Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1070/2024 15.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 18200 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı müxtəlif şəxslərin pensiya təminatı ilə bağlı müvafiq işlərin görülməsi üçün həmin şəxslərə məxsus ümumilikdə 18200 manat pulu Sevda adlı şəxsin vasitəsilə sonuncunun tanışı Cavabdeh vermişdir. Cavabdeh da müvafiq işlərin görülməsi üçün həmin pulu Şahid1 vermiş, sonuncu isə vədlərinə əməl etmədiyindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Sözügedən pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 1-1(093)-172/2023 nömrəli hökmünə əsasən müəyyən edilir ki, Şahid1 CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsi münasibətləridir və mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış şifahi müqavilənin şərtləri və MM-in Tapşırıq müqaviləsi ilə bağlı normaları (779.1-ci maddə), MM-in 1096, 1097-ci maddələrinin dispozitiv şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Məhkəmə araşdırması zamanı (şahidlərin ifadələri, tərəflərin (xüsusən iddiaçının özü) izahatları və s.) müəyyən edilir ki, İddiaçı mülki iş üzrə şahid qismində dindirilmiş Şahid2 vermiş, sonuncu isə həmin pulu iddiaçının təqdim etdiyi pul kimi və ya iddiaçının nümayəndəsi və ya təmsilçisi kimi deyil, məhz öz adından Cavabdeh vermişdir. Yəni, İddiaçı ilə Cavabdeh arasında hər hansı öhdəlik münasibətləri yaranmamışdır. Hüquq münasibətlərinin tərəfi kimi öhdəlik münasibətləri İddiaçı ilə Şahid2, daha sonra Şahid2 ilə hazırki Cavabdeh arasında yaranmışdır. Nəticə etibarilə, mövcud münasibətlərin mahiyyəti, tərəflər fərqlidir, odur ki, həmin hüquq münasibətlərini eyniləşdirmək olmaz. Qeyd olunan xüsusatlar isə məhkəmə iclaslarında şahidlərin və tərəflərin izahatlarına əsasən (izahatlar müvafiq məhkəmə iclas protokollarında qeyd edilmişdir) müəyyən edildiyindən iddiaçıya cavabdehin əsl cavabdehlə əvəzlənməsinin təklif edilməsi mümkün olmamışdır (xüsusatlar yekun olaraq məhkəmə bacış mərhələsində aydın olmuşdur). Məhkəmə iddiaçıya izah edir ki, o, müvafiq iddia tələbi ilə bağlı öhdəlik münasibətlərinə birbaşa daxil olduğu Şahid2 qarşı iddia qaldırmaq hüququ vardır. Şahid2 da Cavabdeh qarşı iddia tələbinə baxılması da digər hüquq münasibəti kimi mümkündür. Tərəflər arasında yaranmış ayrı-ayrı hüquq münasibətləri isə tapşırıq hüquq münasibətləri kimi qiymətləndirilir. Şahid2 münasibətlərdəki hüquqi pozisiyası isə təmsilçi, nümayəndə kimi deyil, məhz münatəqil subyekt kimi qiymətləndirilir. Çünki, Şahid2 cavabdehlə hüquq münasibətlərinə daxil olarkən müvafiq pul məbləğinin iddiaçıya aid olduğunu və ya tapşırığın iddiaçının sifarişi olmasını bildirməmiş, pulu və müvafiq tapşırığı öz adından cavabdehə vermişdir. Məhkəmə nəzərə alır ki, hazırki mülki işin faktiki halları kifayət qədər qarışıqdır. Lakin, yuxarıda göstərilən xüsusatların aydınlaşdırılmasının təmin edilməsi iddia tələbinin məhz hazırki cavabdehə qarşı təmin edilməməsi üçün yetərlidir. Azərbaycan Respublikası MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1070/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1070/2024
15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver