Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-680/2023 13.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 00516-16/21A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 15000 (on beş min) manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh2 xx.xx.2021-ci il tarixdə iddiaçı ilə MKZ-00516-16/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 10633,54 manat, faiz borcu 652,75, manat dəbbə pulu 167,22 manat, cəmi borc 11453,51 manat təşkil edir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşlər və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişlər. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh və zamin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşlar. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqavilələrin müvafiq olaraq 3.1-ci və 7.4-cü maddələrinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Beləliklə, Bank "xxxx" ASCnin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 00516-16/21A saylı kredit müqaviləsinin ləğv olunması, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixə ödənilməmiş 10633,54 manat əsas borc, 652,75 manat faiz borcu və 167,22 manat dəbbə pulu olmaqla, ümumilikdə 11453,51 manat borcun, iddianın qaytarılması üçün ödənilmiş 124,36 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının Bank "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək, hər ay 500 manat ödəyə biləcəyini bildirdi. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiyini, həqiqətən də bankdan kredit götürdüyünü və maddi imkanı olmadığına görə borcunu qaytara bilmədiyini, borcun, faiz və cərimənin ondan tutulmasına razı olduğunu, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə Bank "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli, MKZ-00516-16/21A saylı Kredit müqaviləsinə əsasən bank borcluya, 24 ay müddətinə, illik 22% olmaqla 15000,0 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, MKZ2-00516-16/21A saylı zaminlik müqaviləsindən aydın olur ki, Bank "xxxx" ASC ilə Cavabdeh3 zaminlik müqaviləsinə əsasən öhdəliklərin təminatı olaraq zamin qismində borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, MKZ-00516-16/21A saylı zaminlik müqaviləsindən aydın olur ki, Bank "xxxx" ASC ilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən öhdəliklərin təminatı olaraq zamin qismində borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Bank "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh1 banka olan əsas borc məbləği 10633,54 (on min altı yüz otuz üç tam yüzdə əlli dörd) manat, ümumi faiz borcu 652,75 (altı yüz əlli iki tam yüzdə yetmiş beş) manat, dəbbə borcu 167,22 manat (bir yüz altmış yeddi tam yüzdə iyirmi iki) manat, cəmi borc 11453,51 (on bir min dörd yüz əlli üç tam yüzdə əlli bir) manat təşkil edir. İş materialında olan iddia ərizəsindən görünür ki, 124,36 manat dövlət rüsumu Bank "xxxx" ASC tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunmuş Bank "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar edərək gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə tərəflər arasında xx.xx.2021-ci il tarixli, MKZ-00516-16/21A saylı Kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 22% olmaqla 15000,0 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Bank "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 və Cavabdeh3 zamin kimi öhdəlik götürmüşdür. Cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehlərin iddiaçı Bank "xxxx" ASC-yə borcu yaranmışdır. İş üzrə iddiaçı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit sazişi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında Mehriban Qurban qızı və Cavabdeh3 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzərinə götürmüşlər. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 124,36 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının, cəmi 124,76 manat məbləğin cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlər iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, cavabdehlərdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bank xidməti haqqı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 00516-16/21A saylı Kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10633,54 manat əsas borc, 652,75 manat faiz borcu və 167,22 manat dəbbə borcu olmaqla, cəmi 11453,51 manat kredit borcu tutularaq Bank "xxxx" ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada ödənilmiş dövlət rüsumu üzrə 124,36 (yüz iyirmi dörd manat otuz altı qəpik) manat və bank xidməti haqqı üzrə 0,40 (qırx qəpik) manat, cəmi 124,76 (yüz iyirmi dörd manat yetmiş altı qəpik) manat tutularaq Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-680/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-680/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver