Məhkəmə qərarları › İş №e-2(003)-4302/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4302/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4302/2024 02.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu iddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli OPT-757-0156-24 saylı kredit müqaviləsi üzrə 519 manat əsas, 174,24 manat cərimə, cəmi 693,24 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq BOKT "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 519 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən cavabdehin xx.xx.2024-cü il tarixinə BOKT "xxxx" QSC-yə 519 manat əsas, 174,24 manat cərimə, cəmi 693,24 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavildən irəli gələn öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etmiş, lakin rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli OPT-757-0156-24 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə BOKT "xxxx" QSC ilə Cavabdeh arasında sonuncuya xx.xx.2025-ci il tarixədək 519 manat kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdehin iddiaçıya 519 manat əsas, 174,24 manat cərimə, cəmi 693,24 manat məbləğində borcu mövcuddur İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, iş üzrə tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən cavabdehə iddiaçı tərəfindən xx.xx.2025ci il tarixədək 519 manat məbləğində kredit verilmişdir. Kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 519 manat əsas borc tutulmalı, 174,24 manat cərimə isə azaldılmalıdır. Belə ki, məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 25 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli Cavabdeh 519 manat əsas, 25 manat cərimə, cəmi 544 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 519 manat əsas, 25 manat cərimə, cəmi 544 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar