Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-610/2023 16.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.000 (on beş min) manat məbləğində əsas borc, borcun gecikdirilmiş vaxt üçün faizi, yəni 09 may 2022-ci il tarixdən hal-hazıradək keçən müddət üçün bank uçot dərəcəsini əsas götürməklə hesablanmış pul məbləği, məhkəməyə iddia verilməsi məqsədilə ödənilmiş 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumu və məhkəmədə huquqlarının müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 110 (bir yüz on) manat məbləğində qonorar Cavabdeh məhkəmə qaydasında tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş kredit müqaviləsi bağlamışlar. Həmin müqavilə üzrə İddiaçı cavabdehə 15.000 (on beş min) manat məbləğində borc pul vermişdir. Müqaviləyə əsasən cavabdeh həmin pul məbləğini xx.xx.2022-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin tarixdən 7 ay vaxt keçsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və müqavilbə şərtini pozmuşdur. Müqaviləyə əsasən, borc alan krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür (2-ci bənd). Borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır (8-ci bənd). Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur (9-cu bənd). Həmçinin Cavabdeh iddiaçıya özgəsinin pul vəsaitini qanıunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkillə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun muvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıllığ gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hazırda həmin pulun nə vaxt iddaçıya qaytarılması (icrası) günü bəlli olmadığından hesab edir ki, ən azından həmin faız borcunun miqdan ilkin olaraq bu iş üzrə qətnamə çıxaran tarixə qədər müəyyən edilməli və cavabdehdən əlavə olaraq həmin faiz tutulmalıdır. Bundan başqa iddiaçı hazırki iddia ərizəsini məhkəməyə təqdim etmək üçün çəkdiyi əlavə xərcləridə cavabdehdən tələb edir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli Cavabdeh tərəfindən öz imzası ilə təsdiq edilmiş borcun alınması haqqında kredit müqaviləsinə əsasən 15.000 (on beş min) manat məbləğində əsas borc, borcun gecikdirilmiş vaxt üçün faizi, yəni 09 may 2022-ci il tarixdən hal-hazıradək keçən müddət üçün bank uçot dərəcəsini əsas götürməklə hesablanmış pul məbləği, məhkəməyə iddia verilməsi məqsədilə ödənilmiş 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumu və məhkəmədə huquqlarının müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 110 (bir yüz on) manat məbləğində qonorar Cavabdeh məhkəmə qaydasında tutularaq İddiaçı qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən etiraf etdi və bildirdi ki, onun iddiaçı ilə qızıl-zinət əşyaları alış-verişi olub. Halhazırda İddiaçı 13000,0 manat borcunun olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Beləki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 17 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 15000,0 pulu borc vermişdir. Həmin müqavilənin 8-ci bəndinə görə borc alan krediti xx.xx.2022-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan orderlərin surətindən görünür ki, İddiaçı müqavilənin şərtlərinə uyğun olaraq 15000,0 manat və 30,0 manat məbləğində pul vəsaitini borc alana verilməsi üçün təqdim etmişdir. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 135,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 15000,0 manat məbləğində pulu xx.xx.2022-ci ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh faktiki borcunun 13000,0 manat olduğunu bildirmiş, lakin ödəniş etməsinə dair əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsaəsn əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2022ci ildə iddiaçı tərəfindən cavabdehə pul verilmiş və bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış borc kimi pulun verilməsinə dair əqd etibarlıdır və iddiaçı həmin əqd əsasında verilmiş pulun qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi bu hissədə təmin edilərək 15000,0 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia qeyri dəqiq olduğundan təmin edilməməlidir. İddiaçının tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin maddə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanmaqla qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pulu özündə saxlamaqla faydalanması ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməməsi ilə yanaşı iddia tələbində konkret məbləği göstərməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 110,0 manat xərcin cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, iddiaçın tələb etdiyi 110,0 manat nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcə dair hər hansı rəsmi sənəd iş materiallarında müəyyən edilmədiyindən iddia tələbi bu hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin iddia tələbinin ödənilmiş 135,0 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə də əsaslıdır və 135,0 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsaslı olduğundan və sübuta yetdiyindən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15000,0 (on beş min) manat məbləğində borc pul və 135,0 (yüz otuz beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-610/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-610/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver