Məhkəmə qərarları › İş №e-2(004)-1138/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1138/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1138/2023 18.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4518 ABŞ dolları pul vəsaitinin qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 96,80 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 4518 ABŞ dolları (həmin məbləğ 7680 manat) məbləğində pul borc vermişdir. Bununla bağlı onunla cavabdeh arasında Bakı şəhəri 53 saylı notariat ofisində 3M-3777 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” Cavabdeh xx.xx.2020-ci il tarixədək notariusun depozit hesab vasitəsilə “Borc verənə” krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə göstərilən müddətin keçməsinə baxmayaraq, iddiaçıdan borc götürdüyü pul vəsaitini bu günə qədər qaytarmamışdır. Mübahisənin məhkəməyə qədər nizama salınması ilə bağlı xx.xx.2022-ci il tarixli bildirişlə cavabdehə müraciət edərək, onlar arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 4518 ABŞ dolları (həmin məbləğ 7680 manat) məbləğində borc pul vəsaitini tam olaraq 20 gün müddətinə mənə geri qaytarmasını xahiş etmişdir. Cavabdeh qeyd olunan bildirişi xx.xx.2022-ci il tarixdə alsa da, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Daha sonra İddiaçı “iddia tələbinin dəyişdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4518 ABŞ dolları pul vəsaitinin qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə; hüquqi xidmət üçün ödənilmiş 210 manat və ödənilmiş 98,80 manat dövlət rüsumu pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında daha əvvəl maşının alqı satqısına dair müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi cavabdehin maşını öz adına rəsmiləşdirmək və digər zəruri təlabatları ilə bağlı bağlanmışdır. Cavabdeh tərəfindən maşının alqı satsıqına dair müqavilə üzrə öhdəlik icra olunsa da, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəlik icra olunmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, 11 dekabr 2019-cu il tarixində onlar arasında nəqliyyat vasitəsinin alqı-satqısına müqavilə bağlanmışdır. Tərəflər nəqliyyat vasitəsinin qiymətini 22000 manat dəyərində razılaşmışdılar. Cavabdeh 9000 manat ödəniş etmiş və 13000 manat qalıq borcu isə 4 ay ərzində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə nəqliyyat vasitəsinin idarə olunması üçün etibarnamə vermişdi və qalıq borc ödənildikdən sonra nəqliyyat vasitəsi cavabdehin adına qeydiyyata alınmalı idi. Daha sonra iddiaçı cavabdehə bildirmişdir ki, özünə yeni nəqliyyat vasitəsi almışdır və ** XV *** dövlət qeydiyyat nişanını özünə aldığı maşına qeydiyyata aldırmaq niyyətindədir. İddiaçı 7000 manat borcun ödənilməsini cavabdehə bildirmiş, lakin cavabdehin bu pulu ödəməyə imkanı olmamışdır. 11 dekabr 2019-cu ildə iddiaçının təklifi ilə 7000 manat borcun qalması ilə bağlı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən 3000 manat dekabr ayında, 4000 manat isə 2020-ci ilin yanvar ayında yəni 4 ay müddətinə hər iki tərəfin imzası ilə iddiaçıya ödənilmiş, qalıq 780 manat isə iddiaçı özü müqavilədə üzərindən xətt çəkərək həmin məbləğdən keçdiyini bildirmişdir. Lakin daha sonra iddiaçı içkili vəziyyədə cavabdehə zəng edərək ondan 780 manatı tələb etmişdir və cavabdeh isə borcunun olmadığını və iddiaçının ona 780 manatı keçdiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri 53 saylı notariat ofisində “Borc verən” qismində İddiaçı ilə “Borc alan” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, borcverən borc alana 4518 ABŞ dolları (7680 manat) məbləğində pul borc verir, borc alan krediti xx.xx.2020-ci il tarixədək notariusun depozit hesabı vasitəsilə borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı və Cavabdeh tərəfindən imza edilməklə razılaşdırılmış xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, qəbz üzrə tərəflər maşının (Mersedes ML) alqı-satqısı üçün 22000 manat məbləğində razılaşmış, Cavabdeh razılaşdırılmış 22000 manat məbləğdən 9000 manatı ilkin olaraq vermiş, qalan 13000 manat məbləğ üzrə hər ay 3000 manat ödəyəcəyi, 4 ay müddətində borcunu bağlayacağı barədə tərəflər arasında razılıq əldə olunmuşdur. İddiaçı ilə borc alan Cavabdeh arasında maşın alqı-satqısı müqaviləsi üzrə bağlanmış borc müqaviləsindən görünür ki, Cavabdeh Vladimir Timaşov ilə “Mersedes ML” markalı maşının alqısatqısı üçün 22.000 manat məbləğində razılaşmışlar, ilkin ödəniş olaraq Cavabdeh 9000 manat vermiş, qalan 13000 manat hissəni 4 ay müddətində tam şəkildə ödəyəcəyini öhdəsinə götürmüşdür. Sentyabr ayı 9000 manat, oktyabr ayı 3000 manat, noyabr ayı 3000 manat, dekabr ayı 3000 manat, yanvar ayı 4000 manat olmaqla, ümumilikdə 13000 manat pulun Cavabdeh tərəfindən verilməsi, Vladimir Timaşov tərəfindən alınması tərəflərin imzaları ilə təsdiqlənmişdir. xx.xx.2019-cu il tarixli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən ban nömrəsi: 4JGBB86E86A055248, buraxılış ili 2006 olan MERCEDES ML350 minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin iradə edilməsi üçün Cavabdeh 4 ay müddətinə etibarnamə verilib edilib, etibarnamə xx.xx.2020-ci il tarixədək qüvvədədir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ban nömrəsi: 4JGBB86E86A055248, buraxılış ili 2006 olan “MERCEDES ML350” minik markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur, qeydiyyat üçün əsas alqı-satqı müqaviləsi (Alqı satqı müqaviləsi BDYPİ K.N.N **-XV-***), şəhadətnamənin verilmə tarixi xx.xx.2019-cu ildir. xx.xx.2023-cü il tarixli, ********** saylı AsanPay vasitəsilə ödənilmiş qəbzdən görünür ki, 97 manat məbləğində dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, 2,40 manat məbləğində dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli, **********/542576775 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən vəkil təyin edilməsi ilə əlaqədar 14 saylı Vəkil bürosuna 210 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 439.2-cu maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh arasında “MERCEDES ML350” minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 22.000 manata nisyə alqı-satqısına dair müqavilə bağlanmış, müqavilə üzrə cavabdeh ilkin olaraq 9000 manat ödəniş etmiş, qalan 13000 manat məbləği 4 ay müddətində ödəyəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Həmin tarixdə iddiaçı tərəfindən qeyd olunan nəqliyyat vasitəsinin idarə edilməsinə dair cavabdehə etibarnamə verilmişdir. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə 4518 ABŞ dolları (7680 manat) məbləğində pulun verilməsi barədə kredit müqaviləsi bağlanılmış və borcalan xx.xx.2020-ci il tarixədək krediti qaytarmağı öhdəsinə götürmüşdür. Borc müqaviləsinin bağlandığı tarix ilə “MERCEDES ML350” minik markalı nəqliyyat vasitəsinin borclu Cavabdeh adına qeydiyyata alınma tarixi eynilik təşkil edir. Bu isə öz növbəsinə tərəflər arasında bağlanmış kredit müqaviləsinin faktiki olaraq alqı-satqı müqaviləsinə əsaslandığını deməyə imkan verir. Tərəflər arasında Borc müqaviləsi - maşın alqı-satqısı barədə müqavilədə göstərilən qrafik üzrə cavabdeh tərəfindən sentyabr, oktyabr, noyabr, dekabr və yanvar ayları üçün ödənişlərin edilməsi və iddiaçı tərəfindən həmin ödənişlərin qəbul edilməsi tərəflərin imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 7000 manat məbləğində ödəniş edilməsi (4118 ABŞ dolları) işdə olan sübutlarla təsdiqini tapmışdır. Belə ki, iddiaçı dekabr və yanvar aylarında avtomobilin alqı-satqısı ilə bağlı borc puldan 7000 manat hissəni (3000+4000 azn) almasını imzası ilə təsdiq etmişdir. Cavabdeh iddiaçının borc puldan 680 manat məbləğində hissəni ona güzəşt edərək keçdiyini bildirsə də, bunu sübuta yetirə bilməmişdir və hal-hazırda iddiaçı həmin məbləğdə pulu cavabdehdən tələb edir. Belə olan halda iddiaçının pul tələbi 400 ABŞ dolları (680 manat) hissəsində əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki proses işin hallarını birbaşa müəyyən edən sübutlarla yanaşı, dolayı və ya yanakı sübutlardan da istifadə olunmasını istisna etmir. İş materiallarında birbaşa sübutlar olmadıqda və ya belə sübutlar işin hallarını müəyyən etmək üçün yetərli olmadıqda məhkəmə dolayı sübutlardan istifadə edə bilər. Belə ki, dolayı sübutun işdə olan digər sübutlarla məcmu şəkildə tədqiqi əsasında məhkəmə işin halları barədə birmənalı nəticəyə gələ bilirsə onda həmin halları müəyyən olunmuş hesab etməlidir. Yaxud əgər tələb irəli sürülən şəxs tərəfindən işin müəyyən halını birmənalı müəyyən edən bir neçə mötəbər, zidiyyətsiz və biri-birini tamamlayan, qarşı tərəfin təkzib edə bilmədiyi sübutlar təqdim edilirsə məhkəmə həmin sübutları da prosessual qanunvericiliyin tələblərini uyğun tədqiq edərək işin hallarını həmin sübutlar əsasında müəyyən edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 400 (dörd yüz) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və vəkilin göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Ödənilmiş 96,80 manat məbləğində dövlət rüsumunun 30 (otuz) manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və vəkilin göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 96,80 manat məbləğində dövlət rüsumunun 30 (otuz) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar