Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1120/2022 05.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05.03.2020-ci il tarixli 4689 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00110 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 40016618 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 03.06.2019-cu il tarixli ******* saylı akt əsasında 165,60 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, 06.03.2020-ci il tarixli ******* saylı akt əsasında 49 manat, 30.11.2020-ci il tarixli ******* saylı akt əsasında 784.80 manat, 29.01.2021-ci il tarixli ******* saylı akt əsasında 590,40 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2747,20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmiş, nəticədə 648,30 manat borcu yaranmışdır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nətəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 3395,50 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 2747,20 manat, təbii qazdan istifadəyə görə 648,30 manat, 56,96 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərcinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bldirdi ki, cavabdehin qazdan qanunsuz istifadə etməsi 2019-cu ul tarixdən aşkar edilmişdir. Həmin dövrdə ona məxsus ünvanda mexaniki sayğac quraşdırılmışdır. Göründüyü kimi cavabdeh məhkəmə iclaslarına da gəlmir və bu da ona dəlalət edir ki, o iddia tələbini qəbul edir. Bundan başqa cavabdeh aktlardan əlavə istifadə edilmiş qaza görə hesablanmış borcunu da ödəmək niyyətində deyildir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iidaçının nümayəndəsi izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı İB ilə Cavabdeh arasında 05.03.2020-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu arasında qazın alqı-satqısı barədə 4689 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-ü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. 4.3-cü bəndində isə istismar edilən 1 ədəd PQ-4 və 1 ədəd QSQ model qaz qurğusu quraşdırılmışdır. İş materiallarındakı Cavabdeh adına olan **********00110 saylı abonentin saldosundan görünür ki, cavabdehin sərf edilmiş təbii qaza görə ümumilikdə 3395.50 manat borcu yaranmışdır. İşdə olan 03.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 06.03.2020-ci il tarixli ******* saylı, 30.11.2020-ci il tarixli ******* saylı, 29.01.2021-ci il tarixli ******* saylı aktlardan görünür ki, Cavabdeh ünvanında qeyri-qanuni təbii qzdan istifadə etməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh yaşadığı mənzilində təbii qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə onun iddiaçı təşkilata 3395.50 manat borcu yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Hazırda iddiaçı tərəfindən 3395.50 manat məbləğində borc cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə həm paylayıcının, həm də istehlakçının qanunla qorunan mənafelərini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, müqavilə ilə nəzərədə tutulmuş qaz qurğularının istifadəsi nəticəsində yaranmış borc məbləğində tutulmalıdır. Belə ki, iddiaçı tərəf istehlakçının qaz sayğacına müdaxilələr etməsini və paylayıcıya zərər verməsini ilk olaraq 03.06.2019-cu il tarixdən aşkar edilməsinə və buna dair aktlar tərtib edilməsinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən vurulmuş zərərin məbləği təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən cavabdehin istifadəsində olmuş radiator, dəmir soba və dörd gözlü pilitə avadanlıqlarına uyğun olaraq hesablansa da, işin halları ilə cavabdehin istifadəsində yalnız 1 ədəd PQ-4 və 1 ədəd QSQ-nin olması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 05.03.2020-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 4689 saylı müqavilədən görünür ki, həmin müqavilənin 4.3-cü bəndinə əsasən cavabdehin fərdi yaşayış evində istismar edilən 1 ədəd PQ-4 və QSQ model qaz qurğusu quraşdırılmışdır. İddiaçı cavabdehin istifadəsində radiatorunvə dəmir sobanın olmasını iddia etsə də, məhkəməyə bu halları təsdiq edəcək hər hansı bir mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, istehlakçıdan, yəni cavabdehdən yaşadığı mənzilin sahəsini, istifadə etdiyi qaz cihazını nəzərə alaraq 03.06.2019-cu il tarixli akt üzrə 32.40 manat, 31.07.2019-cu il tarixli akt üzrə 32.40 manat, 30.08.2019-cu il tarixli akt üzrə 32.40 manat, 30.09.2019-cu il tarixli akt üzrə 32.40 manat, 30.10.2019-cu il tarixli akt üzrə 32.40 manat, 29.11.2019-cu il tarixli akt üzrə 66.6 manat, 30.12.2019-cu il tarixli akt üzrə 194.4 manat, 30.01.2020-ci il tarixli akt üzrə 194.4 manat, 28.02.2020-ci il tarixli akt üzrə 194.4 manat, 06.03.2020-ci il tarixli akt üzrə 17.3 manat, 30.11.2020-ci il tarixli akt üzrə 583.2 manat, 29.01.2021-ci il tarixli akt üzrə 388.8 manat olmaqla, ümumilikdə aktlar üzrə 1833.50 manat məbləğinin tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Məhkəmə həmçinin iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə təbii qazdan istifadəyə görə qalıq borcu üzrə 648.30 manat məbləğində borcun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan və iş materiallarında olan sübutlarla (çıxarışla) təsdiq edildyindən təmin edilməlidir. Məhkəmə iddia tələbinin 65 manat hüquqi xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. İşin halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh işi ilə əlaqədar olaraq hüquqi xidmətin göstərilməsi ilə bağlı “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosuna 65 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hüquqi yardım göstərilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 65 manat pul vəsaitindən 35 manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh aktlar üzrə 1833 (bir min səkkiz yüz otuz üç) manat 50 (əlli) qəpik, təbii qazdan istifadəyə görə 648 (altı yüz qırx səkkiz) manat 30 (otuz) qəpik, hüquqi yardıma görə 35 (otuz beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 56 (əlli altı) manat 96 (doxsan altı) qəpik dövlət rüsumun 28% yəni 15 (on beş) manat 96 (doxsan altı) qəpik məbləği iddiaçıya aid edilməli, qalan 72% yəni 41 (qırx bir) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinətutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh aktlar üzrə 1833 (bir min səkkiz yüz otuz üç) manat 50 (əlli) qəpik, təbii qazdan istifadəyə görə 648 (altı yüz qırx səkkiz) manat 30 (otuz) qəpik, hüquqi yardıma görə 35 (otuz beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 56 (əlli altı) manat 96 (doxsan altı) qəpik dövlət rüsumun 28% yəni 15 (on beş) manat 96 (doxsan altı) qəpik məbləği iddiaçıya aid edilsin, qalan 72% yəni 41 (qırx bir) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1120/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1120/2022
05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver