Məhkəmə qərarları › İş №e-2(003)-968/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-968/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-968/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9496 manat məbləğində pulun və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 114,96 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişidir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 01.10.2021-ci il tarixinədək borclular tərəfindən müştərək qaydada hər ay 3165 manat olmaqla, cəmi 9496 manat borc şirkətin hesabına ödənilməli idi. Lakin borc məbləği ödənilməmişdir. Borc məbləğinin ödənilməsi ilə bağlı borclular Cavabdeh1 və Cavabdeh2 29.12.2021-ci il tarixində 03/481 nömrəli pretenziya məktubu göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində işləyib, şirkət tərəfindən daxili audit keçerilmiş və Kərəm tərəfindən pozuntulara yol verdiyi aşkar edilmişdir. Bunun nəticəsində 9496 manat şirkətə zərər dəydiyi aşkar edilmiş və Cavabdeh1 və Cavabdeh2 ilə borc müqaviləsi bağlanmışdır. Həmin borc müqavbiləsinə əsasən 01.10.2021-ci il tarixinədək borclular tərəfindən müştərək qaydada hər ay 3165 manat olmaqla, cəmi 9496 manat borc şirkətin hesabına ödənilməli idi. Məhəkəm iclasında Cavabdeh1 bildirdi ki, 13 il Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbəri olmuşdur. Onunla şirkət arasında borc müqaviləsi bağlanılmışdır. Həmin borc müqaviləsi o məqsədlə bağğlanmışdır ki, o müəssisədə işləyəcək və həmin işlədiyi dövrdə daxili audit nəticəsində aşkar edilmiş pul kəsirləri ödəniləcəkdir. O işdə qalması məqsədi ilə müqaviləyə razılqı vermişdir. Lakin sonradan onu işdən çıxardılar və o da ödəniş etməkdən imtian etdi. Onunla Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış olan müqavilə üzrə hər hansı pul məbləği ona verilməmişdir. Müqavilə bağlanmasında məqsəd onun tərfindən qeyd edilən 9496 manat pulun şirkətə qaytarılması olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə Cavabdeh2 iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştiak edən şəxslərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17.09.2021-ci il tarixli Qərarında izah etmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01.12.2020-ci il tarixli Qərarnda qeyd edilmişdir ki, “... vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən hüquqi mövqeyini mülki qanunvericiliyin müvafiq normalarına əsaslanmaqla formalaşdırmışdır. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir”. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeydindən görünüdüyü kimi hazırkı mülki iş üzrə məhkəmə araşdırması zamanı müqavilənin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməli, eyni zamanda təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. İşin faktiki hallarından və məhkəmə iclasında tərəflərin vermiş olduğu izahatlarından da görünür ki, tərəflər arasında müqavilə yalnız formal olaraq bağlanmışdır, yəni kredit müqaviləsi üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən mülki iş üzrə cavabdehlərə hər hansı bir kredit verilməmişdir. Qeyd edilən müqavilə isə həmin şirkətdə məsul vəzifədə işləmiş Cavabdeh1 işlədiyi müddətdə aparılmış olan daxili audit yoxlamasının nəticəsi olaraq 9496 manat kəsirin olması ilə bağlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 9496 manat məbləğində pulun və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 114,96 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d ı̇ : İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 9496 manat məbləğində pulun və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 114,96 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar