Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-636/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ləğv prosesində olan QSC «Bank Standard» KB Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1727,07 manat əsas, 1605,31 manat faiz, 1132,32 manat cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 241,68 manat faiz borcu, cəmi 4706,38 manat pul vəsaitinin və 67,10 manat dövlət rüsumunun QSC «Bank Standard» KB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB-nin Mərdəkan filialı ilə Cavabdeh2 arasında bağlanmış 1xx/xx/95266/15 N-li xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2015-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2021-ci il tarixə kredit üzrə cəmi borcu 4706.38 manat təşkil edir. Bundan 1727.07 manat əsas, 1605.31 manat faiz, 1132.32 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasən hesablanmış 241.68 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən etiraf etməklə izahatında bildirdi ki, QSC “Bank Standard” KB-dən 7000 manat məbləğində kredit götürmüşdür. Bir müddət vaxtı-vaxtında ödənişlər etmiş, lakin sonradan maddi durumu pisləşdiyindən ödəniş edə bilməmişdir. Sonuncu dəfə 2018-ci il tarixdə ödəniş etmişdir. Hazırda onun iddiaçıya 1727,07 manat məbləğində əsas, 1605,31 manat faiz borcunun olmasını qəbul edir. Ondan tələb olunan cərimə borcunu qəbul etmir. Həmçinin bildirdi ki, maddi durumu pis olduğundan, ondan tutulacaq borcu tam ödəmək imkanı yoxdur. Ona görə də ondan tutulmalı olan borcun hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli 1xx/xx/95266/15 saylı kredit müqaviləsindən görünür ki, QSC «Bank Standard» KB-nin Mərdəkan filialı ilə Cavabdeh2 arasında kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən QSC «Bank Standard» KB tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 26 % dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan QSC «Bank Standard» KB-nin Mərdəkan filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/95266/15 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1, QSC «Bank Standard» KB-nin Mərdəkan filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/95266/15 saylı kredit müqaviləsi irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşıması barədə öhdəlik götürmüşdür (zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən). İş materiallarında olan 1 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2015ci il tarixli 1xx/xx/95266/15 saylı kredit müqaviləsi öhdəlikləri xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 236,02 manat, sonuncu ay 236,05 manat ödəniş etməklə yerinə yetirilməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 müqavilə müddəti çərçivəsində iddiaçıya 1727,07 manat əsas, 1605,31 manat faiz, 1132,32 manat cərimə, gecikdirilmiş vaxt üçün 241,68 manat faiz borcu vardır. İş materiallarında olan QSC «Bank Standard» KB tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, bank tərəfindən cavabdehlərə yaranmış borcun qaytarılması tələb olunmuş, əks tədirdə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 67,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1868 saylı ekspert rəyindən görünür ki, iş üzrə cavabdehlərin xx.xx.2019-cu il tarixə əsas borc üzrə 4077,46 manat, faiz borcu üzrə 1246,72 manat, xx.xx.2021-ci il tarixə isə 3178,07 manat əsas, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla 409,18 manat faiz borcu təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, mülki qanunvericiliyin tələblərin uyğun qaydada iş üzrə tərəflər arasında yazılı kredit və zaminlik müqavilələri bağlanılmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 26 % dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmiş, cavabdeh həmin pulu almış və xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 236,02 manat, sonuncu ay 236,05 manat ödəniş etməklə qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda zamin Cavabdeh1, həmin ödəliklərin yam qaydada yerinə yetirilməsi barədə bank qarşısında öhdəlik götürmüşdür. Cavabdehlər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşlar. Məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. O, kredit müqaviləsi əsasında bankdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 427, 439, 442, 448, 462, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının xeyrinə Cavabdeh2 1727,07 manat məbləğində əsas, 1605,31 manat faiz borcu tutulmalıdır. Belə ki, işin araşdırılmış hallarından görünür ki, cavabdehin həmin məbləğlərdə iddiaçı qarşısında əsas və faiz borcu yaranmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla tələb olunan 241,68 manat faiz borcu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə, ondan tutulmalı olan cərimə borcuna münasibətdə qeyd edir ki, həmin cərimə tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 1132,32 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçının xeyrinə 100 manat cərimə pulu tutulmalıdır. Məhkəmə, iddia tələbi üzrə kredit borcunun digər Cavabdeh1, yəni zamindən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Bank zaminə qarşı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. İddiaçı hazırki tələblə yalnız xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün, qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 1727,07 manat məbləğində əsas, 1605,31 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış 241,68 manat faiz borcu və 100 manat cərimə olmaqla cəmi 3674,06 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumuna görə iddiaçının xeyrinə Cavabdeh2 52,38 manat tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat isə Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 1727,07 manat məbləğində əsas, 1605,31 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış 241,68 manat faiz borcu və 100 manat cərimə olmaqla cəmi 3674,06 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 52,38 manat iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 14,72 manat hissəsi iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1727,07 manat məbləğində əsas, 1605,31 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış 241,68 manat faiz borcu və 100 manat cərimə olmaqla cəmi 3674,06 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 52,38 manat tutularaq iddiaçı QSC «Bank Standard» KB-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 14,72 manat hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-636/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-636/2022
15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver