Məhkəmə qərarları › İş №e-2(004)-1020/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1020/2023

23.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1020/2023 23.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 64,20 manat məbləğində vurulmuş maddi zərərin və ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 94,60 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Bakı şəhəri Yasamal rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 162 saylı evin, 66 saylı mənzili cavabdehin mülkiyyətində olmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 162 saylı evin, 66 saylı mənzilində yaşamış Dövlətov Emil ilə İddiaçı MMC arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstəriməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixdə bu ünvan “KATV1” kabel televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2012-ci il tarixinədək son ödəməsini etmiş və xx.xx.2012-ci il tarixdə 6,90 manat borcla şəbəkədən ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 162 saylı evin, 66 saylı mənzilinə 0747 KA saylı akt tərtib olunanadək sonuncu dəfə xx.xx.2012-ci il tarixində həmin binaya baxış keçirilmişdir. Bundan sonra, xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0747 KA saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktlardan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirk ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilə son baxış keçirildiyi xx.xx.2012-ci ildən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2013-ci ilədək olan müddət 214 gün təşkil edir. Bu da hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə ümumilikdə 64.20 manat təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə pretenziya məktubları göndərilmilş və məktublar geri qayıtmışdır İddiaçı "xxxx" MMC məhkəməyə elektron qaydada xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq iddia tələbini müdafiə edərək, məhhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarında olan arayışa əsasən müəyyən olunur ki, Dövlətova X1, 162 saylı evin 66 nömrəli mənzilində xx.xx.2008-ci ildən qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, AN-l ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,7 m2, yaşayış sahəsi 16 m2 olan mənzili Ömərov Samirin mülkiyyətinə vermişdir. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC ilə ünvan 2 ünvanında yaşayan Dövlətov Emil arasında bağlanılmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixində bu ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2012-ci il tarixinədək isə son ödəməsini edib. xx.xx.2012-ci il tarixində 6,90 manat borc ilə şəbəkədən ayrılıb. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında 0747 KA saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2012-ci il tarixində həmin binaya baxış keçirilmişdir. Belə ki, iddiaçının iddiasına əsasən xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “KATV1” Kabel Televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 162 evin, 66 nömrəli mənzildə kabel şəbəkəsinə keçirilən baxış zamanı həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0747 KA saylı akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 0747 KA saylı, xx.xx.2013-cü il tarixli aktdan görünür ki, həmin akt tərtib edilərkən mənzil sahibinin iştirakı təmin edilməmiş, habelə müvafiq aktın sonuncuya təqdim edilməsi məqsədilə lazımi tədbirlər görülməmişdir. Aktı tərtib edən şəxslər (harada və hansı vəzifədə işləmələri) barəsində məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Sonuncu aktın xx.xx.2013-cü il tarixdə tərtib edilməsinə bağmayaraq 10 il ərzində aktla bağlı cavabdehdən pul istənilməmiş və 10 ildən sonra məhkəməyə müraciət olunmuşdur. Bu da aktın doğruluğuna şübhə yaratmaqdadır. Aktın surətinin qapıya qoyulması məhkəmə tərəfindən yetərli tədbir kimi qiymətləndirilmir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər əsaslandırılmadığından təmin edilməməlidir. Bundan əlavə qeyd edilən hallara dair təqdim edilmiş, ünvan 2 ünvanında yerləşən yaşayış binasının “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixdən təmin edilməsi barədə 22 iyun 2022-ci il tarixli arayış, habelə qanunsuz qoşulmanın aşkar edilməsinə dair 0747 KA saylı, xx.xx.2013-cü il tarixli akt elə iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərdir. Habelə iş materiallarına əlavə edilmiş video görüntüdən də həmin çəkilişin hansı ünvanda, hansı tarixdə, kim tərəfindən aparıldığını və kabel xəttinə qanunsuz qoşulmanın kim tərəfindən və hansı vaxtdan olub-olmaması faktını və bu kimi digər mühüm əhəmiyyət kəsb edən digər halları müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə, binaya kabel televiziyası xidmətinin göstərilməsini təsdiqləyən aidiyyəti dövlət orqanının məlumatı təqdim olunmamış və ya qanunsuz qoşulmanın aşkar edilməsinə dair aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Yəni, həmin sənədlərdə əks olunmuş məlumatlar qeyd edilən tərəfsiz qurumlar və ya şəxslər tərəfindən təsdiqlənmədiyi üçün onlar mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz. Bu baxımdan cavabdehin iddiaçıya hər hansı maddi ziyan vurması faktı sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və digər xərclər iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar