Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1161/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 3133,77 manat məbləğində kredit bоrcu, 1349,26 manat məbləğində faiz bоrcu və 1439,03 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5922,06 manat məbləğində bоrcun və ödənilmiş 79,22 manat məbləğində dövlət rüsumunun tutulması barədə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abbasov Ədalət Oqtay oğlu İddiaçı QSC ilə xx.xx.2014-cü il tarixdə bağladığı 18A000013588 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 6866,23 manat ödəniş etmiş və оnun iddiaçıya 3133,77 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Abbasov Ədalət Oqtay oğlu kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 2237 gün üçün hesablanmış faiz borcu 1349,26 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 2237 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1439,03 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Abbasov Ədalət Oqtay oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Abbasov Ədalət Oqtay oğlu ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən Abbasov Ədalət Oqtay oğlunun öldüyü Banka məlum olmuşdur. Bank tərəfindən müvafiq notariat orqanlarına və digər aidiyyatı orqanlara sorğular verilmiş, lakinAbbasov Ədalət Oqtay oğlunun adına vərəsəlik işi açılmamış və qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraciət edən olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. X1 Oqtay oğlunun qanun və ya vəsiyyətnamə üzrə vərəsəsi olmadığından kredit müqaviləsi üzrə borcun zamindən tələb edilməsi zərurəti yaranmışdır. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, əsas borclu ölmüş və borc silinmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Abbasov Ədalət Oqtay oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 18A000013588 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC kredit alana 36 ay müddətinə, illik 2,0833 % dərəcəsi ilə, 10000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 18A000013588 saylı zaminlik müqaviləsinə əsasən isə, Cavabdeh həmin kredit müqaviləsi əsasında Abbasov Ədalət Oqtay oğlunun öz öhdəliklərini tam yerinə yetirməsi üçün bank qarşısında onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Abbasov Ədalət Oqtay oğlunun xx.xx.2014-cü il tarixli 18A000013588 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borcu 3133,77 manat, faiz borcu 1349,26 manat, cərimə borcu üzrə 1439,03 manat olmaqla, cəmi 5922,06 manat borcu yaranmışdır. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmişxx.xx.2021-ci il tarixli arayışından görünür ki, Abbasov Ədalət Oqtay oğlu xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 24 saylı notariat ofisinin 02 noyabr 2021-ci il tarixli 795 saylı məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş Abbasov Ədalət Oqtay oğlunun adından elektron informasiya sistemində yoxlama aparılmışdır. Mərhumun adından mirasın açılmasına dair heç bir məlumat aşkar edilməmişdir, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Bakı şəhəri 34 saylı notariat ofisinin 02 noyabr 2021-ci il tarixli 80/2021 saylı məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Abbasov Ədalət Oqtay oğlunun adına Bakı şəhəri 34 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarında olan Bakı şəhəri 37 saylı notariat ofisinin 05 noyabr 2021-ci il tarixli D- 136/14 saylı məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü xx.xx.2017-ci il tarixdə ölmüş Abbasov Ədalət Oqtay oğlundan miras qalmış əmlakla bağlı Bakı şəhəri 37 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarında olan vərəslik işinin açılıb-açılmaması barədə məlumatın verilməsinə dair elektron informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş Abbasov Ədalət Oqtay oğluna dair daxil edilmiş məlumatlara uyğun vərəsəlik işi aşkar edilməmişdir. Beləliklə, işin müəyyən olunmuş hallarına görə, İddiaçı QSC ilə Abbasov Ədalət Oqtay oğlu arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 2,0833 faiz olmaqla 10000 manat məbləğində kredit verilmiş, eyni tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən isə, Cavabdeh həmin kredit müqaviləsi əsasında Abbasov Ədalət Oqtay oğlunun öz öhdəliklərini tam yerinə yetirməsi üçün onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Abbasov Ədalət Oqtay oğlu xx.xx.2017-ci il tarixdə vəfat etmiş və onun adına vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə ilə Cavabdeh arasında bağlanmış zaminlik müqaviləsində zaminliyin verilməsinin konkret müddəti müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh ilə bağlanılmış 06 iyun 2014-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. İddiaçı QSC ilə ilə Abbasov Ədalət Oqtay oğlu arasında bağlanmış 06 iyun 2014-cü il tarixli kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 36 ay müddətinə, yəni 06 iyun 2017-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, bank zamin Cavabdeh qarşı xx.xx.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı Cavabdeh qarşı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 79.22 (yetmiş doqquz manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-yə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1161/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1161/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver