Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1163/2025 19.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: pulun tutulması, maddi ziyan) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi olmaqla maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-300/2022 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmiş, X8 ilə X5 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsi ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsi ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair X2 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6711/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-300/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1143/2023 nömrəli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6711/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır.
4. Bakı şəhəri 32 saylı Notariat ofisi tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsinə dair 2016-cı ildən hazırkı vaxtadək X8 və digər şəxslər tərəfindən hər hansı əqd bağlanması aşkar edilməmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 140000 manat məbləğdə maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, iddiaçılar İddiaçı və Məmmədova (Quliyeva) Hicran Tahir qızı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisi, X5, X9, Bakı şəhəri 12 saylı Notariat ofisi, Bakı şəhəri 32 saylı Notariat ofisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-in DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsinə dair birinci növbə vərəsə İddiaçı tam pay üzrə vərəsəlik hüququnun tanınması və buna dair müvafiq sənədlərin verilməsinin 12 saylı Notariat ofisinə həvalə edilməsi, 14 saylı Notariat ofisində sözügedən bağa dair imzalanmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət sənədinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bağ evinə dair xx.xx.2017-ci il tarixdə X8 ilə Aslanov İskəndəSabir oğlu arasında 32 saylı notariat ofisində təsdiqlənmiş 4Ə-224 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız sayılması və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRXdə X2 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağ evinə dair xx.xx.2017-ci il tarixdə X5 ilə X9 arasında 14 saylı Notariat ofisində təsdiqlənmiş 4Ə-645 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRX-də X6 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağ evinə dair xx.xx.2018-ci il tarixdə X9 ilə X7 arasında 3 saylı “ASAN Xidmət” mərkəzinin Notariat ofisində təsdiqlənmiş 4Ə-812 reyestr nömrəli alqı-satqı müqaviləsinin və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi və həmin müqavilə əsasında DƏDRX-də X3 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-300/2022 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmiş, X8 ilə X5 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsi ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsi ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair X2 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddianın təmin edilmədiyi hissədə tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2(103)-6711/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(003)-300/2022 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1143/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə aktları ilə qənaətə gəlinmişdir ki, xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat təsdiqinin olmaması barədə notariusun məktubu, müqavilə bağlanan zaman həmin dövrdə həmin notariat orqanının notariusunun əslində başqa şəxs olması, iddiaçının özünün, yəni satıcının arvadı olan hazırkı İddiaçı alqı-satqıya razılığının olmaması, həmin müqavilə bağlanan zaman notariat orqanında alıcı və satıcının fotoşəkilinin olmaması həmçinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi arasında qısa zaman fərqinin olması faktları belə nəticəyə gəlməyə əsas verir ki, X8 ilə X5 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsi ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair 32 nömrəli Notariat ofisində təsdiqlənmiş xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları ilə əmlak hazırda vicdanlı alıcı olan digər şəxsin mülkiyyətində olduğundan və X8 ilə X5 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 nömrəli bağ sahəsi ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən torpaq sahəsinin dəyərinə münasibətdə zərər tələb etmək hüququnun olması da iddiaçıya izah edilmişdir.
b) iddiaya etiraz
7. Üçüncü şəxs Azərbaycan Republikası Maliyyə Nazirliyi etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Etirazın əsaslarına görə, ilk növbədə sözügedən əmlaka dair İddiaçı vərəsəlik hüquqlarının tanınması məhkəmə tərəfindən tanınmamışdır, belə ki, iddia ərizəsindən aydın olur ki, iddia tələbi qismən təmin edilərək, vərəsəlik hüquqların tanınması deyil, yalnız X8 ilə X5 arasında olan alqı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Qeyd olunan faktların aydınlaşdırılması zəruri hesab olunur, belə ki, həmin Məcəllənin 360-cı maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Məhkəmə tərəfindən X8 ilə X5 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, sonradan X5 ilə X9 arasında bağlanmış alqı-satqı müqaviləsi nəticəsində əmlakdan məhrum olduğunu iddia edən İddiaçı dəymiş ziyanın ödənilməsini X1 tələb etməlidir.
c) məhkəmə icraat iştiakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.”
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
15. İşin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-300/2022 nömrəli qətnaməsi ilə X8 ilə X5 arasında ünvan ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqısatqısına dair xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin torpaq sahəsinə dair çıxarışın ləğv edilmişdir.
16. Həmin işin məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin notariat təsdiqi olmamış, müqavilə bağlanan zaman həmin Notariat ofisinin notariusu əslində başqa şəxs olmuş, iddiaçının özünün, yəni satıcının arvadı olan hazırkı iş üzrə iddiaçının alqı-satqıya razılığı olmamış, müqavilə bağlanan zaman notariat orqanında alıcı və satıcının fotoşəkilləri olmamışdır.
17. İddiaçı isə hazırda əmlakından məhrum olduğunu irəli sürərək əmlakın dəyəri həcmində maddi zərərin cavabdehlərdən tutulmasını xahiş edir.
18. Məhkəmə işin faktiki hallarını maddi-hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia rədd edilməlidir.
19. Belə ki, iddianın faktiki əsasını notariusun sənədləri saxtalaşdırması, hüquqazidd saxta əməliyyatları nəticəsində iddiaçının əmlakından məhrum edilməsi ilə iddiaçıya zərər vurulması təşkil edir.
21. Mülki hüquq pozuntusuna görə şəxsin məsuliyyətinin yaranması üçün ilk növbədə hüquqazidd əməl olmalı, bu əməl təqsirli olaraq törədilməli və əməllə dəymiş zərər arasında səbəbli əlaqə olmalıdır.
22. Hazırkı halda cavabdeh kimi qoyulmuş şəxslər tərəfindən hər hansı hüquqazidd əməl törədilməsi faktı, Notariat ofisinin hüquqa-zidd olan sənədlərin saxtalaşdırılması, saxta əməliyyatlar aparılması kimi hərəkətləri sübut olunmur. İddiaçı tərəfindən sadalanmış əməllər eyni zamanda cinayət məsuliyyəti yaradan əməllərdir, cavabdehlərin isə bu faktla bağlı cinayət məsuliyyətinə cəlb edilməsi barədə hər hansı qərar, yekun akt və s. təqdim edilməmişdir.
23. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə səbəb Bakı şəhəri 32 saylı Notariat ofisindən ümumiyyətlə belə bir müqavilə bağlanmamasının aşkara çıxması olmuşdur.
24. Bu halda, nə qədər ki, etibarsız müqavilə hazırkı iş üzrə cavabdeh olan Notariat ofisində bağlanmamışdır, sadəcə bu etibarsızlıq faktı üzərindən həmin müqavilənin saxtalaşdırılmasına görə Notariat ofisinin cavabdehlik daşıması da hüquqa və məntiqə uyğun deyil.
25. Dolayısı ilə, müqavilənin hansı orqan, fiziki və hüquqi şəxs tərəfindən saxtalaşdırılması, etibarsız müqavilə üzrə əldə edilənlərin kimin əmlak aktivinə daxil olması aydınlaşdırılmalıdır ki, iddiaçının uğradığı zərərə görə cavabdehlik daşıyan əsl şəxs (şəxslər) müəyyən olunsun.
26. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə