Məhkəmə qərarları › İş №e-2(004)-1140/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1140/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1140/2025 03.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi, pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK5959615B103 nömrəli kredit müqaviləsindən görünür ki, bank müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 9474,41 manat məbləğdə kredit verilməsini öhdəsinə götürür.

2. Müqavilənin 1.5-ci bəndinə əsasən kreditin müddəti 31 ay, 2.1-ci bəndinə əsasən kreditin illik faiz dərəcəsi 20% müəyyənləşdirilmişdir.

3. xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, kredit məbləğinə uyğun pul borc alan tərəfindən təhvil alınmışdır.

4. Ödəniş qrafikindən görünür ki, qaytarılma müddəti 31 ay, ödəniş məbləği hər ay 393,83 manat, sonuncu ay 398,19 manat olmaqla razılaşdırılmışdır.

5. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, RGTK5959615B103 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 8507,71 manat, faiz borcu 964,70 manat olmaqla, cəmi 9472,41 manat borcu yaranmışdır.

6. İddiaçı ASC tərəfindən borclu Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqla əsas borcu 8507,71 manat, faiz borcu 964,70 manat olmaqla, cəmi 9472,41 manat məbləğinin tam ödənilməsi tələb olunmuşdur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2441 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixli, RGTK5959615B103 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 8482,88 manat əsas və 736,41 manat faiz borcu mövcuddur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 8507,71 manat əsas, 964,70 manat faiz borcu olmaqla, cəmi 9472,41 manat məbləğdə pulun və ödənilmiş 114,72 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK5959615B103 nömrəli kredit müqaviləsinə əsasən ona müddəti 31 ay, illik 20 faiz dərəcəsi ilə 9474,41 manat məbləğində kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, kassa məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığı bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir.

b) iddiaya etiraz

10. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

11. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdeh borcunun olduğunu bildirmiş, ekspert rəyində göstyərilən məbləğin tutulmasına etiraz etməmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir; Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir; Maddə 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır; Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir; Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

16. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

17. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə ümumən razılaşır.

18. Borcun əsası olan kredit müqaviləsi, müqaviləyə əlavə olan ödəniş qrafiki və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK5959615B103 nömrəli müqaviləyə əsasən İddiaçı ASC kredit alana 31 ay müddətinə, illik 20% dərəcəsi ilə 9474,41 manat məbləğində kredit vermişdir.

19. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozmuşdur, hazırda iddiaçı 8507,71 manat əsas, 964,70 manat faiz borcu olmaqla, cəmi 9472,41 manat borcun tutulmasını xahiş edir.

20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 1140/2025 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və icraat dayandırılmışdır.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2441 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, RGTK5959615B103 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (iddiaçı tərəfindən təqdim etdiyi maliyyə arayışının tarixi) 8482,88 manat əsas və 736,41 manat faiz borcu olmaqla ümumilikdə 9219,29 manat məbləğdə borcu müəyyən edilir.

22. Ekspert rəyində tədqiqat metodu göstərilmiş, tədqiqat prosesi ətraflı təsvir edilmiş, ekspert rəyini şübhə altına alan digər hallar aşkar edilməmişdir. Odur ki, məhkəmə ekspert rəyini mötəbər sübut qismində qəbul edir və həm müqavilə üzrə əsas borc, həm də hesablanmış faiz borcunun ekspert rəyində göstərilən məbləğdə tutulmalı olması qənaətinə gəlir.

23. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddia təmin olunan hissəyə mütənasib 112,19 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Cavabdehin vəsatəti əsasında ekpertiza tədqiqatı aparıldığından və ekspert rəyi ilə cavabdehin borc məbləğinə münasibətdə şübhələrinin haqlı olduğu üzə çıxdığından, rəydə həm əsas, həm faiz borcunun iddiaçının tələb etdiyindən aşağı məbləğdə olduğu təsdiq olunduğundan ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır.

26. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 8482,88 manat əsas, 736,41 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112,19 manat olmaqla, ümumilikdə 9331,48 manat pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli və keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, AZ41NABZ******************** müxbir hesab, kod: 210005, VÖEN:**********) ödənilməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 8482,88 manat əsas, 736,41 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112,19 manat olmaqla, ümumilikdə 9331,48 manat pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, AZ41NABZ******************** - müxbir hesab, kod: 210005, VÖEN:**********) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar