Məhkəmə qərarları › İş №e-2(004)-1155/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1155/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1155/2025 21.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi, pul, öhdəliyin kreditor tərəfindən icrası, sübutetmə) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BUMM5379564B299 nömrəli kredit və hesab müqaviləsindən görünür ki, Bank müştəriyə istehlak məqsədləri üçün istehlak məqsədləri üçün bərpaolunan kredit xətti ayırır, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kreditdən yalnız “Umico MarketPlace” platforması üzərindən satıcı-partnyor şirkətlərin mal və xidmətlərinin alınması üçün istifadə edir və yaranmış borclarını müqavilə ilə müəyyən edilmiş qaydada banka geri ödəyir.

2. Müqavilənin 5.1-ci bəndinə əsasən bank kreditin ödənilməsi və istifadəsi üçün Müştərinin adına cari və müvafiq kredit hesabı açır. Kredit bu müqavilə üzrə açılmış kredit hesabına köçürmə yolu ilə verilir. Bu Müqavilə üzrə açılmış cari hesab üzərindən istifadə edilir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh qeyd olunan məbləğdə kredit xətti ayırmağı xahiş etmişdir.

4. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1533,50 manat əsas, 317,29 manat faiz olmaqla cəmi 1850,79 manat məbləğdə borc mövcuddur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1533,50 manat əsas, 317,29 manat faiz olmaqla cəmi 1850,79 manat məbləğdə pulun və 38,51 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BUMM5379564B299 nömrəli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 27 faiz dərəcəsi ilə 2250 manat məbləğində kredit verilmişdir. Daha dəqiq sözlə kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiq vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımı qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış bildiriş və onun göndərilməsini sübut edən poçt reyestridir. Cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya 1533,50 manat əsas, 317,29 manat faiz olmaqla cəmi 1850,79 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası qanununda əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur.

b) iddiaya etiraz

7. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

8. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər; Maddə 331.5. Əqdlərin elektron ticarət zamanı bağlanılması və elektron imza ilə təsdiq edilməsi ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “... Qeyd olunan normaların məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; - mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. ...

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur.

2. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır.”

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2- 2(102)-575/2023 nömrəli Qərarı: “- 40. İlk növbədə qeyd edilməlidir, Ali Məhkəmədə oxşar mübahisələr üzrə çıxarılmış qərarlarda MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

15. İddianın faktiki əsaslarını maddi hüquqi əsaslar baxımından yoxlayan məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

18. Belə ki, iddiaçı tərəfindən iddianın əsası kimi təqdim edilmiş sübutlar aşağıdakılardır: kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsi, xx.xx.2023-cü il tarixli müqavilə, xx.xx.2023-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarış.

16. Eyni zamanda iddiaçı cavabdehlə kredit münasibətlərinin məsafəli formada, yəni elektron imza və mobil tətbiq vasitəsi ilə ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə yarandığını bildirir.

17. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasındakı kredit münasibətlərinin məsafəli formada yaranması mümkün haldır, mövcud qanunvericilik buna imkan verir.

18. Bununla belə, bu zaman müqavilənin digər tərəfinin müqaviləni imzaladığını və təsdiq etdiyini göstərən məlumatlar göstərilməli, bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyi açıq və aydın şəkildə müəyyən olunmalıdır.

19. Hazırkı halda kredit müqaviləsi və nə də əlavə olunan digər sənədlər cavabdeh tərəfindən fiziki olaraq imzalanmamışdır, cavabdehin imzanın digər analoqundan, iddiaçının qeyd etdiyi kimi elektron imzadan istifadə etməklə müqaviləni imzalaması isə müəyyyən olunmur.

20. Belə ki, müqavilənin “imza” hissəsinə cavabdehin fərdi identifikasiya məlumatlarının əlavə edilməsi hələ özlüyündü müqavilənin imzalanması anlamına gəlmir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, imza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir.

21. Həmin Qərara əsasən, Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir.

22. Bunlardan əlavə, müqavilənin cavabdeh tərəfindən imzalandığı fərz olunsa belə, iddiaçı tərəfindən kredit öhdəliyinin mövcudluğu yenə də sübuta yetirilmir.

23. Məhkəmə qeyd edir ki, bu qəbildən olan işlər üzrə məhkəmə təcrübəsi artıq formalaşmışdır. Ali Məhkəmənin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərarındakı hüquqi mövqe də ondan ibarətdir ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir.

24. Göründüyü kimi, bank tərəfindən qarşı tərəfin kredit öhdəliyinin mövcudluğunu sübut etmək üçün kredit müqaviləsi və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməlidir.

24. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən iddianın əsası kimi təqdim edilən sübutlar yalnız xx.xx.2023-cü il tarixli müqavilə, hesabdan çıxarış və bank tərəfindən birtərəfli qaydada tərtib edilmiş maliyyə arayışıdır.

25. Müqavilənin predmetindən isə müəyyən olunur ki, bank müştəriyə kredit hesabı açmağı və kreditin açılmış hesaba köçürülməsini öhdəlik olaraq götürmüşdür.

26. Lakin, iddia ərizəsinə kredit müqaviləsi əlavə edilsə də müqavilənin predmetinə uyğun olaraq kredit hesabı açıldığını, buna müvafiq ödəniş kartının müştəriyə verildiyini, ən əsasə razılaşmış kredit məbləğinin hesaba köçürüldüyünü təsdiq edən sənədlər əlavə edilməmişdir.

27. Odur ki, nə qədər ki, kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir, bu mövcud sübutlar əsasında iddianın təmin edilməsi yolverilməzdir.

28. Belə ki, hüquqi təbiəti baxımından kredit müqaviləsi iki tərəfli, əvəzli və konsensual müqavilə olmaqla, konsensuallığı onda ifadə olunur ki, bu müqavilə üzrə hüquq və vəzifələr bu barədə razılığın əldə edilməsi ilə yaranır.

29. Müqavilənin iki tərəfli xarakterinə əsasən hər iki tərəf müqavilə üzrə öhdəliklər götürür və bir tərəfin öhdəliyinin icrası ona digər tərəfdən də öhdəliyin icrasını tələb etmək hüquq verir.

30. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar