Məhkəmə qərarları › İş №e-2(004)-1078/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1078/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1078/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 9906 manat məbləğində əsas borcun, 949,39 manat məbləğində faiz borcunun, cəmi 10855,39 manat borcun və 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə, illik 22% olmaqla 10100 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 9906 manat məbləğində əsas borcun, 949,39 manat məbləğində faiz borcunun, cəmi 10855,39 manat borcun və 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə proseslərinin çox olması ilə əlaqədar, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və təqdim etdikləri sübut əsasında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, əvvəl müəllimə işləmiş, krediti də həmin vaxt götürmüşdür. Sonra müqavilənin müddəti bitmiş və o, 01 il işləməmiş, buna görə ödəniş edə bilməmişdir. Həm uşağının universitetdə ödənişli fakultədə oxuması, həm də həyat yoldaşının rəhmətə getməsi onu çox çətin vəziyyətə salmış, buna görə də az ödənişlər etmiş, bu da bankı qane etməmişdir. Özü hal-hazırda bağçada işləyir, 300 manat maaş alır və gecə smenində işləyir. Göstərilənlərə əsasən məhkəmədən banka olan borcunun hissə-hissə ödənilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli CP/53826/85/35 nömrəli Kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 22% 10100 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq borcu yaranmışdır. Cavabdehin kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 9906 manat məbləğində əsas, 949,39 manat faiz borcu vardır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli və Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış CP/53826/85/35 saylı, 31 mart 2022-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış CP/53826/85/35 saylı, 31 mart 2022-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 9906 (doqquz min doqquz yüz altı) manat məbləğində əsas borc, 949,39 (doqquz yüz qırx doqquz manat 39 qəpik) manat məbləğində faiz borcu, cəmi 10855,39 (on min səkkiz yüz əlli beş manat 39 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 123 (yüz iyirmi üç) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış CP/53826/85/35 saylı, 31 mart 2022ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 9906 (doqquz min doqquz yüz altı) manat məbləğində əsas borc, 949,39 (doqquz yüz qırx doqquz manat 39 qəpik) manat məbləğində faiz borcu, cəmi 10855,39 (on min səkkiz yüz əlli beş manat 39 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nə ödənilsin. İş üzrə ödənilmiş 123 (yüz iyirmi üç) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar