Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-466/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş 3369,60 manat məbləğində zərərin, debitor borc üzrə 142,94 manat və ödənilmiş 55,13 manat dövlət rüsumu olmaqla, cəmi 3567,67 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin "xxxx" Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 03-7669 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3369,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2021-ci ilin avqust ayı üzrə qalıq 8,70 manat sərfiyyat borcu, 2021-ci ilin sentyabr-dekabr ayları üzrə 156,60 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 275,72 manat sərfiyyat borcu və limitdən əlavə 4,48 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-sentyabr ayları üzrə 127,44 manat sərfiyyat borcu, cəmi 572,94 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin sentyabr ayından 2023-cü ilin oktyabr ayına qədər cavabdeh 430 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 142,94 (bir yüz qırx iki manat 94 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 512,54 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, hazırkı evinin yerində əvvəllər mağaza işlədib. Sonradan mağazanı sökərək yerində ev tikib. Qaz xətti evindən 50-60 metr aralıda qaz borusuna birləşir. Onun tərəfindən hər hansı əlavə xətt qoşulmamışdır. Tərtib edilmiş aktdan xəbəri olmamışdır. Ona bu barədə məlumat verilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli ******* saylı təbii X3nın pozulması haqqında aktın surətindən görünür ki, **********9 zavod nömrəli saylı sayğacın abonenti qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifade etmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 28080m3 həcmində dəymiş ziyan hesablanmışdır (28080 x 0,12= 3369,60 manat). - Cavabdehin adına olan abonent saldosundan ( abonent kodu **********00000) görünür ki, cavabdehin abonent hesabına akt əsasında 2023-cü ilin mart ayında 3369,60 manat zərər hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki mübahisənin yaranmasına səbəb cavabdeh İddiaçı tərəfindən tərtib edilmiş aktların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aklartın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın cavabdehin təqsiri ucbatından baş verməsini iddiaçı Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Bu səbəbdən qaz sərfi nəticəsində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın cavabdehin hesabına hesablanması əsassızdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına, onda baş verən texniki problemlərin aradan qaldırılmasına cavabdehliyi isə qaz paylayıcısı daşıyır. Bununla da «X3» haqqında normativ aktın tələblərini pozmaqla cavabdeh tərəfindən təbii qazdan istifadə etməsi hallarını sübuta yetirmədən həmin aktı tərtib etmişlər. Odur ki, məhkəmə hesab edir ki, tərtib edilmiş akt əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddianın debitor borc hissəsinə münasibətdə hesab edir ki, bu hissədə iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh onun ünvanına quraşdırılmış sayğac vasitəsilə İddiaçı İB tərəfindən verilmiş təbii qazı istehlak etmiş və nəticədə istehlak edilmiş təbii qazın dəyəri üzrə ödənilməli borc məbləği 142,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməklə cavabdehin istehlak etdiyi təbii qazın dəyəri olan debitor borc 142,94 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 55,13 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, rüsumun 45,13 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməklə debitor borca görə 142,94 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh qazdan istifadəyə görə yaranmış 142,94 manat borc və ödənilmiş dövlət rüsumuna görə 10 manat tutularaq İddiaçı "xxxx" ASC-nin Azəriqaz şöbəsi üzrə (Kod 805153 VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 45,13 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-466/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-466/2024
16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver