur. Bununla yanaşı bundan sonrakı məhkəmə iclasını işi ilə əlaqədar olaraq iştirak edə bilmədiyi üçün onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Elvaz İsmaılov və onun nümayəndəsi-vəkili Nümayəndə ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Eıvaz İsmaılov ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Elvaz İsmaılov borc alan Cavabdeh 22000 manat borcu, borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Borcalan isə krediti 03 oktyabr 2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan “hüquqi yardımın göstərilməsi haqqıda” 153 nömrəli, 25 oktyabr 2023-cü il tarixli müqavilədən görünür ki, vəkil Nümayəndə Bakı Xəzər Rayon Məhkəməsində pul tələbinə dair mülki iş üzrə Eyvaz İsmaıla hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödməyəi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılığa əsasən 500 manat müəyyən edilmişdir. Bununla yanaşı iş materiallarında olan ödəniş qəbzindən görünür ki, həmin vəsait iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı Eyvaz İsmaıl iddia ərizəsinin verilməsinə görə 156 manat ödəniş etmişdir. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddianın etirafı barədə ərizədən görünür ki, Cavabdeh iş üzrə iddia tələbini qəbul edir. İddia tələbinə hər hansı etirazı yoxdur. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, Eyvaz İsmaıl ilə Cavabdeh arasında 23 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə əsasən, borc verən Eyvaz İsmaıl borc alan Cavabdeh 22000 manat borcu borcalanın notariusun bankda olan depozit hesabı vasitəsilə verməyi, borcalan isə 03 oktyabr 2023cü il tarixədək borc verənə qaytarmağı barədə öhdəlik götürmüşdür. Hazırda iddiaçı həmin borc məbləğinin, yəni 22000 manat vəsaitin cavabdeh tərəfindən ona qaytarılmadığını, həmin borc məbləğini və yaranmış mübahisənin həlli üçün çəkdiyi xərcin əvəzini tələb edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini qəbul etməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsin əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsin əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəmənin mövqeyi ondan ibarətdir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri olmuş, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bununla yanaşı cavabdeh tərəf məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini etiraf etmiş və məhkəmə tərəfindən cavabdehə məhkəmə hazırlıq iclasında müvafiq prosessual hərəkətlərin nəticələrini izah edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddia tələbini etiraf etməsi və həmin etirafın məhkəmə tərəfindən qəbul edilməsi iddiaçını iddia tələbini sübut etmə yükündən azad etmişdir. Odur ki, cavabdehin hərəkətləri öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilməli və o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia ərizəsinin - vəkilin hüquqi xidmətinə görə ödədiyi 500 manat pulun cavabdehdən tutulması hissəsində də əsaslı olmuşdur. Belə ki, işin faktiki hallarından göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və bu zaman da iddiaçı aldığı hüquqi yardıma görə xərc ödəməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 23 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 22000 manat eləcə də hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 500 manat olmaqla cəmi 22500 manat məbləğində pul vəsaiti və 156 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Eıvaz İsmaılova verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115, 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 23 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 22000 manat, eləcə də hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 500 manat olmaqla, cəmi 22500 manat məbləğində pul vəsaiti və 156 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Eıvaz İsmaılova verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №e-2(003)-4194/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4194/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver