Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1165/2025 14.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi, pul, öhdəliyin kreditor tərəfindən icrası, sübutetmə) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1449sİNSH/21 nömrəli kredit müqaviləsindən görünür ki, bank xx.xx.2026-cı il tarixinədək illik 29 faiz olmaq şərti ilə kredit ayırır. Kreditin limiti 100 manat məbləğdə təyin edilir, borcalana bank hesabı açır və ödəniş kartı təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.
2. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borcalanın həmin tarixə olan borc məbləği 50,44 manat əsas, 12,60 manat faiz, 7,52 manat cərimə borcu olmaqla cəmi 70,56 manat təşkil edir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50,44 manat əsas, 12,60 manat faiz, 7,52 manat cərimə borcu olmaqla cəmi 70,56 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə 100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir.
b) iddiaya etiraz
5. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
6. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2-2(102)- 575/2023 nömrəli Qərarı: “- 40. İlk növbədə qeyd edilməlidir, Ali Məhkəmədə oxşar mübahisələr üzrə çıxarılmış qərarlarda MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
12. İddianın faktiki əsaslarını maddi hüquqi əsaslar baxımından yoxlayan məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
13. Belə ki, bu qəbildən olan işlər üzrə məhkəmə təcrübəsi formalaşmışdır. Ali Məhkəmənin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərarındakı hüquqi mövqe də ondan ibarətdir ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir.
14. Göründüyü kimi, bank tərəfindən qarşı tərəfin kredit öhdəliyinin mövcudluğunu sübut etmək üçün kredit müqaviləsi və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməlidir.
15. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən iddianın əsası kimi təqdim edilən sübutlar yalnız xx.xx.2021-ci il tarixli müqavilə və bank tərəfindən birtərəfli qaydada tərtib edilmiş maliyyə arayışıdır.
16. Odur ki, nə qədər ki, kredit məbləğinin cavabdeh verilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir, bu mövcud sübutlar əsasında iddianın təmin edilməsi yolverilməzdir.
17. Belə ki, hüquqi təbiəti baxımından kredit müqaviləsi iki tərəfli, əvəzli və konsensual müqavilə olmaqla, konsensuallığı onda ifadə olunur ki, bu müqavilə üzrə hüquq və vəzifələr bu barədə razılığın əldə edilməsi ilə yaranır.
18. Müqavilənin iki tərəfli xarakterinə əsasən hər iki tərəf müqavilə üzrə öhdəliklər götürür və bir tərəfin öhdəliyinin icrası ona digər tərəfdən də öhdəliyin icrasını tələb etmək hüquq verir.
19. Məhkəmə onu da qeyd edir ki, kredit vəsaiti nağd qaydada yox, hesaba köçürülmə yolu ilə verilmişdirsə belə, müqavilənin predmetinə uyğun olaraq borcalana bank hesabı açılması, ödəniş kartının fiziki olaraq təqdim edilməsi, kreditin həmin hesaba köçürülməsi barədə sübutlar təqdim edilməli idi.
20. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
21. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə