Məhkəmə qərarları › İş №e-2(003)-890/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-890/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-890/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehdən İddiaçı ASC-nin xeyrinə 15000 manat əsas, 1427,03 manat faiz, cəmi 16427,03 manat borcun, həmçinin ödənilmiş 139,68 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15000 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas borcu 15000 manat, faiz borcu 1427,03 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. xx.xx.2022-ci il tarixli, ******* saylı Kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdehin, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehdən İddiaçı ASC-nin xeyrinə 15000 manat əsas, 1946,25 manat faiz, cəmi 16946,25 manat borcun, həmçinin ödənilmiş 139,68 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmamasını nəzərə alaraq məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək izahatında bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi əsasında ona 15000 manat məbləğində kredit verilmişdir. Əvvəllər vaxtı-vaxtında ödəniş etmiş, lakin sonradan anasının səhətində olan problemlərin müalicəsi ilə əlaqədar olaraq ödəniş edə bilməmişdir. Hazırda 15000 manat əsas, 1946,25 manat faiz, cəmi 16946,25 manat borcun olmasını etiraf edir, lakin həmin borcun ondan hissə-hissə olmaqla tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ASC-nin Yasamal filialı tərəfindən Cavabdeh 48 ay müddətinə illik 16 % dərcəsi ilə 15000 manat məbləğində kreditin verilməsi haqqında bağlanılmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən götürdüyü 15000 manat məbləğində krediti xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 425,10 manat, sonuncu ay isə 425,35 manat ödəniş etməklə qaytarılması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderlərinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 600 manat və 14100 manat, cəmi 14700 manat pul verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 15000 manat əsas, 1946,25 manat faiz borcu, cəmi 16946,25 manat məbləğində borcu vardır. İş materiallarında olan bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış borcun 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə banka olan borcun tam olaraq ödənilməsinin tələb edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Elektron qaydada tərtib edilmiş iddia ərizəsindən və ********** nömrəli qəbzdən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 139,28 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1 və 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülki qanunvericiliyin tələblərinə uyğun qaydada İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, sonuncu həmin kredit müqaviləsi üzrə bankdan 48 ay müddətinə illik 16 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməməklə müqavilə şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışında göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda iş üzrə cavabdeh də məhkəmə iclasında iddia tələbinə etiraz etməməklə tələbi mübahisələndirməmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilərək cavabdehdən 15000 manat əsas, 1946,25 manat faiz, cəmi 16946,25 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə, iddia tələbinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından görünür ki, qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif edildiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehdən 15000 manat əsas, 1946,25 manat faiz borcu olmaqla cəmi 16946,25 manat məbləğində borc tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 139,28 manat və 0,40 manat bank xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli “fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi barədə” kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 15000 manat əsas, 1946,25 manat faiz borcu olmaqla cəmi 16946,25 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 139,28 manat və 0,40 manat bank xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar