Məhkəmə qərarları › İş №e-2(003)-797/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-797/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-797/2024 20.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Babaşov Vüqar Babasən oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1099/F-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 7 730.50 AZN (yeddi min yeddi yüz otuz manat 50 qəp.) əsas, 411.57 AZN (dörd yüz on bir manat 57 qəp.) faiz, 2 007.63 AZN (iki min yeddi manat 63 qəp.) cərimə borcu olmaqla, cəmi borcu 10 149.70 AZN (on min bir yüz qırx doqquz manat 70 qəp.) məbləğində borcun və ödənilmiş 120.45 AZN (bir yüz iyirmi manat 45 qəp.) məbləğində dövlət rüsumunun cavabdehdən (zamin – Cavabdeh) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Q.N.Mahmudzadə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, İddiaçı ASC ilə Babaşov Vüqar Babasən oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1099/F-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19,5% olmaqla, 48 ay müddətinə 13 000 AZN (on üç min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Babaşov Vüqar Babasən oğlu, İddiaçı ASC, Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 1099/F-21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh Babaşov Vüqar Babasən oğlunun xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 7 730.50 AZN (yeddi min yeddi yüz otuz manat 50 qəp.) əsas, 411.57 AZN (dörd yüz on bir manat 57 qəp.) faiz, 2 007.63 AZN (iki min yeddi manat 63 qəp.) cərimə borcu olmaqla, cəmi borcu 10 149.70 AZN (on min bir yüz qırx doqquz manat 70 qəp.) təşkil edir. Babaşov Vüqar Babasən oğlu xx.xx.2023-cü ildə vəfat etmişdir. Şəxsin vəfatından sonra vərəsəlik işi açılmamışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazlarının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı ASC ilə V.B.Babaşov arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 1099/F-21 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank istehlak məqsədi ilə 13000 manatı illik 19,5 faiz olmaqla 48 ay müddətinə kredit alana verməyi, kredit alan isə krediti və faizi ödəniş planına uyğun olaraq təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kreditin ödənişi gecikdirildikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və (və ya) öhdəliyin icrasının təminatı müqaviləsində (ipoteka, girov, zaminlik, qarantiya və s.) nəzərdə tutulmuş hallardan biri (və ya bir neçəsi) baş verdikdə kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək bankın hüququdur. İddiaçı ASC ilə V.B.Babaşov arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 1099/F-21 saylı kredit müqaviləsi üzrə ödəniş qrafikindən müəyyən olunur ki, borcalan xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində hər ay 392,14 manat, xx.xx.2025-ci il tarixdə isə 392,13 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit verən İddiaçı ASC ilə zamin Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1099/F-21 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh borcalan V.B.Babaşovun məbləği 13000 manat, müddəti 48 ay olan xx.xx.2021-ci il tarixli İK 1099/F-21 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Zaminlik müqaviləsinin 6.5-ci bəndindən müəyyən olunur ki, bu müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə üzrə yaranmış öhdəliklərin icrasından azad etmir. Əsas, faiz borcu, cərimə faizləri və dəbbə pulu tam ödənildikdən sonra müqavilə öz qüvvəsini itirir. Zaminlik müqaviləsinin 2.4-cü bəndindən müəyyən olunur ki, zaminin təminat verdiyi öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər formada əlverişsiz nəticələrə səbəb olduqda zamin bu cür hallara razılıq verdiyini bəyan edir və razılaşır. İddiaçı ASC-nin maliyyə arayışından müəyyən olunur ki, borcalan V.B.Babaşovun xx.xx.2021-ci il tarixli İK 1099/F-21 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7730,50 manat, faiz borcuna görə 411,57 manat, cərimə borcuna görə 2077,63 manat olmaqla cəmi 10149,70 manat borcu vardır. İddiaçı ASC-nin cavabdehə ünvanladığı pretenziyadan müəyyən olunur ki, borcverən borcluya borc qaytarılmadığı halda borcun tam həcmdə tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı ASC tərəfindən verilmiş kassa məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, 13000 manat məbləğində pul Babaşov Vüqar Babasən oğlu tərəfindən şəxsən alınmışdır. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi tərəfindən verilmiş AZ-İİ seriyalı 370934 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babaşov Vüqar Babasən oğlu xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölümün qeyd edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 774 sayla qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Babaşov Vüqar Babasən oğlu İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi əsasında 13000 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında penya ödəmək barədə öhdəlik götürmüşdür. Cavabdeh isə zaminlik müqaviləsi əsasında Babaşov Vüqar Babasən oğlu ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin borclu müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Borclu Babaşov Vüqar Babasən oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Borclu vəfat etdikdən sonra isə vərəsəlik işi açılmamış, onun vərəsələri müəyyən edilməmişdir. Bu səbəbdən Cavabdeh zamin olaraq borclunun öhdəliyi üçün məsuliyyət daşıyır. Qeyd olunan maddələrə əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas, faiz məbləği və dəbbə pulu cavabdehdən tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərə-faiz borcuna münasibətdə çox yüksəkdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Lakin, nəzərə alınmalıdır ki, iddiaçı zərəri faiz borcunu tələb etməklə kompensasiya edirsə, onun əmlak mənafeləri cərimənin tənasübsüz dərəcədə yüksək hesablanmasını şərtləndirmir. Hazırki halda cərimə faiz məbləğinə münasibətdə əhəmiyyətli dərəcədə artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 7730,50 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 2007,63 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan dəbbə pulunun (cərimə) məbləği 400 manat müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində borcverənə əsas borca görə 7730,50 manat, faiz borcuna görə 411,57 manat faiz borcu və 400 manat cərimə borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının cavabdehdən əsas borca görə 7730,50 manat, faiz borcuna görə 411,57 manat və cəriməyə görə 400 manat tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli İK 1099/F-21 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7730,50 manat, faiz borcuna görə 411,57 manat, cəriməyə görə 400 manat və ödənilmiş dövlət rüsumuna görə 105,42 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 15,03 manat hissəsi İddiaçı ASC-nin özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar