Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1060/2025 19.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi, pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AL/72367/92/1 nömrəli bank hesabı müqaviləsi və kredit sazişinə əsasən bank tərəfindən cavabdehə 59 ay müddətinə ilkin 25% ilə 10000 manat məbləğdə kredit limiti ayırır və kredit limiti çərçivəsində kredit verməyi öhdəsinə götürür.
2. Balansdankənar məxaric orderindən görünür ki, “X1 Contactless” kredit kartı kredit alan tərəfindən təhvil alınmışdır.
3. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişlərlə iddiaçı cavabdehin 9999,37 manat əsas, 1035,55 manat faiz borcu yarandığını bildirmişdir.
4. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin 9999,37 manat əsas, 1035,55 manat faiz borcu təşkil edir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 9999,37 manat əsas, 1035,55 manat məbləğdə faiz borcu olmaqla, cəmi 11034,92 manat borc və 124 manat məbləğdə ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 59 ay müddətinə, illik 25% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.
b) iddiaya etiraz
7. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
8. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasında isə iştirak edərək, bildirmişdir ki, hərbi əməliyyatda iştirak edərkən qəlpə və güllə yarası almış, buna görə çoxsaylı əməliyyatlar keçirmək məcburiyyətində qalmış, nəticədə borcun qaytarılmasında gecikmələr yaranmışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyada: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmə baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
13. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdehlər müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
14. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
15. Borcun əsası olan kredit müqaviləsi, kassa məxaric orderi və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı ASC kredit alana 59 ay müddətinə ilkin 25% ilə 10000 məbləğdə kredit vermişdir.
16. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozmuş, iddiaçı isə qalıq əsas borc 9999,37 manat və 1035,55 manat faiz borcu tələb etmişdir.
17. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həm əsas və həm də faiz borcuna münasibətdə təmin edilməlidir.
18. Belə ki, nəzərə almaq lazımdır ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.
19. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
20. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 124 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 9999,37 manat əsas, 1035,55 manat faiz borcu və 124 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11158,92 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 9999,37 manat əsas, 1035,55 manat faiz borcu və 124 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11158,92 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə