Məhkəmə qərarları › İş №e-2(004)-116/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-116/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-116/2024 18.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 22858,71 (iyirmi iki min səkkiz yüz əlli səkkiz manat 71 qəpik) manat bundan 7364,28 (yeddi min üç yüz altmış dörd manat 28 qəpik) manat əsas, 4951,28 (dörd min doqquz yüz əlli bir manat 28 qəpik) manat faiz, 9450,73 (doqquz min dörd yüz əlli manat 73 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1092,42 (bir min doxsan iki manat 42 qəpik) manat faiz və iş üzrə ödənilmiş 158,58 (bir yüz əlli səkkiz manat 58 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 1626/14 №-li 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-1626/14 №-li 15 dekabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 15 dekabr 2014-cü il tarixli 1626/14 saylı kredit müqaviləsinə 18 may 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 8565,67 manat təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin edilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə 10 avqust 2017-ci il tarixli 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14156,28 (on dörd min bir yüz əlli altı manat 28 qəpik) manat təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 7887,59 (yeddi min səkkiz yüz səksən yeddi manat 59 qəpik) manat əsas borc, 3717,14 (üç min yeddi yüz on yeddi manat 14 qəpik) manat faiz borcu və 2551,55 (iki min beş yüz əlli bir manat 55 qəpik) manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır və illik 16 (on altı) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********680 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 22858,71 (iyirmi iki min səkkiz yüz əlli səkkiz manat 71 qəpik) manat təşkil edir. Bundan 7364,28 (yeddi min üç yüz altmış dörd manat 28 qəpik) manat əsas, 4951,28 (dörd min doqquz yüz əlli bir manat 28 qəpik) manat faiz, 9450,73 (doqquz min dörd yüz əlli manat 73 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1092,42 (bir min doxsan iki manat 42 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, bankın qeyd edilən müddət ərzində iddia qaldırmaq hüququ ona məxsusdur. İddiaçı qanunun tələblərinə uyğun olaraq məhkəmədən iddia qaldırmışdır. Bundan başqa, əsas borc ilə yanaşı cavabdehlərdən cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği tələb olunur. Hesab edir ki, həmin məbləğlər də, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, o, 2014-cü il tarixdə bankdan 10000 manat kredit götürmüşdür. Həmin borcu o bağlamışdır və onun qızıllarını ona qaytarmışlar. Bundan sonra o, 2015-ci il tarixdə bankdan yenidən kredit götürmüşdür, ekspetrin rəyi ilə bağlı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Qeyd olunanlara əsasən məhkəmədən yalnız əsas borc üzrə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 zaminlik müqaviləsinin müddəti keçdiyi üçün, ona aid hissədə iş üzrə xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 18 ay müddətinə illik 25 faizlə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh1 ilə bank arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2015 və xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən kredit Resturukturizasiya edilmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Cavabdehlərə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış əsas borc üzrə 7364,28 manat, faiz borcu üzrə 4951,28 manat, cərimə üzrə 9450,73 manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu üzrə 1092,42 manat borcunu ödəməkdən yayınmışlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 439.1 və 439.2-ci madddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə ilk öncə iddia tələbinin Cavabdeh2dan iddiaçının xeyrinə əsas borc üzrə 7364,28 manat tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş ekspert rəyinə əsasən cavabdeh X2 xx.xx.2020-ci il tarixə banka əsas borc üzrə 7887,59 manat borcunun olması müəyyən edilmişdir. İddiaçı isə iddia tələbində cavabdehdən əsas borc üzrə 7364,28 manat tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin faiz, cərimə və digər xərclər hissəsinə münasibətdə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədiyinə görə iddia tələbi bu hissədə əsassızdır. Ona görə də iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank Fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda, Fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. İş materiallarında olan restrukturizasiya olunması təklif olunan kreditlərin çıxarışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən 7364,28 manat restrukturizasiya edilmişdir. Odur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcu zamin Cavabdeh1 tutulmasına dair hissəsi ilə razılaşmır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən zaminlik müddəti xx.xx.2020-ci il tarixə kimi uzadılmış və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən borcalan aldığı krediti xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış Sazişin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci xx.xx.2020-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı bank zaminə qarşı xx.xx.2021-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, zaminlik müqaviləsi və Saziş üzrə öhdəliyin və eləcə də, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən Sazişin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı bank tərəfindən zaminə qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminlərə aid hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 7364,28 (yeddi min üç yüz altmış dörd manat 28 qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 158,58 (yüz əlli səkkiz manat 58 qəpik) manat məbləğində dövlət rüsumunun 51 (əlli bir) manatı Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan 107,58 (yüz yeddi manat 58 qəpik) manatı isə İddiaçı ASC-nin özünə aid edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 124 (yüz iyirmi dörd) manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 7364,28 (yeddi min üç yüz altmış dörd manat 28 qəpik) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutulsun. İş üzrə ödənilmiş 158,58 (yüz əlli səkkiz manat 58 qəpik) manat məbləğində dövlət rüsumunun 51 (əlli bir) manatı Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin, qalan 107,58 (yüz yeddi manat 58 qəpik) manatı isə İddiaçı ASC-nin özünə aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 124 (yüz iyirmi dörd) manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar