Məhkəmə qərarları › İş №e-2(003)-4546/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4546/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4546/2024 19.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu iddiaçı “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatının cavabdeh Əliyeva Esmira Yədulla qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “FİNCA Azerbaijan” MMQBKT cavabdeh Əliyeva Esmira Yədulla qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Əliyeva Esmira Yədulla qızından 881 manat əsas borcun, 282,82 manat faiz borcunun, 48,07 manat cərimə borcunun, ümumilikdə 1211,89 manat məbləğində borcun və ödənilmiş 32,12 manat məbləğində dövlət rüsumunun “FİNCA Azerbaijan” MMQBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “FİNCA Azerbaijan” MM QBKT ilə cavabdeh Əliyeva Esmira Yədulla qızı arasında xx.xx.2023-cü il tarixli **********0100 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün illik 27% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 1000 AZN məbləğində kredit verilmişdir.Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 47 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır.Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Əliyeva Esmira Yədulla qızı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Əliyeva Esmira Yədulla qızının əsas borc üzrə 881.00 AZN, faiz borcuna görə 282.82 AZN,cərimə borcuna görə 48.07 AZN,cəmi 1211.89 AZN təşkil edir.İddianən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş “FİNCA Azerbaijan” MMQBKT ilə Əliyeva Esmira Yədulla qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0100 saylı kredit müqaviləsindən görünür ki, borcluya 30 ay müddətinə 27% illik dərəcə ilə 1000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Əliyeva Esmira Yədulla qızı xx.xx.2023-cü il tarixli **********0100 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli MMQBKT–ya hər ay 47 manat (sonuncu ay 37 manat) ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Əliyeva Esmira Yədulla qızının kredit təşkilatına xx.xx.2023-cü il tarixli **********0100 saylı kredit müqaviləsinə əsasən 881 manat əsas borcu, 282,82 manat faiz borcu, 48,07 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Mülki Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746-5.2 maddəsinə əsasən istehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş **********81 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 32,12 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbini nəzərə alaraq hesab edir ki, 32,12 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı “FİNCA Azerbaijan” MMQBT-nın xeyrinə cavabdeh Əliyeva Esmira Yədulla qızından 881 manat əsas borc, 282,82 manat faiz borcu, 48,07 manat cərimə olmaqla cəmi 1.211,89 manat və ödənilmiş 32,12 manat məbləğində pul vəsaiti dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı “FİNCA Azerbaijan” MMQBT-nın xeyrinə cavabdeh Əliyeva Esmira Yədulla qızından 881 (səkkiz yüz səksən bir) manat əsas borc, 282,82 (iki yüz səksən iki manat səksən iki qəpik) manat faiz borcu, 48,07 (qırx səkkiz manat yeddi qəpik) manat cərimə olmaqla cəmi 1.211,89 (min iki yüz on bir manat səksən doqquz qəpik)) və ödənilmiş 32,12 (otuz iki manat on iki qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar