Məhkəmə qərarları › İş №e-2(003)-91/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-91/2024

22.01.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-91/2024 22.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilin 1/10 hissəsinə payı olan cavabdehin mənzildəki payına düşən 7000 manat pul verilməklə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(003)-2771/2021 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsi ev 8,7 saylı mənzil üzərində X1 1/10 pay hissədə, İddiaçı 9/10 hissədə payların müəyyən edilməsi, ilk iddia və qarşlıqlı iddiaların qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2022-ci il tarixli 2(103)- 3887/2022 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin Bakı şəhəri Xəzərə rayonu Buzovna qəsəbəsi Güloğlan Məmmədov kqüçəsi ev 8, 7 saylı mənzil üzərində 9/10 hissədə payların müəyyən edilməsi hissəsində dəyişdirilməsi, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsi ev 8,7 saylı mənzil üzərində 1/6 hissədə iddiaçı X1, 5/6 hissədə isə cavabdeh İddiaçı payının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5976/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsi ev 8, 7 saylı mənzil üzərində 1/6 hissədə iddiaçı X1, 5/6 hissədə isə cavabdeh İddiaçı payının müəyyən edilməsi hissəsində ləğv edilmişdir. Həmin hissədə yeni qərar çıxarılmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsi ev 8, 7 saylı mənzil üzərində payların bölünməsi tələbləri qismən təmin edilmişdir. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsi ev 8, 7 saylı mənzil üzərində X1 payı 1/10 hissədə, İddiaçı payı 9/10 hissədə müəyyən edilmişdir. Beləliklə, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, 8 saylı evdə yerləşən 7 saylı mənzilin 9/10 hissəsinin mülkiyyətçisidir, cavabdeh isə həmin mənzilin 1/10 hissəsinin mülkiyyətçisidir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Mübahisəli mənzildə mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Bir mənzildə ikisinin yaşaması mümkün deyildir. Cavabdeh mənzilin satışına razılıq vermir. Mənzilin bazar dəyərinə uyğun alaraq onun payına düşən məbləği almaqdan da imtina edir. Beləliklə, cavabdeh mənzildə cüzi pay (1/10 pay) sahibi olduğu halda hüququndan sui-istifadə edərək onun mənzilin 9/10 hissəsinə olan mülkiyyət hüququnu pozur. Həmin mənzildə heç biri yaşamır. Hazırda həmin mənzilin bazar dəyəri 65000-70000 manatdır. İşin baxılması zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda yerləşən 7 saylı mənzildə Cavabdeh mülkiyyətində olan 1/10 payın və iddiaçının mülkiyyətində olan 9/10 payın real (naturada) ekspert rəyinə uyğun olaraq ayrılması, ekspert rəyinə əsasən payların real ayrılması mümkün olmadığı halda cavabdehin cüzi payı olduğunu nəzərə alaraq qiymətləndiricinin rəyinə əsasən cavabdehin payına düşən məbləğdə kompensasiya ödənilməklə mənzildəki 1/10 paya mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə Cavabdeh mülkiyyətində olan 1/10 payına mütənasib 7600 manat məbləğdə kompensasiya ödənilməklə (ondan tutulmaqla) göstərilən mənzildəki 1/10 paya olan mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında həmçinin bildirdi ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən mübahisəli mənzilə iddiaçının 9/10 hissədə, cavabdehin isə 1/10 hissədə payı mövcuddur. Cavabdehin mübahisəli mənzilə pay hüququ cuzi olduğundan iddiaçı öz payından bir mülkiyyətçi kimi istifadə edə bilmir. Tərəflər arasında əvvəlki mübahisələr üzrə, hazırki mübahisənin həlli üçün iddiaçı tərəfindən cavabdehə öz payından imtina etməsi üçün kompensasiya təklif olunmuşdur. Lakin razılıq əldə edilməmişdir. İş üzrə ekspertiza təyin edilmiş və verilmiş rəyə əsasən müəyyən edilmişdir ki mənzilin tərəflərin paylarına uyğun bölünməsi mümkün deyil. Eyni zamanda mənzilin dəyəri qiymətləndirilmiş, hazırda dəyəri 76000 manat təşkil edir. Həmin rəyə əsasən cavabdehin payına uyğun kompensasiya verməyə razıdırlar. Cavabdehin payının cuzi hesab edilməsində səbəb isə mənzilin ümumi sahəsi nəzərə alındıqda cavadbehin payına düşən hissəsi 7.2 kv.metrdir. Kompensasiya alınmasında imtina olunaraq əsas pay sahibi olan iddiaçının mülkiyyət hüquqları pozulur. İzahatında həmçinin bildirdi ki, iddiaçı, cavabdehə təklif etmişdir ki, mənzil satılsın və paylara uyğun satışdan əldə olunan vəsait bölünsün. Lakin cavabdeh buna razı olmur, bununla da iddiaçının öz mülkiyyət hüquqları pozulur. Cavabdeh hazırda həmin mənzilin yerləşdiyi binanın alt mərtəbəsində yerləşən mənzildə yaşayır. Həmin mənzil alınandan sonra cavabdeh tərəfindən həmin mənzil təmir olunmuş və hazırda da orada yaşayır. Mübahisəli mənzildə yaşayış yoxdur, orada yaşamaq üçün əsaslı təmir işləri aparılmalıdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçının olduğu kimi cavabdehin də mübahisə mənzilə mülkiyyət hüququ vardır. Fərq olaraq iddiaçı mənzilin açarını özündə saxladığından cavabdeh öz mülkiyyət hüququnu həyata keçirə bilmir. Mənzilin satılması ilə bağlı məhkəmədən kənar qaydada razılıq əldə edilməsi üçün təklif irəli sürülməmiş, cavabdehin payının cuzi olması ilə bağlı iddia əsaslandırılmamışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, mübahisəli mənzil onun iki uşağı ilə yeganə yaşayış üçün olan yerdir. Hazırda yaşadığı mənzil anasına məxsusdur, iki uşağı ilə birlikdə yaşayır, mübahisəli mənzilin olduğu binada yerləşir, orada qeydiyyata düşməyə ona icazə vermirlər. Anası, qardaşı, qardaşının ailəsi ilə birlikdə atasına məxsus Yeni Günəşli qəsəbəsində yerləşən evdə yaşayırlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5976/2022 saylı qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi birgə nikah dövründə əldə olunmuş ünvan 1, 7 saylı mənzil üzərində 1/6 hissədə iddiaçı Cavabdeh, 5/6 hissədə isə cavabdeh İddiaçı payının müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılmaqla ünvan 1, 7 saylı mənzil üzərində payların bölünməsi tələbləri qismən təmin edilərək ünvan 1, 7 saylı mənzil üzərində Cavabdeh payı 1/10 hissədə, İddiaçı payı 9/10 hissədə müəyyən edilməsi qərara alınmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1, 7 saylı mənzilə dair İddiaçı 9/10 hissədə, Cavabdeh isə 1/10 hissədə mülkiyyət hüququ vardır. Məhkəmə iclasında tədqiq edilmiş iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/4265, 9/4471 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 72.02 kv.m olan 7 saylı mənzilin tərəflər (mülkiyyətçilər) arasında paylara uyğun naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4-cü bəndlərində və Məhkəmə Tikinti-X2 metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur, həmin mənzilin orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 76000 manat məbləğində müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş: - Cavabdeh iddia ərizəsinə etirazından görünür ki, o, etirazında bildirmişdir ki, qeyd olunan mülkiyyət onun yeganə mülkiyyətindir, uşaqları ilə birgə orada qeydiyyatdadır. Həmin mülkiyyət birgə nikah dövründə əldə olunan mülkiyyətdir, iddiaçı orada yaşamaqlarına imkan vermədiyindən hal-hazırda müvəqqəti olaraq atasının evində yaşayır. İddiaçının ona kompensasiya olaraq ödəmək istədiyi pul, uşaqlar ilə onun heç bir otaqlı mənzil alıb orada yaşamaqlarına belə çatmır. İddiaçının mənzilə dair göstərdiyi məbləğ reallığa uyğun deyil. Bundan başqa o, mülkiyyətində olan mənzilə dair payını cuzi saymır. Hesab edir ki, mənzildə olan payı kifayət edirki, orada yaşasın və nə qədər ki, o orada yaşaya bilər. İddiaçı ona ən azından ayrıca yaşamağa yer təklif etmək ilə mülkiyyət hüququna xitam verilməsini məhkəmədən xahiş etməlidir. İddiaçı və anası mülkiyyət və sair tələblər irəli sürməklə onu və uşaqlarını 10 ildən çox yaşadığı, onun anasının evindən çıxartmışlar, onlara mənəvi və maddi ziyan vurmuşlar. Hal-hazırda uşaqların bütün əziyyətlərini tək başına cəkir və iddiaçı yenə də onları rahat buraxmayaraq yeqanə sığına biləcəkləri yeridə əllərindən almağa çalışır. Bildirir ki, o iddia ilə razı deyil, iddianın təmin olunmamasına dair qətnamə cıxarılmasını məhkəmədən xahiş edir. - iddiaçının nümayəndəsi və vəkili X5 tərəfindən imzalanmış müraciətdən görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 8, 7 saylı mənzildə olan 1/10 payına görə ekspert rəyinə əsasən 7600 manat kompensasiya təklif edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, ünvan 1, 7 saylı mənzilə dair İddiaçı 9/10 hissədə, Cavabdeh isə 1/10 hissədə mülkiyyət hüququ vardır. Cavabdehin iddiaya etirazı ondan ibarətdir ki, o, pay hüququ olan mənzildə yaşamaq istəyir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. -220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. -220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. -220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. -220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. -220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. -220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İddiaçı iş üzrə keçirilmiş ekspert rəyinə əsaslanmaqla mübahisə predmetinə daxil olan mənzilin naturada tərəflərin paylarına uyğun qaydada bölünməsinin mümkün olmamasını, həmin ekspert rəyinə əsasən hazırda mənzilin orta bazar qiymətinin 76000 manat olmasını, cavabdehin mənzilə dair payının 1/10 hissədə olmasını əsaslanmaqla 7600 manat kompensasiya verilməklə cavabdehin mülkiyyət hüququna xitam verilməsini xahiş etsə, cavabdehin həmin əmlakın istifadə edilməsində mənafeyinin olmaması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında cavabdehin mübahisəli predmeti olan mənzilin yerləşdiyi binada özünə məxsus başqa mənzilin olmasını bildirsə də həm bu barədə, həm də cavabdehin mübahisə predmeti olan mənzildən istifadə etməsinə, yaşamasına və s. zərurətinin olmamasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırda mübahisə predmetinə daxil olan mənzilin naturada bölünməsinin mümkün olmaması, cavabdehin payının cuzi olması hesab edilsə belə, onun həmin mənzildən istifadə etməsində mühüm mənafeyinin olmaması sübut olunmadan (məhkəmə nəzərə alır ki, bu halı sübut etmək yükü iddiaçının üzərinə düşür) mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi cavabdehin konstitusion hüququnun pozulması ilə nəticələnə bilər. Bu mövqe Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında da qeyd edilmişdir. Belə ki, həmin Qərarda qeyd edilmişdir ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının MPM-in 14.2. və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin təmin edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavadbeh Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən 7 saylı mənzildə Cavabdeh mülkiyyətində olan 1/10 hissədə payına mütənasib 7600 manat məbləğində kompensasiya ödənilməklə göstərilən mənzildəki 1/10 paya olan mülkiyyət hüququna xitam verilməsi barədə iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar