Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4264/2025 26.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranamış borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti borclu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ərizə ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən 300 manat əsas, 40,50 manat faiz, 82,50 manat komissiya, 177 manat cərimə olmaqla, cəmi 600 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli **********001 saylı“mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən,cavabdehin sorğusu əsasında ona 45 gün müddətinə illik 108 % ödəmək şərtilə 300 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusişərtlərində qeyd edilən pulməbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas borc üzrə 300.00 manat, faiz borcu üzrə 40.50 manat, xidmət haqqına görə 82.50 manat və cərimə borcuna görə isə 177.00 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdi.
3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvana rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilən müddətdə iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir etiraz təqdim edilməmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli **********001 saylı mikrokredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 30 gün müddətinə 179,30 faiz hesablanmaqla 300 manat kredit verilmişdir. Həmçinin həmin müqavilədən görünür ki, verilmiş kredit məbləğindən istifadəyə görə haqq: 40,50 manat, verilmiş kredit məbləğindən istifadəyə görə haqq, faizlə: 3,50 faiz, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 82,50 manat, illik faiz dərəcəsi: 108 faiz, ödəniləcək ümumi məbləğ: 423 manat, verilmiş kredit məbləğinin ödənilmə tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir.
5. 06.10.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdehnın xx.xx.2025-ci il tarixli **********001 saylı mikrokredit müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə 300 manat məbləğində əsas, 40,50 manat məbləğində faiz borcu, 82,50 manat məbləğində komissiya, 177 manat məbləğində cərimə borcu olmaqla, cəmi 600 manat məbləğində borcu vardır.
6. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdehna ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehdən mikrokredit müqaviləsi üzrə tam borc məbləğinin 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
7. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********76 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
8. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
9. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
10. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
11. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
12. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
13. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
14. 458.1-ci maddəsinə əsasən, kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
15. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
16. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
17. 24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
18. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında müəyyən edilmişdir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır və həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Belə ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli **********001 saylı mikrokredit müqaviləsi bağlanılmış, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh 30 gün müddətinə illik 179,30 faiz hesablanmaqla 300 manat kredit verilmişdir. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan öhdəliklər icra edilsə də, cavabdeh müqavilədən əmələ gələn öhdəliklərini yerinə yetirməmişdir. Bununla da cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 300 manat məbləğində əsas, 40,50 manat məbləğində faiz, 82,50 manat komissiya borcu yaranmışdır. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçının borcun qaytarılmasını və borc üzrə razılaşdırılmış faizin və komisiyanın ödənilməsini tələb etmək hüququ vardır.
21. Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırda cərimə (dəbbə pulu) tələb etməsi mülki qanunvericiliyin və müqavilənin şərtlərinə uyğundur. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hazırda tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Hər bir konkret iş üzrə cərimənin azaldılması meyarları kimi də dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, cərimə məbləğinin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər, ancaq onun azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, qanunverici cərimə məbləğini zərərin vurulmasından asılı etməmiş və onu əldə ediləcək qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 300 manat məbləğində əsas borca münasibətdə 177 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 15 AZN (on beş manat) cərimə məbləği tutulmalıdır.
22. Məhkəmə iddianın ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğdə dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənilmişdir və iddia tələbi tam təmin edildiyi üçün iddiaçı həmin məbləği də tam tələb etməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
24. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 300 AZN (üç yüz manat) əsas borc, 40,50 AZN (qırx manat əlli qəpik) faiz borcu, 82,50 AZN (səksən iki manat əlli qəpik) komissiya borcu, 15 AZN (on beş manat) cərimə olmaqla, cəmi 438 AZN (dörd yüz otuz səkkiz manat) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh 300 AZN (üç yüz manat) əsas borc, 40,50 AZN (qırx manat əlli qəpik) faiz borcu, 82,50 AZN (səksən iki manat əlli qəpik) komissiya borcu, 15 AZN (on beş manat) cərimə olmaqla, cəmi 438 AZN (dörd yüz otuz səkkiz manat) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov