Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-509/2024 26.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2014-cü il tarixli, 731 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC qarşısında 4.604,07 manat əsas borc, 502,73 manat faiz borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.895,04 manat faiz ,cəmi 7.001,48 manat manat borcun və ödənilmiş 91 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın girov predmeti olan “Opel Astra” markalı, **-XN-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləği yuxarıda göstərilən qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin “Universal” filialı arasında xx.xx.2014-cü il tarixli, 731 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə illik faiz dərəcəsi 26% (iyirmialtı) faiz ödənilmək şərtilə 4.780 (dörd min yeddi yüz səksən) manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə xx.xx.2014-cü il tarixli 661 saylı ipoteka müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən ona məxsus “Opel Astra” markalı, **-XN-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. Lakin borclu kredit müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü kreditləri və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır.Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəfimizdən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 731 saylı müqaviləsinə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 4.604,07 manat əsas borc, 502,73 manat faiz borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.895,04 manat faiz ,cəmi 7.001,48 manat məbləğində borc öhdəliyi yaranmışdır. İpoteka müqaviləsinə əsasən kreditin təminatı kimi “Opel Astra” markalı, **-XN-*** dövlət nömrə nişanlı avtomobil çıxış edir. Göründüyü kimi, cavabdeh öz müqavilə öhdəliklərini lazımınca icra etməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edillməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 731 nömrəli, 25 fevral 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 26% hesablanmaqla 18 ay müddətinə 4780 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı avtomobil olmuşdur. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh həmin məbləği xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək hər ay 323,53 manat ödəməyi öhdəsinə götürmüşdür. 661 nömrəli, 24 fevral 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, 25 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün dəyəri 6900 manat müəyyən olunmuş, «Opel Astra» markalı, ban nömrəsi WOLOTGF35Y2169205, buraxılış ili 2000-ci il olan avtomobil ipoteka ilə yüklü edilmişdir. 1 nömrəli, 25 fevral 2014-cü il tarixli məxaric orderindən görünür ki, 4780 manat məbləğ Cavabdeh verilmişdir. AB seriyalı, 802179 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Opel Astra» minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə ünvanlanmış bildirşin qeydə alınmasına dair 19 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Ərizə 01 noyabr 2023-cü il tarixdə qeydiyyata alınmışdır. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı, 129553 nömrəli çıxarışdan görünür ki, «Opel Astra» minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka qismində qeydiyyata alınmışdır. İpoteka qoyan şəxs qismində Cavabdeh, ipoteka saxlayan şəxs qismində "xxxx" ASC çıxış etmişdir. **********251 nömrəli, 12 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 25 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə 03 oktyabr 2023-cü il tarixinə 4604 manat əsas borcu, 502 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 1895 manat borcu yaranmışdır. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış **********249 nömrəli, 12 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, bank tərəfindən cavabdeh borcun ipoteka predmetinə yönəldilməsi barədə xəbərdar edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış **********250 nömrəli, 12 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. X2 ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) tərəfindən 91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 4604,07 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 1895,04 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 300 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini lazımi qaydada icra etmədiyindən iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan 2000-ci il buraxılışlı, «Opel Astra» minik markalı, ban nömrəsi WOLOTGF35Y2169205 olan, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən ipoteka predmeti olan əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh 70,27 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4604,07 manat əsas borc, 502,73 manat faiz borcu, 300 manat dəbbə pulu və iddia qaldırılması üçün ödənilmiş 70,27 manat dövlət rüsumu olmaqla cəmi 5477,07 manat borc pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) ödənilməli, tələb Cavabdeh məxsus olan və ipoteka ilə yüklü edilmiş 2000-ci il buraxılışlı, «Opel Astra» minik markalı, ban nömrəsi WOLOTGF35Y2169205 olan, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərracdan satılmalı, ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) olan borcu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4604,07 manat əsas borc, 502,73 manat faiz borcu, 300 manat dəbbə pulu və iddia qaldırılması üçün ödənilmiş 70,27 manat dövlət rüsumu olmaqla cəmi 5477,07 (beş min dörd yüz yetmiş yeddi manat, yeddi qəpik) manat borc pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) ödənilsin. Tələb Cavabdeh məxsus olan və ipoteka ilə yüklü edilmiş 2000-ci il buraxılışlı, «Opel Astra» minik markalı, ban nömrəsi WOLOTGF35Y2169205 olan, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və həmin avtomobil açıq hərracdan satılsın. İpoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) olan borcu ödənilsin. Borc məbləği qaytarıldıqdan sonra qalıq məbləğ Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-509/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-509/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver