Məhkəmə qərarları › İş №e-2(004)-1033/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1033/2021

18.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1033/2021 18.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh Fədayi oğluna qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fədayi oğlundan xx.xx.2019-cu il tarixli VİP 17569 saylı nisyə-alqı satqı müqaviləsi üzrə 121 ABŞ dolları əsas borc, 20 ABŞ dolları cərimə olmaqla, cəmi 141 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Fədayi oğluna rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh Fədayi oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli VİP 17569 saylı nisyə alqı-saqı müqaviləsinə əsasən müəyyən edilir ki, satıcı satış qiyməti 275 ABŞ dolları olan bir ədəd “Honor 8A Black 32gb” markalı mobil telefonu ödəniş cədvəlinə uyğun olaraq ödənilməsi şərtləri ilə verməyi, alıcı isə malı qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh Fədayi oğlunun adına tərtib edilmiş ödəniş cədvəlinə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, o, müqavilə ilə müəyyən edilmiş malın dəyərini növbəti 12 ay ərzində xx.xx.2020-ci il tarixinə qədər hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019cu il tarixli qaimədən görünür ki, Cavabdeh Fədayi oğlu “Honor 8A Black 32gb” markalı mobil telefonu qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Fədayi oğlunun xx.xx.2019-cu il tarixli VİP 17569 saylı nisyə-alqı satqı müqaviləsi üzrə 121 ABŞ dolları əsas borc, 20 ABŞ dolları cərimə olmaqla, cəmi 141 ABŞ dolları borcu vardır. İş materiallarında olan “xxxx” MMC tərəfindən Cavabdeh Fədayi oğluna göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcunun olması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il tarixli VİP 17569 saylı nisyə-alqı satqı müqaviləsi üzrə 121 ABŞ dolları əsas borc, 20 ABŞ dolları cərimə olmaqla, cəmi 141 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh Fədayi oğlundan Azərbaycan Respublikasının ödəniş vasitəsi olan manatla, ödəniş gününün məzənnəsinə uyğun olaraq tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli VİP 17569 saylı nisyə-alqı satqı müqaviləsi üzrə ödənilməmiş 121 ABŞ dolları əsas borc, 20 ABŞ dolları cərimə olmaqla, cəmi 141 (bir yüz qırx bir) ABŞ dolları borc Azərbaycan Respublikasının ödəniş vasitəsi olan manatla, ödəniş gününün məzənnəsinə uyğun olaraq və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh Fədayi oğlundan tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar