Məhkəmə qərarları › İş №e-2(003)-763/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-763/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-763/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500,0 manat məbləğində pulun və ödənilmiş 31,0 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə iş yoldaşı Cavabdeh məndən xx.xx.2024-cü il tarixdə qaytaracağına söz verməklə ona 500 manat borca pulu verməyimi istədi. O da iş yoldaşı olduğu üçün inanıb Cavabdeh (onun kartına) 500 manat məbləğində pul köçürdü, bu barədə qəbz vardır. Hətta WHATSAPP mobil tətbiqi vasitəsilə aralarında olan səs yazılarıda mövcudur. Dəfələrlə borcunu geri qaytarmağı tələb etsə də bu günə kimi pulu geri qaytarmamışdır. Bir-birinə olan etibarla bağlı olaraq borc müqaviləsi notariat qaydada təsdiqlənməmişdir. Lakin bununla belə, cavabdeh öhdəliyini icra etməkdən yayınmışdır. Hazırki tarixədək cavabdeh mövcud borcdan heç bir niş etməmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək dənizdə işlədiyini bildirdi, iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, iddianı etiraf edərək iddia ərizəsinin təmin olunmasına etiraz etmədiyini bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə olunmuş sənədlər - Pul köçürülməsi haqqında qəbzin sürətindən görünür ki, 416973******8840 saylı kart hesabından 516751******3005 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 500,0 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - pretenziya məktubundan görünür ki, Cavadov X1 Cavid Abas oğlunu borc barədə xəbərdar etmiş, borcu geri qaytarmayacağı təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. - dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30,4 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıdan xx.xx.2024-cü il tarixdə borc olaraq 500,0 manat borc pul istəmiş, soncu cavabdehə həmin pulu borc vermişdir. Cavabdeh iddaçıdan aldığı 500,0 manat pulu xx.xx.2024-cü il tarixdə geri qaytaracağına söz vermişdir, lakin qaytarmamışdır. Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçıya 500,0 manat borcunun olduğunu etiraf etmişdir. Hazırda cavabdehin iddiaçıya 500,0 manat ödənilməmiş borcu vardır. Məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu tam ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə ki, cavabdeh məhkəmə iclasında hazırda idiaçıya 500,0 manat borcu olmasını etiraf etmişdir. Beləliklə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin iddianı tam etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı hesab edilərək təmin olunmalı, Cavabdeh 500,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın 31,0 manat dövlət rüsumu tələbi hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 31,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 500,0 manat pul və 31,0 manat dövlət rüsumu olmaqla, ümumilikdə 531,0 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 500,0 manat məbləğində pul və ödənilmiş 31,0 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar