Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-439/2023 13.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nın Cavabdeh qarşı – kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB (bundan sonra QSC "xxxx" KB) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh arasında 25 avqust 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/121850/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 898 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 234,25 manat məbləğində əsas borc, 143,07 manat məbləğində faiz borcu, 230,63 manat məbləğində cərimə borcu, 67,14 manat məbləğində gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 675,09 manat məbləğində borcu qalmışdır. Ona görə də QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış 25 avqust 2014cü il tarixli, 1xx/xx/121850/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 234,25 manat məbləğində əsas, 143,07 manat məbləğində faiz, 230,63 manat məbləğində cərimə, 67,14 manat məbləğində gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 675,09 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan QSC “Bank Standart” KB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC "xxxx" KB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin QSC "xxxx" KB-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, qeyd olunan borc köhnə borcdur. 5 il əvvəl onun banka borcunun olmaması barədə sənəd üçün müraciət etdiyini, lakin bank tərəfindən həmin sənədin verilməsindən imtina edilmişdir. Bank tərəfindən uzun müddət pul tələb etməməklə cərimə borcunu şişirdiblər. İddiaianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə QSC "xxxx" KB arasında 1xx/xx/121850/14 saylı, 25 avqust 2014-cü il il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 25 faiz ödəmək şərti ilə 24 ay müddətinə 898 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş planından görünür ki, Cavabdeh xx.xx.2014cü il tarixdən xx.xx.2016-cı il tarixədək QSC "xxxx" KB-yə 898 manat əsas kredit borcu, 252,28 manat faiz borcu ödəməli idi. İşin materiallarında olan arayışdan görünür ki, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə 234,25 manat məbləğində əsas borcu, 143,07 manat məbləğində faiz borcu, 67,14 manat gecikdirilmiş faiz borcu, 230,63 manat cərimə, cəmi 675,09 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan QSC "xxxx" KB-nin bildirişindən görünür ki, cavabdehə yaranmış borcun qaytarılması haqqında bildiriş göndərilmiş və 3 gün ərzində borcun ödənilməsi xahiş olunmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun, ona hesablanmış faizlərin və gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğini qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulu 230,63 manat məbləğində deyil, 5,00 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 10,00 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə, yəni 20,00 manat dövlət rüsumu iddaçıya aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 234,25 manat əsas borc, 143,07 manat faiz borcu, 67,14 manat gecikdirilmiş faiz borcu, 5,00 manat məbləğində cərimə (dəbbə pulu) olmaqla, cəmi 449,46 (dörd yüz qırx doqquz manat, qırx altı qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq ləğv prosesində olan QSC "xxxx" KB-yə ödənilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-yə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-439/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-439/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver