Məhkəmə qərarları › İş №e-2(004)-1148/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1148/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1148/2022 03.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh NAS 01/186/20 saylı, 12 noyabr 2020-ci il tarixli nsyə alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərindən ödənilməmiş qalan 4810,02 manat əsas borc, hesablanmış 3045,97 manat cərimə olmaqla, cəmi 7855,99 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 98,56 manat məbləğində pulun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılsın. İddia tələbi onunla əsaslandırılmışdır ki, Pareks Lizinq and Faktorinq» MMC ilə Cavabdeh arasında 12 noyabr 2020-ci il tarixdə 01/186/20 saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı qiyməti 13222,27 manat olan 1 ədəd 2020-ci il buraxılışlı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafıkinə müvafiq olaraq hər ay ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 4810,02 manat, dəbbə pulu 3045,97 manat olmaqla, cəmi 7855,99 manat təşkil edir. İddiaçı MMC-yə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmişdir, lakin iddiaçının nümayəndəsi və cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı MMC 03.03.2022-ci il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 12 noyabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC ümumi dəyəri 13222,27 manat manat olan 1 ədəd 2020-ci il buraxılışlı divardan asılan məişət qaz qazanı ilkin ödənişsiz, ayda 550,93 manat ödənilməsi şərti ilə 24 ay müddətinə Cavabdeh nisyə satmışdır. İş materiallarında olan 13 noyabr 2020-ci il tarixli əmlakın təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC tərəfindən 1 ədəd 2020-ci il buraxılışlı divardan asılan məişət qaz qazanı sənəd və ləvazimatları ilə birlikdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 17.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh hazırda 1 NAS 01/186/20 saylı, 12 noyabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 4810,02 manat əsas borcu və 3045,97 manat dəbbə pulu olmaqla, cəmi 7855,99 manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 23.06.2021-ci il tarixli tələb məktubundan görünür ki, müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 18 yanvar 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı MMC tərəfindən 98,56 (doxsan səkkiz manat əlli altı qəpik) manat manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq əşyanın nisyə alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı (satıcı) müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyanı cavabdehə (alıcı) təhvil vermişdir. Alıcı (cavabdeh) isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyanın dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqaviləyə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 3045,97 manat cərimə tələb etmişdir. Lakin, məhkəmə cavabdehinin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 300 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12.11.2020-ci il tarixli 01/186/20 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 4810,02 (dörd min səkkiz yüz on manat iki qəpik) manat əsas borc, 300 (üç yüz) manat cərimə olmaqla, cəmi 5110,02 (beş min yüz on manat iki qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 98,56 (doxsan səkkiz manat əlli altı qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360- cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12.11.2020-ci il tarixli 01/186/20 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 4810,02 (dörd min səkkiz yüz on manat iki qəpik) manat əsas borc, 300 (üç yüz) manat cərimə olmaqla, cəmi 5110,02 (beş min yüz on manat iki qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 98,56 (doxsan səkkiz manat əlli altı qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar