Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4709/2025 02.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı «X1 Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı «X1 Kredit Təşkilatı» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2025-ci il tarixli 5099/2025 saylı Kredit müqaviləsi üzrə 24144.35 (iyirmi dörd min bir yüz qırx dörd manat otuz beş qəpik) manat əsas, 3614.52 (üç min altı yüz on dörd manat əlli iki qəpik) manat faiz və 3950 (üç min doqquz min əlli) manat dəbbə olmaqla, cəmi 31708.87 (otuz bir min yeddi yüz səkkiz manat səksən yeddi qəpik) manat kredit borcunun tutularaq "xxxx" MMC–yə ödənilməsi; - Tələbin Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 124.9 kv.m ümumi sahədən ibarət 3-500 saylı fərdi yaşayış evinə yönəldilməsi; - Göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" MMC-yə 31708.87 (otuz bir min yeddi yüz səkkiz manat səksən yeddi qəpik) manat məbləğində borcun, bildirişin qeydə alınması ilə əlaqədar 51 (əlli bir) manat və 186 (bir yüz səksən altı) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdeh qismində qeyd edilmiş (kredit müqaviləsi üzrə əsas borclu) Cavabdeh1 xx.xx.2025-ci il tarixində ölmüş, iddiaçı isə hazırki iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni Cavabdeh1 iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl vəfat etmişdir. Ölmüş şəxsə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi isə yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: (bundan sonra “MPM”) - 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. - 49.1-ci madddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. - 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. - 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. - 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Qeyd olunan normaların təhlilindən görünür ki, hər hansı bir fiziki şəxsin prosessual hüquq və faəliyyət qabiliyyətinin olması, o cümlədən onun prosesin tərəfi kimi cavabdeh ola bilməsi üçün onun sağ olması lazımdır. Ölmüş şəxsin hüquq və fəaliyyət qabiliyyətinə xitam verildiyindən o, iş üzrə tərəf, o cümlədən cavabdeh ola bilməyəcəyi üçün ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi mümkün deyildir. Ona görə belə iddialara məhkəmə qaydasında baxılması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsində cavabdeh qismində qeyd edilmiş (kredit müqaviləsi üzrə əsas borclu) Cavabdeh1 iddiaçı tərəfindən məhkəməyə iddia irəli sürüləndən əvvəl ölmüş olduğundan, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil və ona görə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. MPM-in 153-cü maddəsinin tələbinə əsasən, əgər ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. İddianın yolverilməzliyinə görə iddiadan imtina edilməsi barədə əsaslandırılmış qərardad çıxarılır, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilir və bu, ərizəçiyə həmin şəxsə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa (ərizə verməyə) mane olur. Bununla yanaşı, işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olması orada göstərilir. Qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, «X1 Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından icraata qəbulundan imtina edilməli, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmaq üçün qəbul etməkdən imtina edildiyindən, iddiaçı «X1 Kredit Təşkilatı» MMC tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 186 AZN dövlət rüsumu da ona qaytarılmalıdır. Belə ki, MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Bununla belə, iddiaçıya Cavabdeh1 vərəsələrinin müəyyən edildiyi təqdirdə, borcun alınması üçün onlara qarşı müvafiq iddia tələbi ilə aidiyyəti məhkəmədə iddia qaldırmaq hüququnun olduğu izah edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı «X1 Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı «X1 Kredit Təşkilatı» MMC tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 186 AZN (bir yüz səksən altı manat) dövlət rüsumu ona qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №e-2(003)-4709/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4709/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver